25-01-2013 [04:41]
Bu gün Azərbaycan Respublikası Hərbi Prokurorluğunda mərkəzi aparat işçilərinin, Naxçıvan Muxtar Respublikası və ərazi hərbi prokurorlarının iştirakı ilə 2012-ci ildə görülmüş işlərin və cari ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən baş prokurorun müavini ? hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev qeyd edib ki, ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olmub, hesabat dövründə qeydə alınmış cinayətlərin 99,3 faizi açılıb.
Hərbi prokuror qeyd edib ki, 2011-ci ilə nisbətən ötən il Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qeydə alınmış cinayətlər 0,4 faiz, hərbi xidmət əleyhinə cinayətlər 1,5 faiz, o cümlədən tabelik qaydaları əleyhinə olan cinayətlər 6,7 faiz, hərbi xidmətdən yayınma 4,3 faiz, fərarilik cinayətləri 35 faiz, hərbi hissəni və xidmət yerini özbaşına tərketmə cinayətləri 4,4 faiz, hakimiyyətdən sui-istifadə etmə cinayətləri 20 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 40,7 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 50 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 4,8 faiz, silahlı birləşmələrdə ölüm halları 2,3 faiz, o cümlədən qəsdən adam öldürmə 8,7 faiz azalıb. Hərbi hissəni və xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə halları baş verməyib. Hərbi birləşmələrdə törədilmiş bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub. Bu növ cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla qarşılıqlı sağlam və işgüzar əlaqələrinin yaranması, habelə birgə tədbirlərin çox böyük əhəmiyyəti olub. Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulmuş silahlı birləşmələrdə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə, silahla və ya ətrafdakılar üçün təhlükə törədən əşyalarla davranış qaydalarını pozma, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri artıb.
Respublika Hərbi Prokurorluğu tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və bölmələrində aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri onlara hərbi?həkim komissiyalarının rəylərinə əsasən çağırışdan qanunsuz möhlət verilməsi və çağırışçıların valideynlərindən rüşvət alınması ilə bağlı Bakı şəhərinin Binəqədi, Sumqayıt şəhər, Gəncə şəhərinin Nizami və Kəpəz rayonları, Lənkəran şəhər və digər rayon şöbələrinin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) və 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə başlanmış cinayət işlərinin istintaqı yekunlaşaraq baxılması üçün hərbi məhkəmələrə göndərilib, həmin işlər üzrə ittiham hökmü çıxarılıb.
Hesabat dövründə hərbi prokurorluq orqanları törədilmiş cinayətlər nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın 99,5 faizinin istintaq zamanı ödənilməsini təmin edilib.
Xüsusi vurğulanıb ki, 2012-ci ildə hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı tamamlanmış, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib.
Ötən il hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 74 nəfər tapılıb istintaqa cəlb edilib. Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 138 yoxlama keçirilib, nəticədə 2443 qanun pozuntusu aşkar edilib, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 351 təqdimat göndərilib, 141 nəfərə xəbərdarlıq edilib, 52 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 141 yazılı göstəriş verilib, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 26 qanunsuz qərar ləğv olunub.
Kollegiya iclasında təhqiqat orqanlarının fəaliyyətində aşkar edilmiş nöqsanlar və qanun pozuntuları konkret misallarla təhlil edilib. Hərbi prokuror ərazi hərbi prokurorlarından bu sahədə görülən işin səmərəliliyinin artırılmasını və ilkin təhqiqatın tam, hərtərəfli və keyfiyyətli aparılması üçün prokuror nəzarətinin daha da gücləndirilməsini tələb edib.
Hesabat dövründə dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya hərbi məhkəmələrinin hökm və qərarlarından verilmiş 56 apelyasiya protestinin 55 faizi təmin olunub.
Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə hesabat dövründə 216 məhkəmə prosesi səyyar qaydada keçirilib.