09-02-2013 [04:50]
Laçın rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbraylovla rayon təhsil şöbəsinin sabiq metodisti Müqabil Baxışov arasında bir ilə yaxındır davam edən qalmaqal yeni müstəviyə çıxıb.
Bu barədə mia.az-a şikayət yazan M.Baxışovun sözlərinə görə, icra başçısının təzyiqi ilə işdən azad olunduqdan sonra, qondarma ittihamla həbs edilməsi haqda yazdığı şikayətlər icra başçısı Ramiz Cəbrayılovu yenidən böhtanlara əl atmağa sövq edib: ?Rayon İcra Hakimiyyəti yenidən, özü də tamamilə əsassız açıqlamalar yaymaqla, ictimaiyyətin və hakim dairələrin diqqətini əsl həqiqətdən yayındırmağa çalışır. Baxın, fevralın 9-da ?Bolgexeber? internet saytında Laçın rayon İcra Hakimiyyəti Aparatının mətbu orqanlarda gedən yazılarımla bağlı çox biabırçı bir açıqlaması dərc olunub. Əslində, həbsimin sifarişçiləri bu açıqlama ilə dediklərimin doğru olduğunu təsdiqləyiblər. Əgər həbsim R.Cəbrayılovun sifarişi ilə olmasaydı, İcra Aparatı onu da yazardı ki, iki dəfə ardıcıl müayinədən sonra Müqabil Baxışova sərxoş olmaması barədə verilmiş həkim rəyinə tapşırığımızla üçüncü həkim rəyi də əlavə olunub. Gülünc olsa da, uzun illər Təhsil Şöbəsinin metodisti işləmiş şəxs olaraq, məni guya sərxoş vəziyyətdə xuliqanlıq törətməkdə ittiham ediblər. Yenə də soruşuram, eyni vaxtda üç dəfə müayinədən keçməyimin səbəbi nə idi? Yaxşı olar ki, icra başçısı buna da aydınlıq gətirsin, görək, mənim həbsim onun sifarişi deyildisə, onda nə maraq var idi ki, mənim və zərərçəkmiş kimi ortaya atdıqları V.Mehdiyevin vəkili olmaya-olmaya, sizin vəkiliniz kimi hamının tanıdığı Nüşabə xanım ?meydan?da idi? Niyə mənim həbsimin təfərrüatları barədə Ramiz Cəbrayılovun vəkilinə polis rəisi M.Kərimovun 05.06.2012-ci il tarixli rəsmi arayışı verilib? Bəlkə Ramiz müəllim desin ki, M.Baxışov Ağcabədi polisi tərəfindən həbs olunduğu üçün canıyananlıq edib, öz vəkilinə material toplatdırıb? Heç olmasa, mənə və irəli sürdüyüm faktlara cavab yazanda, bu eybəcərliklərinizi unutmayın?.
Keçmiş metodist həbsdən azad olunduqdan sonra icra başçısı ilə aralarındakı gizli görüşə də toxunub: ?Mənə bu cavabı yazan məmurun kimliyi də məlumdur. Çox istərdim ki, mənə verilən cavabda şərti cəza ilə azadlığa buraxılandan sonra polis rəisi M.Kərimovla rəis müavini Razil müəllimin ağsaqqallığı ilə Ramiz Cəbrayılovla olan görüşümüz və orada edilən söhbətlərə də toxunardılar. Etiraf edim ki, R.Cəbrayılov bu cavabı yayan məmurdan on dəfə yaxşı insandır. Aramızda olanlara baxmayaraq, görüşümüz zamanı Ramiz Cəbrayılov həbsimin sifarişçısi və sonradan azadlığa buraxılmağımın səbəbkarı olduğunu kişi kimi etiraf etdi?.
Sonda şikayəti yazıb ki, elə aralarında olan həmin gizli görüş səbəbindən bir ox məsələlərə indiyə qədər toxunmayıb: ?Amma görürəm ki, mənim nəyinsə xatirinə susmağım kimlərinsə cürətlənməsinə rəvac verib. Bu gün söz verirəm, tezliklə cəmiyyəti şoka salacaq faktlar açıqlayacağam. Mənə də maraqlıdır ki, həmin faktları cəmiyyətə necə izah edəcəksiniz?. O zaman bu da bilinəcək ki, R.Cəbrayılovun hesabına rayonda xan kimi dolanıb, Bakı şəhərində neçə yerdə villa sahibi olan, amma arxada xəyanətkarlıqla məşğul olan biri və biriləri, əslində, hansı işlərlə məşğul olublar?.
Xatırladaq ki, bu gun Laçın rayon İcra Hakimiyyəti Başçısı Aparatı M.Baxışovun bəzi kütləvi informasiya vasitələrində müraciətləri ilə bağlı belə bir açıqlama yayıb: ?Yazılı mövqedə bildirilir ki, 2012-ci il iyunun 18-də Laçın rayonunun Şeylanlı kənd sakini Müqabil Baxışov sərxoş vəziyyətdə Ağcabədi rayon "Aqroinvest" Kredit İttifaqının Ağcabədi rayon filialına gələrək filialın müdiri vəzifəsində işləyən Vidadi Mehtiyevi söyüb təhqir edərək ona xəsarət yetirmiş, idarədə yerləşən əşyaları dağıtmış, V.Mehtiyevə 300 manat dəyərində maddi ziyan vurmaqla, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, özgənin əmlakın qəsdən məhv edərək qərəzli hərəkətlər etmişdir. Bundan başqa Müqabil Baxışov 18 iyun 2012-ci il tarixdə Ağcabədi rayon polis şöbəsinin inzibati binasının qarşısında olan gecə işıqlandırıcı dirəyini sındırmışdır.
Faktla bağlı Ağcabədi RPŞ-də elə həmin gün CM-nin 221.1-ci maddəsi ilə cinayət işi başlanmış, Baxışov Müqabil Baxış oğlu CM-nin müvafiq maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs qismində tutulmuşdur. 20 iyun 2012-ci il tarixdə Müqabil Baxışovun cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 221.2.2 və 221.3-cü maddəsinə tövsif edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində Ağcabədi rayon məhkəməsi tərəfindən 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.
12 sentyabr 2012-ci il tarixdə Müqabil Baxışova törətdiyi əmələ görə Azərbaycan Respublikası CM-nin 221.2.2 və 221.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. 2012-ci ilin sentyabrın 15-də Müqabil Baxışov barəsində istintaq edilən cinayət işi itihham aktıyla bərabər Ağcabədi Rayon Məhkəməsinə göndərilmişdir. 31 oktyabr 2012-ci il tarixdə Baxışov Müqabil Baxış oğlu Ağcabədi Rayon Məhkəməsi tərəfindən CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib barəsində 1 il 6 ay sınaq müddəti olmaqla 3 il şərti cəzaya məhkum olunmuşdur. Bu gün onun əsassız olaraq müxtəlif instasiyalara şikayət etməsinin başlıca səbəblərindən biri də cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır?.