24-02-2013 [07:05]
[/center]
Hesabatda göstərilir ki, 2012-ci ildə əməyin mühafizə qaydalarının pozulması nəticəsində neft sektorunda 59-dan çox bədbəxt hadisə baş verib. Təbii ki, bunlar NHMT-ya məlum olan və ya mətbuat vasitəsi ilə əldə edilən faktlardır. Reallıqda isə bu rəqəmlər daha çox ola bilər. Çünki bədbəxt hadisələrin çox hissəsi müəssisələr tərəfindən ictimaiyyətdən gizlədilir.
Açıqlanan məlumatlara görə, 2012-ci ildə Azərbaycanın neft sektorunda həlak olmuş işçilərin sayı 13 nəfər olub. Ötən il bu sektorda əmək xəsarəti almış işçilərin sayının 46 nəfər olduğu da bildirilir. Düzdür, bu sahədə əmək xəsarəti almış və təşkilata müraciət etmiş işçilərə, vəfat etmiş işçilərin qohumlarına hüquqi yardım göstərilib. Amma əmək xəsarətlərinin qeydə alınması və ya müavinətlərin qanunvericiliklə nəzərdə tutulan qaydada ödənilməməsi ilə əlaqədar işçilər və onların qohumlarından bir çoxu cavabdeh müəssisələrdən müxtəlif səbəblərdən çəkinir, məhkəməyə müraciət etməklə, öz hüquqlarının bərpasına nail omaq istəmirlər. Əmək xəsarəti almış və ya peşə xəstəliyinə tutulmuş işçilərə kütləvi artımın tədbiq edilməməsi ilə əlaqədar ARDNŞ, Maersk şirkəti və RCB şirkətinə qarşı Qaradağ, Nəsimi, Səbail və Bakı Apellyasiya məhkəmələrində məhkəmə mübahisələri davam edir.
[b]ARDNŞ monitorinqlərə imkan vermir[/b]
[center][lib]mirvari-qehremanl.jpg[/lib][/center]
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı "Reytinq"ə deyib ki, ötənilki qanunsuzluq bu ilin ilk aylarında da davam edir. Hüquq müdafiəçisinin sözlərinə görə, demək olar ki, onlara hər gün neftçilərin hüquqlarının pozulması ilə əlaqədar şikayətlər daxil olur: "Nə qədər ki, Azərbaycanda həmkarlar təşkilatı müstəqil deyil və işəgötürənin nəzarətindədir, vəziyyət bu şəkildə davam edəcək. Eyni zamanda, Dövlət Əmək Müfəttişliyinin də nəzarəti zəif olduğu üçün işçilərin hüquqları daha çox pozulur. 2013-cü il yeni başlayıb, yanvar ayında bayram günləri çox oldu, fevral ayı da hələ başa çatmayıb. Şükür Allaha ki, hələlik insan tələfatı haqqında məlumat yoxdur, inşallah olmaz... Hələlik gündəlik şikayətlər daxil olur, kimisə işdən azad edirlər, kiminsə iş qrafiki qanunsuz olaraq dəyişdirilir. Ancaq gün ərzində ən azı 10 şikayət qəbul edirik".
Neft şirkətində monitorinqlərin aparılmasına da imkan verilmir. M.Qəhrəmanlının sözlərinə görə, bu məqsədlə heç kimə sahələrə getmək imkanı yaradılmasa da, rəhbərlik etdiyi qurumun əməkdaşları qanunvericiliyin yerinə yetirilməsi monitorinqini aparıblar. 2012-ci ilin hesabatında da bunun nəticələri əks olunub: "Monitorinqin nəticələri göstərir ki, Azərbaycanın Əmək Məcəlləsinin 30-dan yuxarı maddəsi, "Həmkarlar haqqında" Qanunun maddələri, Beynəlxalq əmək konvensiyalarının normaları pozulur. Bəli, bizim monitorinqlərimizə maneələr yaradılır. Amma buna baxmayaraq, neft sahəsində təşkilatımızın üzvləri var, onlardan məlumat alırıq. Biz, işi əsasən yoxlanılmış ərizələr əsasında aparırıq. Ötən il 59 məhkəmə prosesimiz olub, bu proseslər zamanı lazımi sənədlər tələb edirik. Bu proseslər də bilavasitə sənədlərlə tanış olmaq, vəziyyətə daha yaxından bələd olmaq imkan verir. Həm də rəsmi surətdə şikayətlər... Kollektiv ərizələr də daxil olur ki, bu da mövcud vəziyyətə qiymət vermək imkanı yaradır".
Müsahibimiz nəzərə çatdırıb ki, bu gün Azərbaycanın neft sektorunda fəaliyyət göstərən müəssisələrin 90 faizində, əsasən də ARDNŞ-də işin daimi xarakterdə olmasına baxmayaraq, 1, 2, 3, 6 ay və 1 il müddətinə olmaqla müddətli əmək müqavilələri bağlanır. Bu isə arzuolunmaz işçilərdən yaxa qurtarmaq üçün ən asan vasitədir. Onun fikrincə, belə hallar "Azneft" İstehsalat Birliyində, "Azəriqaz"da, RCB şirkətində, "Balaxanı Oil"də, Maersk şirkətində, "Suraxanı Oil"də daha çox müşahidə edilir. Məhz bunun nəticəsində hər il yüzlərlə insan işsiz qalır.
[b]Məmura 2 min, fəhləyə 300 manat...[/b]
Dövlət Neft Şirkətində ictimaiyyətlə əlaqələr də pis təşkil olunub. M.Qəhrəmanlının sözlərinə görə, ARDNŞ-in İnsan Resursları Departamenti ilə əlaqə yarada bilsələr də, bu departament bütün məsələlərə cavab verə bilmir: "Ümumiyyətlə, ictimaiyyətə qapalı olan, ictimaiyyətlə əlaqələr qurumu olmayan təşkilat ARDNŞ-dir. Məsələn, mən bp şirkəti ilə çox rahatlıqla görüşüb, dialoqa girirəm və bir çox məsələlərin masa arxasında müzakirə ilə həllinə nail ola bilirəm. Hər bir şirkətlə problem yarananda onun hüquqşünası çalışır ki, məsələni dialoq yolu ilə həll edək. Çünki işçi hər zaman haqlı olmur. Elə hallar baş verir ki, bəzən işçi qeyri-qanuni olaraq tələb irəli sürür. Buna görə də dialoq olduqca vacibdir. Amma Dövlət Neft Şirkəti problemlərin dialoq yolu ilə həllində maraqlı deyil. Əgər buna maraqlı olsaydılar, ictimaiyyətlə əlaqələri daha yaxşı qurardılar".
ARDNŞ-in böyük struktura malik olduğunu, son bir neçə ildə səlahiyyətlərinin daha da genişləndirildiyini xatırladan M.Qəhrəmanlı deyib ki, bu qurum artıq idarəolunmaz struktura çevrilib: "Yəqin ki, yaxın müddətdə tikinti sahəsini də bu qurumun nəzarətinə verəcəklər. Ona görə də burada bir qədər qarışıq vəziyyət yaranıb. Şirkət var ki, öz fəaliyyətini tam şəffaf hesab edir, ictimaiyyətə açıq olur. Amma ARDNŞ özünü ictimaiyyətə qapadıb. Bu da onu göstərir ki, bu qurumun fəaliyyətində ciddi qüsurlar var".
Hazırda ARDNŞ-də ciddi əmək haqqı probleminin olduğunu dilə gətirən hüquq müdafiəçisinin sözlərinə görə, ümumiyyətlə, bu məsələ bütün şirkətlərdə özünü qabarıq şəkildə büruzə verir: "Bu gün ARDNŞ-də əmək haqqı çox aşağıdır. Bir müddət öncə xeyli sayda işçi əmək haqqının azlığı ilə bağlı tətil də eləmişdi. Bu tendensiya zaman-zaman bütün şirkətlərdə özünü büruzə verib. ARDNŞ prezidenti isə çıxışında əmək haqlarının yuxarı olduğunu bildirir. Amma reallıqda belə bir şey yoxdur. Bu gün neft şirkətində ədalətli əmək haqqı bölgüsü aparılmır. Fəhlələrin baza əmək haqqının həcmi 300 manatdır. Orta aylıq əmək haqqının yuxarı çıxmasının birinci səbəbi ARDNŞ-in mərkəzi aparatında işləyənlərin yüksək əmək haqqı almasıdır. Bir də ki, ağır şəraitdə işləyən işçilərə verilən əlavə ödəmələrdir. Ancaq nəzərə almaq lazımdır ki, bu, əmək haqqı deyil, əlavə ödənişdir. Bunu hesablayıb, orta aylıq əmək haqqını yüksək göstərməyə ehtiyac yoxdur. Ədalətsizlik də budur ki, ağır rejimdə işləyən fəhlə 320 manat, rahat kabinetlərdə oturan aparat işçiləri isə 1500-2000 manat alır. Mən də istəyirəm ki, əmək haqqı yuxarı olsun, amma gərək ədalətli şəkildə bölüşdürülsün, nefti çıxaran fəhlə də rahat kabinetdə oturan mühəndis qədər maaş ala bilsin".
[b]Abdullayevin narazılıq yaradan komandası[/b]
ARDNŞ-dəki ciddi narazılıqlara gəlincə, hüquq müdafiəçisi deyib ki, mövcud vəziyyət kütləvi etirazlara zəmin yaradır: "İnsan heç vaxt acı taleyi ilə razılaşmır. Hər şeyin pik həddi var. ARDNŞ-də işin saxlanması çox ağır nəticələr verə bilər. Çünki burada baş verən hər hansı problemin aradan qaldırılması üçün uzun müddət lazım olur. Bu gün ARDNŞ-də baş verənlər çoxlarını narahat edir, amma insanın bir səbr həddi var. Səbr kasası dolanda insan hər şeyə əl atır, tətil də edir, işi də dayandırır. Bu isə çox ağır nəticələr verir, hətta inqilablara da səbəb olur. Yadınızdadır ki, ötən əsrin əvvəllərində də inqilablar neft mədənlərindən başlamışdı. Ona görə də deyirəm ki, neft sahəsindəki narazılıq çox təhlükəli amilə çevrilə bilər".
Mirvari xanımın fikrincə, insanları cəzalandırmaq, işdən çıxarmaqla təhdid etməkdənsə, onlara yaxşı iş şəraiti və yüksək maaş vermək lazımdır: "Əgər bir işə götürən, onu həmin vəzifəyə təyin edən prezidentə hörmət edirsə, etimadı doğrultmalıdır. O elə çalışmalıdır ki, insanların səbr kasası dolmasın və üsyana qalxmasın. Bu dəqiqə ARDNŞ rəhbərliyinin apardığı siyasət insanları üsyana sürükləyir. Buradan da belə qənaətə gəlmək olar ki, ölkə başçısının siyasəti ilə idarə və şirkət rəhbərlərinin siyasəti üst-üstə düşmür".
Hüquq müdafiəçisi belə problemlərə görə, təkcə ARDNŞ prezidenti Rövnəq Abdullayevi ittiham etməyi doğru saymır. O, hesab edir ki, bu zaman ARDNŞ-in nəzdində olan ayrı-ayrı qurumların rəhbərləri məsuliyyətdən kənarda qalmış olurlar: "Ən çox qanun pozuntularını şirkətə daxil olan idarə müdirləri edirlər. Əgər burada təkcə Rövnəq Abdullayevi ittiham ediriksə, onlar buna sevinirlər ki, hədəfdən yayınıblar. Düşünürəm ki, bu prosesə şəxslər yox, komanda cavab verməlidir. Bizim hesabatlarımız onu deməyə əsas verir ki, bu gün ARDNŞ prezidentinin və onun komandasının apardığı siyasət düzgün deyil".
reytinqinfo.az