?Bu dəfə hakimiyyət seçki vasitəsilə yola salınacaq?

img

26-11-2012 [12:09]


Seçkiöncəsi il olmağına baxmayaraq, 2012-ci ildə ciddi ictimai-siyasi proseslər baş verməyib. Xüsusilə də siyasi partiyaların seçkiyə yönəlik hər hansı bir ciddi fəaliyyəti də müşahidə olunmayıb. Ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı ?Reytinq?ə müsahibə verən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bu ili ictimai-siyasi proseslər baxımından itirilmiş il hesab edir: - Azərbaycanda illərdir əsas problemlər həll olunmadığına görə bütün illər itirilmiş il sayılır. İctimai-siyasi vəziyyət də yeknəsəkdir, qeyri-adi bir şey yoxdur. El arasında deyilən kimi, çevir tatı, vur tatı. Ona görə də 2012-ci il də itirilmiş illər sırasındadır. Nə qədər Qarabağ problemi həll olunmayıb, nə qədər Azərbaycanın işğaldakı torpaqları azad olunmayıb, nə qədər ki, ölkədə azad demokratik cəmiyyət formalaşmayıb, azad seçki keçirilmir, insan haqları qorunmur, illər belə də olacaq. [b]- İllərdir ciddi dəyişikliklərin olmadığının səbəbi nədir, təqsirkarı kimlərdir?[/b] - Azərbaycan siyasətində olanlar, onu yönəldənlər və bu siyasətdə vəd verib məsələləri həll eləməyənlər, o cümlədən də sizin bugünkü müsahibiniz təqsirkarlar sırasında sayıla bilər. [b]- Başa düşərək bu səhvləri edirsiz, yoxsa məcburiyyətdəndir?[/b] - Yox. Burada yanaşmalar fərqlidir. Dünya görüşünə, insanların məsələlərə yanaşmasına görə məsələlər fərqlidir. 12 il bundan qabaq müxalifət bir arada idi və hesab edirdi ki, parlamenti boykot eləmək, müxalifətsiz qoymaq Heydər Əliyev hakimiyyətinə çox böyük zərbədir. 19 adam imza qoydu və parlamentdən imtina elədi. Sonra 18-i qaçdı, meydanda bir nəfəri tək qoydular. O vaxt bəlkə də boykotun təsiri ola bilərdi, parlament buraxılardı. Üstündən bir az keçəndən sonra bəziləri dedi ki, gərək o bir nəfər də parlamentə gedərdi. Eləsi də oldu dedi ki, Mirmahmud Mirəlioğlu səhv elədi, heç o siyasətçi deyil. Yəni, hər zaman müxtəlif yanaşmalar olub, bundan sonra da olacaq. Bir məsələyə bir cür münasibət bildiririk, başqa məsələlərə gələndə tamam fəqrli mövqe sərgiləyirik. Hakimiyyət qiyam yolu ilə dəyişdiriləndə ona münasibət bir cür idi, illər keçəndən sonra adamlar fikirlərini dəyişdilər ki, elə deyil, belədir. Mövcud münasibətlər sistemi bundan ibarətdir və cəmiyyəti də bununla uzağa aparmaq olmur. Ona görə də cəmiyyətdə bütün bu məsələlərə qarşı vərdiş yarandı. Yadınızdadırsa, Heydər Əliyevin zamanında Novruz bayramında deyilirdi ki, gələn il bayramda öz torpaqlarınızda keçirəcəksiniz, amma indi Bakıda, Mildə, Muğanda işğal olunmuş rayonlarımızın adına qəsəbələrimiz var. Dövlətə və dövlətçiliyə münasibət məsələsi var ki, orada çox ciddi problemlər var. Hakiyyət uzun zamandır dövlət siyasəti yürütmür. Bu gün hakimiyyəti idarə edənlər elə hesab edirlər ki, dövlət siyasəti kimi harda tutdun öz dili ilə danışdın vəssəlam. Dövlətin atributları var, idarəçilik mexanizmi, dövlətçilik psixologiyası var. Bu gün Azərbaycan hakimiyyətində dövlətçilik psixologiyyasıni bilən adamları barmaqla saymaq olar, olmaz, deyə bilmərəm. [b]- Bəs ölkədəki hazırkı ağır vəziyyəti mövcudluğunda müxalifətin günah payı nə qədərdir?[/b] - İndi bunu desəm, deyəcəklər ki, hakimiyyətə gücü çatmadı, müxalifətdə danışmağa başladı. Amma Azərbaycanın indiki vəziyyətində hərənin öz payı var, hamı da öz günahını yaxşı bilir. Cəmiyyət də kimin hansı mərhələdə səhv addım atdığı, proseslərə yanlış istiqamətə yönləndirdiyini bilir. Yəni, görünən dağa bələdçi lazım deyil, hər şey tam aydındır. [b]- Mirmahmud bəy, 2012-ci il itirilmiş ildirsə, qarşıdan gələn prezident seçkilərinin keçiriləcəyi 2013-dən nə gözləmək olar?[/b] - İnşallah, 2013-ü də yaşayacağıq, görəcəyik. Bəri başdan onu demək olar ki, 2013 qızğın il olacaq, gərgin proseslərin şahidi olacağıq. Eyni zamanda, seçki prosesinə qoşulanların böyük bir rəqabəti olacaq. Amma onu da deyim ki, indi Azərbaycandan daha çox, Azərbaycanın əleyhdarları 2013-ə daha çox hazırlaşırlar. İstər o əleyhdarlar ölkənin daxilində, istər xaricində olsunlar, onlar seçkiyə daha ciddi hazırlaşırlar. [b]- Bu seçkidə müxalifətin imkanlarını necə qiymətləndirirsiniz?[/b] - Müxalifət bir yerdə olacaqsa, bir güc kimi seçkidə özünü sübut edə biləcək. Yəni, hamı çəkici bir nöqtəyə çəkici vuracaqsa, o zaman nəsə əldə etmək mümkündür. Əks təqdirdə bizim üçün çətin olacaq. Onsuz da son vaxtlar Azərbaycanda at izi it izinə qarışıb. Ona görə də daha diqqətli olmaq lazımdır. [b]- Necə düşünürsünüz, bundan sonra müxalifətin bir yerdə olması mümkündürmü?[/b] - Mümkündür. Ortada Azərbaycan naminə məsələlərə olanda hər şey mümkündür. Hazırda müxalifətin bir araya gəlməsi ümum Azərbaycan mənafeyinədir. Müxalifətin aparıcı adamları bir arada olurlar, hər şeyi açıq şəkildə müzakirə edirlər və qənaətə gəlirlər ki, hərənin boynunda filan məsuliyyət var, onu yerinə yetirməlidir. Demək lazımdır ki, bu sənin qabiliyyətin, bu sənin iddian, görək qabiliyyətinlə iddian düz gəlirmi. Hər şeyin var, sturukturların, sosial bazan var, qardaşım cəsarətin yoxdursa, çəkil, yerində otur. Axı nə qədər eksperment aparmaq olar? İqtidar da eksperment aparır, müxalifət də. Neçə dəfə olar axı? Bunlara son vermək mümnükdür. Müxalifət o qədər zəifdir ki, hətta Sizin bir kəlmə sözünüzlə, yəni medianın bir sözü ilə qarşı-qarşıya dura bilirik. Az qala adamları qədim oyunlarda olduğu kimi, bir-biri ilə döyüşdürürsünüz. Amma Sizin də sözünüz o qədər zəifdir ki, bir kitab sözlə bizi bir araya gətirə bilmirsiz. Çünki o da sizin gücünüzdən kənardadır. Deməli, adamların xislətidir, xarakteridir, nədirsə, çox müşkül bir məsələdir. - İllərdir ki, hakimiyyət, müxalifətin bir qismi bu mövzunu gündəmdən çıxarmaq istəsə də, müstəqil media müxalifətin birləşməsi məsələsini gündəmdə saxlayır. Amma müxalifət liderlərinin ambisiyaları bu cəhdləri nətəcəsiz qoyur. Yəni, sorun müxalifətdədir... - Bəli, birbaşa təqsirkar ambisiyalarını hər şeydən üstün tutam müxalifət liderlərindədir. Amma sizin də imkanınız var ki, Azərbaycan naminə işləməyən ?x? şəxsi gündəmdə saxlamayın, ondan müsahibə götürüb müxalifət lideri kimi cəmiyyətə təqdim etməyin. Bu kimi adamları nə qədər dartıb aparacaqsınız? Bax, bu məsələ sizdən asılıdır. Təəssüf ki, bu gün hərə öz dostunu irəli çəkməklə məşğuldur, ümumi maraqlar isə kənarda qalıb. Mən burada sizi nəinki təqsirkar bilmək, hətta qınamaqdan da uzağam. Sadəcə olaraq. Reallığı deyirəm ki, məsə bu cürdür. Müxalifətin problemi o qədər böyükdür ki, sizin gücünüz belə yetmir. Hamını dalaşdıra bilirsiniz, amma heç kəsi barışdıra bilmirsiz. [b]- Görünür, Siz müxalifətçilər barışmağa yox, dalaşmaağa meyllisiniz də?[/b] - Məsələ ondadır ki, biz heç onu da bacarmırıq. Biz dalaşmağı normal bacarsaydıq, torpağımızın 20 faizi işğal altında olmazdı. Əgər biz dalaşmağı bacarsaydıq, indiki hakimiyyət bu cür siyasət yürütməzdi. Yəni, ancaq qəzet səhifələrində var-gəl etməyi bilirik, hətta arada xahiş edirik ki, sən Allah o sözü çıxararsan. Bax, vəziyyət budur. [b]- Mirmahmud bəy, Milli Məclis bir sıra qanunlara əlavə və dəyişikliklər etdi, mitinqlərlə bağlı cərimələri artırdı. Belə demək mümkündürsə, narazı vətəndaşların, müxalifətin zərərinə olan bu dəyişikliklər barədə nə deyə bilərsiniz?[/b] - Öncə onu deyim ki, son dəyişikliklər vətəndaşın və müxalifətin yox, bu qanunu qəbul edənlərin zərərinədir. Milli Məclis bu amili nəzərə almadı. Ancaq onu da nəzərə çatdırım ki, elə bu dəyişikliklər fonunda ciddi hadisələr baş verəcək. Bu dəfə hakimiyyət seçki vasitəsilə yola salınacaq. Həmin bu dəyişikliklər, bu mürtəce qanun onu qəbul edilən adamların özlərinə tətbiq ediləcək. Düzdür, bir dəfə oz cərimələri ödəyə biləcəklər, amma sonra imkanları olmayacaq. Belə demək mümkündürsə, bu gün hakimiyyətin qəbul elədiyi mürtəce dəyişikliklər, yürütdüyü anti-demoktarik siyasət sabah bumeranq şəkildə özlərinə qayıdacaq. Eyni zamanda, bu mürtəce dəyişikliklər həm də bu gün onların özlərinə qarşıdır ki, dünyanın diqqətini özlərinə cəlb edirlər. Əslində hakimiyyət bu dəyişiklikləri sərəncamla təsdiqləsələr də, tətbiq edə bilmədilər. ?Fəvvarələr? müydanında yenə də etirazlar oldu, həbs edilənlərimiz oldu və sübut olundu ki, mübarizənin öznündə heç nə ilə dayanmaq mümkün deyil. Biz partiya olaraq, o aksiyada həbs olunanların azadlığa buraxılmasını, polis zorakılığını qətiyyətlə pisləyirik. Doğrudur, kimdmdir bizə qulaq asan. Amma bir gün mütləq qulaq asacaq. Azərbaycanda analoqu olmayan inkişaf var, qeyri-adi bir, Avropa standartlarına uyğun ölkə, və s. bu kimi bəyanatları boş və mənasız fikirlər olduğu sübut olunur. İnkişaf etmiş ölkələrdə insanların aldığı əmək haqqı, pensiya məlumdur, bizimkilərlə müqayisə olunmağa belə dəyməz. Amma heç kim Azərbaycan hakimiyyətinin təmsilçiləri qədər boğazdan yuxarı yalançı bəyanatlar vermir. Əksinə, burada demokratik vəziyyət günü-gündən pisləşir, insanların iqtisadi durumu ağırlaşır, siyasi vəziyyət də ortadadır. [b]- Bir müddət öncə, KXCP daxilində gərginlik yaranmışdı. Sizin ölkədə olmadığınız, adınız ətrafında müxtəlif məlumatlar dolaşan zaman partiya daxilində gərgin proseslər getdi, istefalar oldu, amma indi deyəsən, vəziyyət stabilləşib. Artıq hər şeyin arxada qaldığını demək olarmı?[/b] - Cavab olaraq bildirim ki, həmin dövrlərdə heç vaxt Azərbaycandan kənarda olmamışam. Sadəcə olaraq, bir sıra media nümayəndələri bu barədə əsası olmayan xəbərlər yazmışdılar. Bu məsələlər bizim üçün bitib. Ola bilsin ki, kimlər üçünsə davam edir. Bu da KXCP-də demokratiyanın ən bariz nümunəsidir. Ancaq mən o mövzuda danışmıram, çünki o məsələlər artıq mənim üçün bitmiş məsələlərdir. Z.ƏHMƏD

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA