Heydər Parkındakı tikinti YAP-çıları da ayağa qaldırdı

img

31-01-2013 [11:41]


İcra başçısı Vilyam Hacıyevin bəzi hallarda səlahiyyətlərini həyata keçirən tanınmış iş adamı Tofiq İsayevin rayondakı 5.5 hektarlıq Heydər Parkının 3 hektara yaxın ərazisində tikinti işlərinə başlaması ciddi narazılıq yaradıb. Camaatın istirahət məkanı sayılan bu parkda uzunluğu 100 metrdən çox olacaq 8 mərtəbəli binanın artıq fundamentinin qazılmasına başlanıldığını bildirilən sakinlər bununla bağlı ölkə prezidenti İlham Əliyevə də müraciət ediblər. Sakinlərin ?Reytinq?ə verdiyi məlumata görə, təxminən 2500 kv.metr ərazini əhatə edəcək ?Q? şəkilli binanın artıq 4-5 metr dərinliyində fundamentinin qazıntı işlərinə başlanılıb. Həmin işlərə rayonun büdcə təşkilatlarının, əsasən də rayon su idarələrinin texnikalarının cəlb edilməsi isə göstərir ki, Tofiq İsayev İmişlinin real sahibidir: ?Tofiq İsayevin pulunun gücünə rayonda bir çox məsələlərdə, o cümlədən kadr təyinatı, təmir-tikinti və sair məsələlərdə həlledici söz sahibi olduğu fakt idi. Amma onun bu qədər irəliyə gedəcəyini kimsə düşünə bilməzdi. Bu biznesmen o qədər irəli gedib ki, artıq Heydər Əliyevin adına olan parka da sahiblənməkdən çəkinmir. Maraqlı burasıdır ki, icra başçısı Vilyam Hacıyev onun istəklərinin qarşısında acizdir. Bunun səbəbinin nə olduğu dəqiqliyi ilə bizə bəli deyil. Amma görünən odur ki, onların arasında elə məsələlər var ki, başçı Tofiq İsayevin istəklərinə qarşı çıxa bilmir. Bu isə rayondakı narazılığı daha da alovlandırır. İnanın, əgər bu rayonda İsmayıllı hadisələrinə bənzər hadisə baş verərsə, təkcə buna sıravi, kasıb camaat deyil, məmurlar, YAP-çılar da qoşulacaq. Çünki parkdakı son hadisələr YAP-çıların da kəskin narazılığına səbəb olub. Lakin onlar çaxnaşma düşməsin deyə, hələlik susurlar. Tofiq İsayev isə parkın 3 hektar ərazisində 8 mərtəbəli guya 5 ulduzlu olacaq hotel tikdirir. Ancaq adı 5 ulduzlu otel olacaq binanın 2-3 mərtəbəsinin şadlıq evi, sauna olacağı da indidən deyilir?. Sakinlər deyirlər ki, hazırda Tofiq İsayevin parkdakı tikinti işlərinə su idarələrinin maşın və texnikaları tam səfərbər olunub: ?Bu azmış kimi, su idarəsinin icraçıları da orada işləyirlər. Tofiq İsayevin qardaşı Qasım Qasımov isə ümumi rəhbərliyi həyata keçirir. Məsələnin ən maraqlı tərəflərindən biri də odur ki, bu tikinti işində büdcə vəsaitlərinin talanmasının başqa bir forması da həyata keçirilir. Belə ki, Tofiq İsayevə məxsus tikintidə texnika və maşınlara verilən yanacaqda su idarələrinin rəisləri tərəfindən təmin edilir. Görəsən, bundan ?Meliorasiya və Su Təsərrüfatı? ASC-nin sədri Əhməd Əhmədzadənin, həminin Baş Prokurorluğun xəbəri varmı? Varsa, niyə bu qanunsuzluqlara göz yumaraq, büdcə vəsaitləri ilə Heydər Əliyevin adına olan parkın mənimsənilməsinə şərait yaradırlar??. Həmin 8 mərtəbəli otelin sənədləşdirilmə prosesinə toxunan sakinlər deyirlər ki, bu fakt araşdırılmalıdır: ?İmişlidə keçmiş başçı Əbülfəz Ağayevin dövründən park satma əməliyyatı həmişə olub. Doğrudur, Əbülfəz Ağayev sərəncam verəndə paralel olaraq parkın ərazisinin başqa bir əraziyə köçürülməsini ?təmin? edən digər bir sərəncam da imzalayırdı. Bununla o, özünü sığortaladığını düşünürdü. İndi Tofiq İsayevin 8 mərtəbəli tikdirdiyi obyektin ərazi 7 sahibkarın mülkiyyətlərinin əllərindən alınmasına səbəb olub. Yeni icra başçısı Vilyam Hacıyevin bunu necə sənədləşdirilməsi, əlbəttə, araşdırılmalıdır. Onsuz da qısa müddətdə bu bilinəcək. Biz imişlilər bütün bunlarla yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən tələb edirik ki, satılmış parklardakı yaşıllıqların məhv olunması, ağacların kütləvi kəsilməsi faktlarına sərt münasibətlərini ortaya qoysunlar. Düzdür, hamı bilir ki, Ekologiya Nazirliyi və bu nazirliyin bölgə rəhbərləri ancaq evini qızdırmaq üçün yulğun ağacları kəsən kasıbları cəzalandırır. Ona görə də hamı deyir ki, nazir Hüseynqulu Bağırov Tofiq İsayevə bata bilməz, o, kasıbların düşmənidir?. Sonda ölkə rəhbərliyindən Heydər parkının ərazinin satılması və oranın ərazisinin kiçildilməsi faktı ilə yaxından maraqlanmaları xahiş olunub: ?Əgər sizlərin Heydər Əliyevə hörmətiniz varsa, faktı obyektiv araşdırın. Əvvəlki şikayətlər kimi, İcra hakimiyyətinə üzərinə ?baxılsın və şikayətçilərə məlumat verilsin? yazıb göndərməyin. Özünüz araşdırın, o zaman görəcəksiniz ki, biz sakinlər şikayətlərimizdə nə dərəcə haqlıyıq?. Yazıda adları hallanan tərəflərin mövqeyini də dərc edə bilərik. Reytinq

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA