13-01-2013 [11:07]
Müsavat başqanı İsa Qəmbərin korteji yanvarın 13-də Lənkəran şəhərində hücuma məruz qalıb. Partiyadan verilen məlumatda bildirilir ki, İsa Qəmbər Müsavat Partiyasının zona müşavirəsində iştirak etmək üçün Lənkəran şəhərinə gedib.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı hadisənin təfərrüatları ilə bağlı Musavat.com-a açıqlama verib. O, bildirib ki, İsa Qəmbər və onu müşayiət edən şəxslər səhər saatlarında Lənkərana yollanıblar: ?Lənkərana çatanda məlum oldu ki, bayram tədbirinin keçirilməsi üçün ayrılmış yerin sahibi müsavatçılardan tədbirin keçirilməməsini xahiş edib. Bundan sonra başqa yer tapılıb. Lakin bir neçə saat sonra həmin yerin də sahibləri tədbirin keçirilməsindən imtina ediblər. Ona görə də tədbiri müsavatçılardan birinin həyətində keçirmək qərarına gəldik. Lənkərana daxil olanda bizi yol polisi əməkdaşları saxladılar və müxtəlif bəhanələrlə ləngitdilər. Sənədləri yoxlamaq adı ilə bizi təxminən yarım saat saxladılar. Yol polisi əməkdaşlarından ayrıldıqdan təxminən 10 dəqiqə sonra, Lənkəranın girişindəki dairədə CİP avtomobili İsa Qəmbərin maşınının qarşısını kəsdi və bundan sonra 50-100 nəfər adam maşınlara, xüsusilə, İsa Qəmbərin olduğu maşına hücum etdilər. Maşının şüşələrini, güzgüsünü sındırdılar, təhqiramiz ifadələr işlətdilər. Müsavat Partiyası Gənclər təşkilatının üzvləri, Müsavat fəalları ilə həmin adamlar arasında ciddi qarşıdurma oldu?.
Arif Hacılı baş verənləri İsa Qəmbərə qarşı sui-qəsd cəhdi kimi qiymətləndirir. Onun sözlərinə görə, hadisə yerində polis əməkdaşları olsalar da, onlar baş verənlərə müdaxilə etməyiblər, şəhərin əsas yolundakı quldurluğun qarşısını almağa çalışmayıblar. Qarşıdurma zamanı Müsavat Partiyası başqanının müavini Gülağa Asalanlı ciddi xəsarət alıb və hazırda ona tibbi yardım göstərilir. Hadisə zamanı çəkiliş aparan jurnalist Mehman Kərimli mülki şəxslər tərəfindən naməlum istiqamətdə aparılıb.
Müsavat rəhbərliyi qarşıdurmanın qarşısını almaq üçün ərazidən uzaqlaşıblar. Lakin hücum edənlərə məxsus avtomobillər yolda da İsa Qəmbərin maşınını izləməyi, hücumları davam etdiriblər. Arif Hacılının sözlərinə görə, hadisə barədə 102 xidmətinə məlumat verilsə də, hələlik heç bir reaksiya yoxdur.
Lənkəranı tərk edən Müsavat nümayəndələri Masallı rayonuna doğru hərəkət edərkən növbəti hücumla rastlaşıblar. Nəticədə Müsavat fəalları Sevinc Hüseynova və Elman Fəttah xəsarət alıblar. Elman Fəttahın avtomobilinə də ziyan vurulub.
***
Jurnalist Mehman Kərimov basqıncılar tərəfindən qəddarlıqla döyülüb. Hadisə yerindən qacırılan jurnalist hadisə yerindən xeyli uzaq bir ərazidə bir necə şəxs tərəfindən döyüldükdən sonra buraxılıb. Mehman Kərimovun vəziyyətinin ağır olduğu bildirilir.
***
Müsavat başqanın müavini Gülağa Aslanlı AzadlıqRadiosuna hadisə ilə bağlı açıqlama verib: ?İsa Qəmbər, Arif Hacılı, Arzu Səmədbəyli, Sevinc Hüseynova, Valeh Hümmətoğlu və mən Lənkəranın girəcəyində hücuma məruz qaldıq. Bir neçə maşın bizim maşınların qarşını kəsdilər. Öyrədilmiş insanlar bizim maşınlara hücum edib, biz təhqir elədilər. Maşınlarımızı əzdilər və bizi ölümlə hədələdilər. Maşından çıxıb İsa Qəmbərin maşınını qorumaq istəyəndə maşını mənim ayağımın üstünə sürdülər. Bundan sonra geri qayıtmaq məcburiyyətində qaldıq?.
Gülağa Aslanlı deyir ki, hazırda onlar zədəli maşınlarla Bakıya qayıdırlar:
?Arxada və qarşıda içi adamla dolu bir neçə maşın var. Onlar bizim Lənkərandan çıxmağımızı gözləyirlər. Onlar arasında mülki geyimli polislər də var. Yol boyu maşınlar dayanıb. Onların içində kifayət qədər öyrədilmiş qadınlar var idi. Onlar özlərini maşınların qabağına atırdılar, müxtəlif əşyalarla maşınlara vururdular. Yumurta atırdılar. Şəxsən mənə o yumurtadan ikisi dəyib. Eşidirsiz, bu dəqiqə də bizə hücum edirlər, yəqin maşınımıza dəyən zərbələrin səsini eşidirsiniz? İndi bizə Qumbaşı yolunda hücum oldu. Zədəli maşınlarla geri qayıdırıq. Bütün bunlar Azərbaycanda demokratiyanın hansı səviyyədə olduğunu göstərir?.
***
Müsavat Partiyası Lənkəranda baş vermiş hadisəni hakimiyyət tərəfindən təşkil edilən növbəti təxribatın olduğunu bəyan edib. Partiya hesab hesab edir ki, hakimiyyət bu yolla ölkədə başlanan demokratik hərəkatın qarşısını ala bilməyəcək. Müsavat Partiyası yaxın saatlarda hadisə ilə bağlı mövqeyini açıqlayacaq.
Gunxeber.com-un əldə etdiyi məlumata görə, İ.Qəmbər və onu müşayiət edən şəxslərin maşınları Bakıdan çıxan kimi nömrələr əvvəlcədən öyrədilmiş adamlara verilib. Onlar da buna əsasən maşınlara hücum ediblər. Lənkərandan gələn son məlumata görə, şəhər polis nəzarətindədi və demək olar ki, qeyri-rəsmi fövqəladə vəziyyət elan olunub.
?Bu mövcud hakimiyyətin, Əliyev rejiminin xalqa, siyasi rəqiblərə, vətəndaşların hüquqlarına münasibətinin göstəricisidir?.
Bunu AzadlıqRadiosuna yanvarın 13-də Lənkəranda onlara edilən hücumla bağlı Müsavat Partiyasının başqanın İsa Qəmbər deyib:
?Bu gün biz Lənkərana gedirdik. Müsavat Partiyasının Lənkəran rayon təşkilatının yaranmasının 20-ci il dönümü idi. Onu qeyd etməyə hazırlaşırdıq. Lənkəran şəhərinin girəcəyində bir neçə maşın qarşımızı kəsdi. Bizə 40-50 adam hücum etdi. Kifayət qədər ciddi bir insident oldu. Ancaq biz təmkinli davranıb hər hansı bir hadisələrin olmamasına çalışdıq. Bu hakimiyyətin bizim cəmiyyətimizlə, vətəndaşımızla, müsavatçılarla görüşlərindən nə dərəcədə qorxduğunun təzahürüdür?.
Müsavat başqanı deyir ki, bu hücum onun üçün gözlənilən olub:
?Biz Azərbaycan hakimiyyətinin xislətinə, fəaliyyət üsullarına bələdik. Ona görə də bütövlükdə bizim üçün gözlənilməz bir şey yoxdur. Ancaq bəzən açığı bizim rayonlara səfərlər və s. ilə bağlı mövzular gündəmə gələndə, bildirəndə ki, bizim hər bir səfərimiz hakimiyyətin insident yaratmasına, təxribat törətməsinə gətirib çıxarır, bəzən bunu sona qədər qiymətləndirməyənlər olur. Amma biz heç bir zaman hakimiyyətin bu təxribatlarından çəkinməmişik. Bütün bu müddət ərzində mübarizəmizi davam etdirmişik. Bu il də prezident seçkiləri ilidir. Elə yaxşı oldu ki, bu hadisə ilin əvvəlində baş verdi. Mən prezidentliyə namizədliyimi irəli sürdükdən cəmisi bir neçə gün sonra bu hadisə baş verdi. Hakimiyyətin öz rəqiblərin, opponentlərinə münasibəti çox aydın şəkildə bir daha təzahür etdi?.
İsa Qəmbər deyir ki, seçki ili olduğu üçün bu səfərlər davam edəcək:
?Belə hadisələr bizim siyasi fəaliyyət təcrübəmizdə dəfələrlə olub. Biz hər zaman cəmiyyətimizlə, xalqımızla, vətəndaşlarımızla təmaslara, onlarla mümkün qədər çox görüşməyə çalışmışıq və yenə də davam edəcəyik. Təbii ki, səfərlərimiz davam edəcək. Sadəcə olaraq bundan sonra bu məsələlər hakimiyyətin törədə biləcəyi bütün təxribatlar nəzərə alınaraq həyata keçiriləcək. Hesab edirəm ki, bu günkü hadisənin ətrafında ictimai rezonans özü də hakimiyyətə bir dərs olmalıdır?.