"Qara maskalı"lar nazirin izçisini qandalladı

img

24-02-2013 [06:23]


Dünən Şabran rayonunda qara maskalılar əməliyyat keçirib. Maskalılar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şabrandakı Tibbi Sosial Ekspert Komissiyasının yerləşdiyi binanın qarşısına qara rəngli 4 maşında gəliblər. Həmin vaxt komissiya sədri İmran Məmmədovun qəbul saatı olduğundan binanın qarşısında xeyli adam olub. Əməliyyatçılar elə həmin adamların gözü qarşısında İ.Məmmədovun başına torba keçirib özləri ilə aparıblar. Yerli sakinlərə komissiya sədrinin rüşvət aldığına görə yaxalanması deyilib. Belə bir məlumat da var ki, komissiya sədrinin tutulmasında başqa səbəblər də var. İ.Məmmədovun oğlu Həsən Məmmədov bir neçə il əvvəl narkotiklə yaxalanıb. H.Məmmədovun tutulması prokuror köməkçisi vəzifəsində çalışdığı Qobustan Rayon Prokurorluğunda baş tutmuşdu. Xidməti kabinetində narkotik maddə aşkarlandığına görə həbs edilən H.Məmmədovun barəsində başlanan cinayət işinin istintaqı zamanı maraqlı xüsusatlar üzə çıxmışdı. Həmin vaxt bu fakta görə 25 prokurorluq əməkdaşının da göz altına alındığı bildirilirdi. H.Məmmədovunn ondan götürülən heroini satış məqsədi ilə kabinetində saxlaması da qeyd olunurdu. Xatırladaq ki, son 2 ildən artıq müddətdə Füzuli Ələkbərovun nazirliyinin xeyli sayda işçisi, xüsusilə Tibbi Sosial Ekspert Komissiyasının sədrləri rüşvət ittihamı ilə həbs edilib. Bu əməliyyatlar əksər vaxt komissiya sədrlərinin xidməti kabinetlərində həyata keçirilib. Necə deyərlər, nazirin işçiləri ?iş başında?, rüşvət alarkən qandallanırlar. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə ən çox şikayət edilən dövlət orqanı da məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Füzuli Ələkbərovun adı ötən ay baş verən İsmayıllı üsyanından sonra daha çox hallanmağa başlayıb. Onun bu rayonda İH başçısı olan qardaşı Nizami Ələkbərov bir neçə gün öncə tutduğu vəzifədən uzaqlaşdırılıb. İ.Məmmədovun həbsi haqda məlumatı günün sonunda aldığımızdan hüquq mühafizə orqanlarından dəqiqləşdirmə apara bilmədik. Mövzuya qayıdacağıq. (musavat.com)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA