Yol polisi sürücülərə plyonkalarla bağlı müraciət etdi

img

13-02-2013 [12:50]


Bakıda, eləcə də respublikanın digər rayon mərkəzlərində və rayonlararası yollarda nəqliyyat vasitələrini qadağan olunmuş pərdə və plyonkalarla idarə edən sürücülərə qarşı reydlərə start verilib. Bu barədə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ANS PRESS-ə məlumat verib. ?Nəqliyyat vasitələrini tətbiqinə icazə verilməyən örtüklərlə idarə edən sürücülər birmənalı olaraq bilməlidirlər ki, həmin pərdə və plyonkalar nəqliyyat vasitələrinin istismarının qadağan olunmasına səbəb olan nasazlıqlar siyahısına aid olduğundan, bu nasazlıq yerində aradan qaldırılması mümkün olmursa, həmin nəqliyyat vasitələri mühafizə olunan duracağa yerləşdirilir və həmin sürücülər İnzibati Xətalar Məcəlləsinin 155-ci maddəsinə (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) müvafiq olaraq 50 manat miqdarında cərimə olunurlar. Nəqliyyat vasitələri isə yalnız o nasazlıqlar aradan qaldırıldıqdan və həmin sürücüyə inzibati tənbeh verildikdən sonra mühafizə olunan duracaqlardan buraxılır? - deyə K.Əliyev bildirib. Yol Polisi İdarəsinin şöbə rəisi sürücülərə bu nasazlıqları təcili aradan qaldırmağı tövsiyə edib. "Sürücülərə tövsiyə edirik ki, ümumiyyətlə, öz avtomobilində tündləşdirmə həddi təyin olunmuş şüşələrə plyonkalar vurubsa və ya sənaye üsulu ilə hazırlanmayan digər tünd şüşələrdən istifadə edibsə, təcili bu çatışmazlıq və nasazlıqları aradan qaldırsınlar. Əks halda həmin sürücülər məsuliyyətdən kənarda qalmayacaqlar", - deyə Əliyev vurğulayıb. Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 12-də Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda yekun çıxışı zamanı avtomobillərdən plyonkaların yığışdırılması tapşırığını verib. Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanunda sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilib. Bu qanunun tələblərinə əsasən, işıqburaxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir. Qanunun tələbinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA