Rektorla icra bazçısı arasında ilginc dialoq

img

09-11-2012 [08:56]


Prezident İlham Əliyev Gəncə Dövlət Universitetinin rektorunun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Ancaq 25 sentyabr 2006-cı ildə Gəncə Dövlət Universitetinin (GDU) rektoru təyin olunan Elman Məmmədovun işdən azad edilməsinin səbəbləri göstərilməyib. [b]?Elmar Vəliyevlə hər hansı bir problemim olmayıb?[/b] Bəzi mətbu orqanlarda isə bunun səbəbi kimi, sabiq rektorun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə konfliktdə olması göstərilib. İddialara görə, Elmar Vəliyev rektoru şəhərdəki abadlıq-quruculuq işlərinə cəlb etməyə cəhd edib. Lakin bir necə dəfə bu təşəbbüsə qoşulan Elman Məmmədov sonradan bundan imtina etdiyindən tərəflər arasında gərginlik yaranıb. Elman Məmmədov isə saytlardan birinə açıqlamasında icra başçısı ilə arasında hər hansı konfilikt olması barədə məlumatları təkzib edib. Sabiq rektor bildirib ki, sağlıq durumunda yaranan problemlərə görə özü işdən azad olunması üçün ərizə yazıb: ?Sağlıq durumumda bəzi problemlərim var. Müalicə almaq istəyirəm. Yəni ki, işdən çıxmamda başqa səbəb yoxdur. Mənim də Elmar Vəliyevlə hər hansı bir problemim olmayıb?. [b]KEÇMİŞ REKTOR İCRA BAŞÇISININ MÜƏLLİMİ OLUB![/b] Bəs əsl səbəb nədir? 64 yaşlı professor, kimya elmləri doktoru Elman Məmmədov niyə birdən-birə, heç bir səbəb göstərilmədən vəzifəsindən azad edildi? Bununla bağlı Azpolitika.info-ya GDU-dakı etibalı mənbədən olduqca ilginc məlumatlar daxil olub. Bu məlumatların bəzilərini bu gün, bəzilərin isə müəyyən dəqiqləşdirmələr apardıqdan sonra növbəti yazılarımızda Oxucuların diqqətinə çatdıracağıq. Ondan başlayaq ki, mənbəmiz sabiq rektor Elman Məmmədovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin müəllimi olduğunu bildirir. Elmar Vəliyev Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetini bitirib. Elman Məmmədov isə 20 il (1977-1997-ci illər) həmin universitetdə işləyib, müxtəlif vəzifələr tutub. Elmar Vəliyevç də dərs deyib. Qeyd edək ki, tanıyanlar Elman Məmmədovun öz sahəsi üzrə kifayət qədər savadlı bir müəllim olduğunu bildirirlər. Elə bu səbəbdən də 1997-ci ilin sentyabrında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında(TQDK) baş mütəxəssis vəzifəsinə təyin edilib. Bir-neçə ay sonra isə TQDK nəzdnində olan ?Abituriyent? hazırlıq kursunun rəhbəri vəzifəsinə keçirilib. Elman Məmmdovun karyerasındakı sonrakı irəliləyişlər Məleykə Abbaszadə ilə yaxşı münasibətlər qura bilməsilə bağlanılır. Belə ki, Elman Məmmədovun məhz Məleykə Abbaszadənin təqdimatı əsasında 2001-ci ildə ictimaiyyət arasında Paşayevlərin məktəbi kimi tanınan Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru təyin olunduğu bildirilir. 2006-cı ilə qədər həmin məktəbə rəhbərlik edən Elman Məmmdovun rektor təyin olunmasında Məleykə Abbaszadənin və ya Paşayevlərin rolunun olduğu haqda məlumatımız olmasa da, onun vəzifəsindən çıxarılmasının keçmiş tələbəsi, indiki icra başçısı Elmar Vəliyevin təqdimatı ilə baş tutduğu şübhə dorurmur. [b]Elmar Vəliyev rektora belə ?torba tikib?[/b] GDU-dan verilən məlumata görə, universitetdə xeyli müddətdi Elmar Vəliyevlə Elman Məmmədov arasında münasibətlərin yaxşı olmadığına dair söz-söhbət dolaşırdı. Bir sıra yerli və mərkəzi dövlət qurumlarının GDU-da yoxlamalar apaması da bununla bağlanılırdı. Ancaq səbəbi ilə bağlı hərə bir fikir söyləyirdi. Ötən həftnin cümə günü - noyabrın 2-də Gəncə Şəhər İcra Hakimiyyətində Elmar Vəliyevin başçılığı ilə keçirilən toplantıda bütün suallara aydınlıq gətirilib. Bələ ki, toplantı başlandıqdan sonra iclasın GDU-la bağlı çağırıldığı məlum olub. Toplantıda GDU-nun rəhbərliyi ilə yanaşı bir qrup müəllim və tələbəsinin də iştirakı təmin olunub. İclası açan Elmar Vəliyev GDU-dakı vəziyyətdən həm özünün, həm universitet kollektivinin, həm də ictimaiyyətin narazı olduğunu, ciddi pozuntulara və qanunsuzluqlara yol verildiyini bəyan edib. GDU-nun rəhbərliyini universiteti idarə edə bilməməkdə ittiham edib. Bundan sonra söz universitetin iclasa qatlan tələbə və müəllimlərinə verilib. Çıxış edən tələbələr universitetdə rüşvətxorluğun baş alıb getdiyini, semestr imtahanlarında rüşvət vermədən qiymət almağın qeyri-mümkün olduğunu bildiriblər. Yuxarı kurs tələbələri isə dipom işləri və dövlət imtahanları üçün indidən rüşvət yığıldığını bəyan ediblər. Ən maraqlısı da odur ki, tələblər bütün bu hallara görə rektoru günahlandırıblar. Rektor E. Məmədova bununla bağlı müraciət etdiklərini, ancaq heç bir tədbir görülmədiyini söyəyiblər. [b]MÜƏLLİMLƏR DƏ REKTORUN ÜZÜNƏ DURUBLAR![/b] Maraqlıdır ki, mənbənin sözlərinə görə, iclasda çıxış edən müəllimlər də universitetdəki rüşvətxorluq və korrupsiya hallarından danışıb, buna görə rəhbərliyi ittiham ediblər. Müəllimlər imtahanlar üçün yığılan rüşvətin mərkəzləşdirildiyini, bu işin dekanlara və universitet rəhbərliyinə yaxın bəzi şəxslərə tapşırıldığını bildiriblər. Eyni zamanda universitetdə ödənişli əsaslarla təhsil alan tələbələrin ödədiyi pulların müxtəlif yollara mənimsənildiyini, bəzilərinin pullarının ümumiyyətlə kassaya mədaxil olunmadan götürüldüyünü bildiriblər. Bu səbdən də universitetdə müəllimlərin maddi durumunun ağır olduğunu, rüşvətxorluğun təhsilin səviyyəsinin kəskin aşağı düşməsinə gətirib çıxardığını bəyan ediblər. Eyni zamanda rektoru özünə yaxın şəxslərdən ibarət ?komanda? yaratmaqda, müəllimlərin savadına, bacarığına görə deyil, ona münasibətinə görə qiymətləndirməkdə, vəzifə verməkdə ittiham ediblər. Mənbə bu cür çıxışlar edən tələbə və müəllimlərin əvvəlcədən hazırlandığını ehtimal edir. Onun sözlərinə görə, bu çıxışların vəziyyəti gərginləşdirdiyini, qarşı tərəfin replikalarına, etirazlarına səbəb olduğunu görən Elmar Vəliyev, toplantı başlayandan çəkiliş aparan ?Kəpəz? və ?Yevlax? televiziyalarının çəkiliş qruplarını zaldan çıxartdırıb. [b]REKTORA TƏLƏBƏLƏRİN QARŞISINDA RÜŞVƏT İTTİHAMI[/b] Bundan sonra yenidən çıxış dən Elmar Vəliyev universitet rəhbərliyinə qarşı kəskin ifadələr işlədib. Universitetin Həmkarlar İttifaqının rəhbəri Rüstəm Bağırovun, Psixologiya kafedrasının müdiri Tahir Ələkbərovun, Gəncə Dövlət Universitetinin elm və texnika üzrə prorektoru Nadir İbadovun ünvanına gəskin fikirlər söyləyib. Rüstəm Bağırovu ?sən qapıçıya oxşayırsan, necə oldu həmkarların sədri oldun? deyə aşağılayıb, onun Həmkarlar İttifaqının sədri kimi müəllimlərin hüquqlarını qorumaq qabiliyyətində olmadığını bildirib. Onu Tələbə Gənclər Təşkilatının işinə qarışdığına görə tənbəh edib. ?Sən kimsən ki, gənclərin işinə qarışırsan, onların tədbirlərinə mane olurusan? deyə, səsini yüksəldib. Ötən ilə qədər YAP-ın GDU üzrə ərazi ilk partiya təşkilatının sədri işləyən, psixologiya kafedrasının müdiri Tahir Ələkbərovu isə savadsızlıqda ittiham edib. Mənbənin sözlərinə görə, bir tələbənin psixologiya kafedrasından şikayətlənməsindən sonra, Elmar Vəliyev Tahir Ələkbərovu ayağa qaldırıb. Ona psixologiyadan bir neçə sual verib, ancaq cavab ala bilməyib. Bundan qəzəblənən Elmar Vəliyev onu savadsızlıqda ittiham edib. Rektor Elman Məmmədova üzünü tutaraq ?sənə görüm-baxım edirlər deyə belələrini yığmısan başına, ayıb deyil?? deyə bildirib. [b]PROREKTORA ?MÜXALİFƏTÇİ? İTTİHAMI[/b] Elmar Vəliyevin daha kəskin ittihamları isə prorektor Nadir İbadovla bağlı olub. Qeyd edək ki, Nadir İbadov iclasa qatılmayıb. Elmar Vəliyev isə buna görə, Elman Məmmədovu ittiham edib. Bildirib ki, Nadir İbadovun iclasa qatılmamasının günahkarı sənsən: ?Bu adamı gizlədirsən, qoruyursan, qarşıma çıxmağa qoymursan. Ancaq biləsən ki, ya vəzifədə o qalacaq, ya da mən!? deyə sərt şəkildə bildirib. Elmar Vəliyev Nadir İbadovun MÜXALİFƏTÇİ, CƏBHƏÇİ olduğunu, qanunların qadağasına baxmayaraq universitetdə siyasətlə məşğul olduğunu bildirib, onu universitetdəki gəncləri müxalifətə meylləndirməkdə ittiham edib! Bildirib ki, Nadir İbadov ?Soros?un - Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Gəncədəki əsas təmsilçisidir və belə bir şəxsin vəzifədə saxlanması yolverilməzdir: ?Hərə bir qeyri-hökumət təşkilatı açıb, min oyundan çıxır. Getsin harda istəyir məşğul olsun. Ancaq dövlətin universitetində buna yol verə bilmərik. Mən buna yol verməyəcəyəm?, deyə E. Vəliyev bildirib. [b]Haşiyə:[/b] Yeri gəlmişkən qeyd edək ki, Nadir İbadov ?Soros?un-Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun İdarə Heyətinin üzvü olub. İcra başçısı Elman Məmmədovdan dəfələrlə Nadir İbadovun vəzifəsindən uzaqlaşdırılmasını tələb edir. Amma E.Məmmədov bunu etməyib. Mənbənin sözlərinə görə, Elman Məmmədov kifayət qədər savadlı alim olan Nadir İbadovu vəzifəsindən çıxarmaq üçün səbəb tapa bilməyib. Ondan öz ərizəsi ilə vəzifəsindən getməyi xahiş etsə də, Nadir İbadov imtina edib. Mənbənin sözlərinə görə, Elman Məmmədov Nadir İbadovdan heç olmasa öz otağından prezidentin şəklini asmağı xahiş edib. Ancaq o, bundan da imtina edib. Belə bir şəxsi vəzifədə saxladığına görə isə, E.Vəliyevlə Elman Məmmədov arasındakı konflikt daha da dərinləşib. [b]REKTORUN REAKSİYASI[/b] Mənbə Elmar Vəliyevin ittihamlarla dolu çıxışından sonra rektor E.Məmmədova da söz verildiyini bildirir. E.Məmmədovun isə çıxışına ?Yəqin ilk rektoram ki, tələbələri qarşısında bu cür ittiham olunuram. Buna görə çox sağ olun, Elmar müəllim?, - deyərək başladığı bildirilir. Mənbənin sözlərinə görə, bu sözlər Elmar Vəliyevə pis təsir edib və başını yelləməklə bunu açıq biruzə verib. Rektor isə universitetdə çatışmamazlıqların olduğunu bildirsə də, rüşvət və korrupsiya ilə bağlı deyilənlərlə razılaşmayıb. İradların nəzərə alınacağını bildirib. Rektordan sonra yenidən çıxış edən Elmar Vəliyev isə Gəncə Dövlət Universitetində əsas problemin idarəçiliklə bağlı olduğunu, ?belə gedərsə sizinlə bir yerdə işləyə bilməyəcəyik Elman müəllim? dediyi bildirilir. Bu sözlərin nəticəsini isə çox gözləmək lazım gəlmədi. İclasdan bir həftə keçməmiş E.Məmmədov vəzifəsindən azad olundu. Əcaba Elmar Vəliyev prezidentə nəyi məruzə etdi ki, belə tez qərar qəbul olundu?(Azpolitika.info)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA