Əli Həsənov: "Təqsirkarlar öz layiqli cəzalarını alacaqlar?

img

24-01-2013 [03:39]


"İsmayıllıda baş verən hadisənin təqsirkarları öz layiqli cəzalarını alacaqlar". Bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov İsmayıllı rayonunda baş vermiş hadisəyə münasibət bildirərkən deyib. "Hadisənin günahkarları artıq saxlanılıb, lazımi istintaq əməliyyatı aparılır və şübhəsiz ki, təqsirkarlar öz layiqli cəzalarını alacaqlar", - Həsənov deyə söyləyib. PA rəsmisi onu da bildirib ki, bəzi maraqlı siyasi qüvvələr və onlara məxsus informasiya vasitələri həmin olayı qızışdırmaq və idarəolunmaz məcraya yönəltməyə cəhd edirlər. "İnsanlardan öz məqsədləri üçün istifadə etməyə, yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarına qarşı qeyri-qanuni hallar yaratmağa, ictimai-siyasi vəziyyəti gərginləşdirməyə, dövlət orqanlarının fəaliyyətini iflic etməyə, həmçinin dövlət orqanlarına, vətəndaşlara, ictimai və şəxsi mülkiyyətə ziyan vurmağa cəhdlər göstərirlər", - PA rəsmisi bildirib. Həsənov rayon əhalisini belə təxribatlara qoşulmamağa və təxribatçılara qarşı ciddi iradə nümayiş etdirməyə çağırıb: "Bu olayın səbəbkarları və hadisədən öz şəxsi məqsədləri üçün istifadə etməyə çalışanlar ciddi cəza alacaqlar. Belə hadisələrdən istifadə etməklə, hakimiyyət orqanlarını öz qanuni funksiyalarını yerinə yetirməkdən, ictimai asayişi və vətəndaşların təhlükəsizliyini təmin etməkdən çəkindirə bilməyəcəklər. Düşünürəm ki, həmişə dövlətçiliyə sədaqəti ilə seçilən və qanunçuluğa hörmət bəsləyən İsmayıllı əhalisi bəzi təxribatçı qüvvələrin onlardan vasitə kimi istifadə edərək öz subyektiv ambisiyalarını həyata keçirmələrinə imkan verməyəcək".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA