Bakı məscidlərində böyük izdiham

img

25-11-2012 [08:28]


Bu gün Məhərrəm ayının 10-cu günü, İslam dünyasında ən hüznlü günlərdən biri olan Aşuradır. 1368 il öncə məhz bu gündə Məhəmməd Peyğəmbərin nəvəsi, İmam Əlinin oğlu İmam Hüseyn Kərbəla çölündə öz tərəfdarları ilə birlikdə şəhid olub. Bu gün münasibətilə ölkədəki bütün məscidlərdə mərasimlər keçirilib, qanvermə aksiyaları təşkil edilib. Aşura günü münasibətlə səhər saatlarından başlayaraq ölkədəki bütün məscidlərdə mərasimlər keçirilir, İmam Hüseyn və onun tərəfdarlarının ruhuna dualar oxunur. Paytaxtdakı məscidlərdə də böyük izdiham müşahidə olunur. İnsanların daha çox üz tutduğu Təzə Pir məscidində insanlar ehtiyacı olanlara nəzir paylayır, ibadət edirlər. Qeyd edək ki, artıq bir neçə ildir ki, Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsünə əsasən Aşura günündə ehtiyacı olan xəstələr üçün qanvermə aksiyası təşkil edilir. Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə özü də Təzə Pir Məscidində qan verib. Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə bildirib ki, şəriyyətdə özünə xəsarət yetirmək qəbul olunmur. Amma bu yüz illərdən gələn adətdir. Bu ənənəni qan vermə ilə əvəz etmək daha düzgün olar. Qanvermə aksiyasında fəal iştirak edən insanlar bu təşəbbüsü müsbət qiymətləndiriblər. Keçirilən mərasimlərlə bağlı paytaxt polisi təhlükəsizlik tədbirlərini gücləndirib. Məscidlərin ətrafında polislərin sayı artırılıb. Yol polisi isə əhaliyə müraciət edərək bildirir ki, Aşura mərasimləri ilə əlaqədar Bakıda məscidlərin yerləşdiyi ərazilərə gedən yollarda avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Nəqliyyatın hərəkətində problem yaranmaması üçün vətəndaşlardan şəxsi nəqliyyat vasitələrindən az istifadə etmək və ictimai nəqliyyata üstünlük vermək xahiş olunur. Xatırladaq ki, Aşura günü Məhəmməd Peyğəmbərin nəvəsi, İmam Əlinin oğlu İmam Hüseynın İraqın Kərbəla çölündə 72 tərəfdarı ilə birlikdə şəhid olduğu gündür. İnanclara görə, bu ay ərzində bütün müharibələr və döyüşlər dayandırmalı, toy, nişan, şadlıqlar isə keçirilməməlidir. Aşura günü islamda Azadlıq hərəkatının tarixi adlandırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA