Azərbaycanda gənclərin sosial təminatının gücləndirilməsi ilə bağlı qanunvericiliyə dəyizikliklər hazırlanıb

img

15-01-2013 [12:35]


Azərbaycanda 2013-cü ildə gənclərin sosial təminatının gücləndirilməsi sahəsində qanunvericiliyə dəyişikliklər ediləcək. Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsindən Trend-ə bildirilib ki, qurum tərəfindən "Gənclər siyasəti haqqında" qanuna dəyişikliklər hazırlanıb. Dəyişikliklərdə sosial ipotekanın şərtlərinin asanlaşdırılması, internat və uşaq evlərindən olan məzunların yaşayış və işlə təmin edilməsi sahəsində mexanizmlərin təkmilləşdirilməsi, emalatxanaların, sərgi salonlarının gənclərə imtiyazlarla verilməsi və bir sıra digər məsələlər öz əksini tapıb. "Gənclər siyasəti haqqında" qanunun təkmilləşdirilməsi üçün BMT-nin texniki dəstəyi ilə Azərbaycana beynəlxalq ekspertlər dəvət edilib və onların dəstəyi ilə qanun yenidən təhlil edilib. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrası ilə bağlı hazırlanan dəyişikliklər artıq bütün müvafiq dövlət qurumları ilə razılaşdırılıb. Millət vəkili Fuad Muradov da Trend-ə açıqlamasında gənclərin sosial təminatının gücləndirilməsi ilə bağlı artıq fevral ayından başlayaraq Milli Məclisdə müzakirələrin aparılacağını bildirib. O qeyd edib ki, qanunvericilik gənc ailələrə dövlət tərəfindən dəstəyin artırılması istiqamətində təkmilləşdirilməlidir. Eyni zamanda, deputat vurğulayıb ki, qanunvericiliyə edilən dəyişikliklərin yerli icra orqanları tərəfindən həyata keçirilməsində problemlər yaşanır. "İcra orqanları gənclər sahəsində qəbul olunan qanunları həyata keçirməyə məcbur edilməlidir. Əks halda gənclərlə bağlı təşəbbüslərin, görülən işlərin nəticəsi istənilən səviyyədə olmayacaq", - Muradov deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA