isgəndər Həmidov Rasim Balayevi yumruqlayıb; Kəmaləddin Heydərov nə vaxtdan bəstəkar olub?

img

18-02-2013 [04:10]


Sənətlə siyasət arasındakı məsafə bu iki sözün bənzərliyi qədər yaxın olmasa da, onların oxşarlığı da az deyil. Hətta bəzən siyasətçiləri sənət adamları ilə müqayisə edib, aktyorların teatrda, onların isə siyasi arenada müxtəlif rollar canlandırdığını deyirlər. Sabiq daxili işlər naziri, keçmiş deputat İsgəndər Həmidovla söhbətimizdə sənətlə siyasət arasındakı məsafəni tapmağa çalışdıq. Təbii ki, söhbətimizin əsas mövzusu Azərbaycan mədəniyyətinin çağdaş durumu oldu: - Azərbaycan mədəniyyəti bərbad vəziyyətdədir. Tez-tez müsabiqələrin keçirilməsi Azərbaycan mədəniyyətinin inkişaf etdiyini göstərmir. Əgər kimsə Azərbaycan mədəniyyətinin mövcud durumu ilə tanış olmaq istəyirsə, Fəvvarələr meydanına getsin. Əvvəllər orda yaxşı bir kitab mağazası vardı. Gəlin görək, həmin kitab mağazacı yerində dururmu? Təbii ki, yox. İndi kitab mağazalarının yerində geyim mağazaları fəaliyyət göstərir. Bəs, əvvəlki kinoteatrlar hardadır? "Dostluq" kinoteatrına gedəndə adam dəli olur. Kinoteatrların yerində indi kafelər fəaliyyət göstərir. Həmin kafelərdə ucuz xaş və çay verirlər. Azərbaycanın adlı-sanlı mədəniyyət ocaqları "xaşxanaların" yolunda qurban getdi. Niyə bu gün Cəfər Cabbarlı, Səməd Vurğun yetişmir? "Azdrama"da kimlərin əsəri səhnəyə qoyulur? Mən hər həftə teatra gedirəm. ?ə vaxt gedirsən, səhnədə ya Elçindi, ya da dədəsi. Onlardan başqa yazıçı-dramaturq yoxdur? Məşhur dram əsərlərinin səhnəyə gedən yolu bağlıdır. Fuad Poladov kimi bir aktyorun teatrdan uzaqlaşdırılması faciə deyilmi? Onun yaratdığı obrazlar mənim üçün tarixdir. Hər aktyor Hamleti oynaya bilməz. Niyə Ələsgər Ələkbərov, Ədil İsgəndərov kimi böyük aktyorlar yetişmir? Azərbaycan nazirləri bəstəkarlıq sənətini də qamarlayıblar. ?azirlər gedib kiməsə mahnı yazdırıb, öz adlarına çıxırlar. Cavid Qurbanov, Kamaləddin Heydərov, Hüseyn Abdullayev mahnı yazır. Kəmaləddin Heydərov nə vaxtdan bəstəkar olub? Ayıbdı, vallah! Vəzifəli şəxslər incəsənət xadimlərini ələbaxan, özlərindən asılı ediblər. Mədəniyyət adamı da ələ baxar? Əsl sənətdən söhbət düşəndə, mənim ağlıma Dədə Süleyman gəlir? Bu adamın sənətinə hansı qiymət verilib? Faiq Ağayev xalq artistidir, amma Dədə Süleymanın heç bir fəxri adı yoxdur. Əgər zəngin mədəniyyət yaratmaq istəyirsənsə, əvvəlcə mədəniyyət adamlarına qiymət verməyi bacarmalısan. [b]- Deyirlər ki, Dədə Süleyman Elçibəy hakimiyyətinin "qurbanlarından" biridir...[/b] - "Xalq artisti" adını alan adamların çoxu bu titulu daşımağa layiq deyil. Bəlkə də Dədə Süleyman özü həmin adamlarla eyni cərgədə dayanmaq istəmir. Dədə Süleyman həmişə xalqın içində olub. Bəs, Azərbaycanda "İstiqlal" ordenini kimə veriblər? Artur Rəsizadəyə. Azərbaycanın öz istiqlalına qovuşmasında bu adamın hansı xidməti olub? Abbas Abbasov da orden alıb. Orden və medalları bu qədər ucuzlaşdırmaq olmaz. Kim nisbətən müstəqildirsə, onun yubileyi keçirilmir. Qulu Xəlilov kimi yazıçının bir dəfə də yubiley keçirilməyib. İsmayıl Şıxlı da həmçinin. Xudu Məmmədovun yubileyini Nyu-Yorkda keçirirlər, amma Azərbaycanda heç kim onu yada salmır. ?urəddin Rzayev kimi bir ziyalıya "İstiqlal" ordeni vermədilər. ?iyə? Niyəsini hamı yaxşı bilir. Budur, Azərbaycan mədəniyyətinin mövcud durumu! Bilirsiniz, əsas problem nədir? Azərbaycanda çox adamın sözü ilə əməli üst-üstə düşmür. Kaş, Azərbaycan şairlərinin, yazıçılarının əməlləri yazdıqları ilə üst-üstə düşəydi. Kaş onların yazılarını oxuyaydım, amma özlərini tanımayaydım. [b]- Niyə bu qədər bədbinsiniz?[/b] - Çünki bu adamları tanıyanda, "bütlər" sınır. Süleyman Abdullayev incəsənət xadimidir, onun da öz hissi var. Fəxri adlardan, mükafatlardan imtina etmək hər adamın işi deyil... [b]- Amma vaxtilə Sabir Rüstəmxanlı "Şöhrət" ordenindən imtina etmişdi...[/b] - Belə adamlar barmaqla sayılası qədər azdır. Sabir Rüstəmxanlı imtina etdi, amma Əkrəm Əylislinin fəxri adını əlindən aldılar... [b]- Fəxri adlardan imtina məsələsi dəfələrlə gündəmə gəlib. Amma heç kim bu addımı atmağa cəsarət etmir. Sizə elə gəlmir ki, kimsə nümunə göstərməlidir?[/b] - Kaş, həmin adamların bu addımı atmağa cəsarəti çataydı. Kaş, bunu edə biləydilər. Torpağı erməni tapdağı altında olan şairə "Şərəf" ordeni verilir. Halbuki vətən, torpaq adamın şərəfi deməkdir. Həmin şair də bu ordeni alıb bəh-bəhlə taxır döşünə. Amma bir nəfərin həmin ordeni geri qaytarmağa cəsarəti çatmır. Heç kim demir ki, erməni torpağımı işğal etməklə, mənim şərəfimi tapdalayıb. [b]- Adamlar var ki, fəxri ad almaq üçün hətta satqınlıq da edir...[/b] - Mən hardan alım Cəfər Cabbarlını, Müşfiqi, Sabiri, Cəlil Məmmədquluzadəni? Bu adamların həyatı çox acınacaqlı olub. Dözüblər, amma satılmayıblar. Deyirlər ki, filankəsi satın aldılar. Heç kim başqasını satın almır. O, özünü satmağa hazırdır ki, bazara çıxıb. Satılmaq istəməyən adamı heç kim satın ala bilməz. [b]- Sözlərinizdən belə çıxır ki, Rasim Balayev satılmağa hazır idi...[/b] - Mən Rasim Balayev kimi adamlara başqa prizmadan baxıram. Bu adam "rol"a girib, hələ də çıxa bilmir. Bir dəfə Rasim Balayev əlində toppuz, üzü tük içərisində "Dədə Qorqud" filminin çəkilişindən gəlirdi. Mübahisəmiz düşdü, bir yumruq vurdum, girdi "Qaz-24" avtomobilinin altına, çıxa bilmədi. Saçından tutub avtomobilin altından çıxardım. Toppuzuna da bir təpik vurdum, qalxdı göyə, o vaxtdan bu günə kimi hələ özünə gələ bilmir. Mən onlara həyatın tullantıları kimi baxıram. [b]- Bir qrup sənət adamı var ki, hələ də Elçibəy hakimiyyətinin ağrısını çəkirlər. Onlar dövlətin verdiyi fəxri adlardan, mükafatlardan məhrumdurlar...[/b] - Bu sual yadıma bir hadisəni saldı. Bir dəfə parlamentin iclasında Məlik Dadaşov çıxış elədi. Onu Qəmlo rolunda çox bəyənmişdim. O, çıxışında bizim hakimiyyəti yıxıb-sürüdü. Dedi ki, guya bizim incəsənətdən başımız çıxmır. Dedim ki, dünyanın heç bir yerində "Xalq yazıçısı", "Xalq artisti" fəxri adı yoxdur. Bunlar sovetdən qalan adlardır. Mən orda Məlik Dadaşova ağır cavab verdim. Demək istədiyim odur ki, gərək insan özü öz ləyaqətini qorusun. Mənliyi olan adamı heç kim təhqir edə bilməz. O vaxt Fuad Poladov bizi saymadı, mənliyini saxladı. O, indi də öz mənliyini qoruyur. Mən Fuad Poladov kimi bir sənətkarın qarşısında baş əyirəm. Özüm onun arxasınca getmişəm. Həsən Turabovun obrazları və mənliyi birdir. Bu gün onun kimi aktyorlar azdır, bəlkə də yoxdur. [b]- Yəni, demək istəyirsiniz ki, sənət və şəxsiyyət bir-birini tamamlamalıdır...[/b] - Kaş, sənətkarların hamısı həm də şəxsiyyət sahibi olaydı. Bax, bütöv şəxsiyyət sahibi olan sənətkarlardan biri Fuad Poladovdur. Şairlərimiz var, şeirini oxuyub ləzzət alırsan. Özünü tanıyandan sonra ondan zəhlən gedir. Deyirsən ki, bu qədər ikiüzlü, yaltaq adam olar? Tomrisdən yazan adam deyir ki, filankəs sağ olsun, mənə şərait yaradıb. Əfsuslar olsun ki, bizdə sənət ayrı, şəxsiyyət tamam ayrıdır. Şair var ki, vətən haqqında yazır, adam istəyir ürəyini çıxarıb ona versin. Sonra isə şəxs haqqında yazır. Adam istəyir ki, baltanı götürüb, onun başını iki yerə bölsün. Vaxt vardı, Eiçibəydən yazırdılar. Hakimiyyət dəyişən kimi onların şeirlərindən Elçibəyin adı çıxarıldı. Hamısının qələminin dövranı döndü. Bir Ramiz Rövşəndən başqa. [b]- Vahid Əziz isə Sizə görə kənarda qaldı...[/b] - Bəli, mənə görə onu kənarda saxlayıblar. Bizim vaxtımızda da işləmədi, mənliyini, kişiliyini saxladı. O, hərəkətləri ilə Vahid Əziz olduğunu təsdiqlədi. [b]- Amma bəzi sənət adamları var ki, efirlərdə gecə-gündüz xalqa dərs keçirlər...[/b] - Onlar əxlaq deyil, əxlaqsızlıq dərsi keçirlər. Bu, məqsədyönlü şəkildə düşünülmüş hərəkətdir. Mənəviyyatını, əxlaqını itirmiş xalqı idarə etmək asandır. Uşaq gözünü açıb efirdə Aygünü və Faiqi görür. Deyir ki, mən də onlara oxşamaq istəyirəm. Bəs, onlara efirə çıxmaq imkanını kim yaradır? Təbii ki, bu məsələdə ən çox maraqlı olan elə hakimiyyətin özüdür. Televizorda işləyənlər kimlərdir? Orada kişi, qadın anlayışı artıq yoxdur, itib. Mənəviyyat itib, efirə tamamilə iyrənc bir forma gətirilib. Bir gün gələcək ki, tarixçilər təhqiqat aparacaq. Baxacaqlar ki, "Şöhrət" ordeni Faiq Ağayevə, "Şərəf" ordeni isə Brilyant Dadaşovaya verilib. Ən dəhşətlisi həqiqətin kağız üzərində, efirdə danışılanların isə "Qızıl fond"da qalmasıdır. Xalqa qiymət onların əli ilə verilir. Ən qorxulusu da budur. Bu gün Azərbaycanda böyük faciə yaşanır. Qızına oğlan, oğluna qız tapa bilmirsən. Hamısı televiziyaların təbliğ etdiyi əxlaqsızlığın nəticəsidir. Bunlar bizim uşaqlarımızı pozurlar(Reytinqinfo.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA