KiVDF gələn il üçün maliyyə yardımı müsabiqəsi elan etdi

img

03-12-2012 [02:43]


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2013-ci ilin I yarımili üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib. Fonddan verilən məlumata görə, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq Fondun Müşahidə Şurasının rəyi əsasında bu dəfə 19 istiqamət üzrə KİV layihələrinin maliyyələşdirilməsi qərara alınıb. 1. Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. 2. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi. 3. İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması. 4. İctimai və dövlət maraqlarının müdafiəsi. 5. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi. 6.Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi. 7. Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması. 8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin və mədəniyyətinin təbliği 9. Azərbaycançılıq ideyasının təbliği. 10.Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi. 11. Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi. 12. Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi. 13. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi. 14. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi. 15. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi 16. Elm və təhsilin inkişaf etdirilməsi. 17. Ekologiya və ətraf mühitin mühafizəsi. 18. Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması. 19. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı. Müsabiqə elan olunan günədək son 3 ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə 1 dəfədən və tirajı 2000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 750 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlər Fonda öz layihələrini təqdim edə bilərlər. Amma Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılanlar, barələrində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan, əsasən reklam və erotik xarakterli materiallar dərc edən, təsisçisi dini qurumlar və dini icmalar olan, xarici dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilən, nizamnamə kapitalında xarici dövlətlərin hüquqi şəxslərinin və ya vətəndaşlarının payı olan, xüsusi məqsədlər üçün buraxılan, pulsuz və aşağı qiymətlərlə çap məhsulu yayanlar və təsisçiləri dövlət orqanları olan KİV-lər müsabiqəyə layihə təqdim edə bilməzlər. Maliyyə yardımının əsas şərtləri isə layihə təklifinin müsabiqə istiqamətlərindən birinəuyğun olması, ərizə forması, layihə və ona əlavə olunmuş sənədlər müsabiqə qaydalarına və tələblərinə cavab verməsidir. Hər layihə üçün maksimum məbləğ 60 000 (altmış min) manat müəyyən edilib. Hər KİV bir layihə təqdim edə bilər. Hər istiqamət üzrə 3 layihənin maliyyələşdirilməsi nəzərdə tutulur. Sənədlər dekabrın 4-dən dekabrın 25-dək, rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Fondun ofisində qəbul olunur. Sənədlər fonda şəxsən təqdim edilməlidir. Ərizə yalnız Fondun təsdiq etdiyi formada, müvafiq əlavələrlə, Azərbaycan dilində çap Elektron variant (CD diskdə, Times New Roman 12 şriftində) təqdim edilməli və Fondda qeydiyyatdan keçməlidir. Müsabiqə ilə bağlı əlavə məlumatı www.kivdf.gov.az saytından və Fondun ofisindən əldə etmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA