Ali Məhkəmə sədrindən hakimlərə sərt ittiham

img

08-11-2012 [02:07]


Azərbaycanın Ali Məhkəməsinin sədri aşağı instansiya məhkəmələrini kobud qanun pozuntularına yol verməkdə suçlayıb. Ali Məhkəmənin bu gün keçirilən plenimunda "Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında" məhkəmə təcrübəsi ümümiləşdirilməsi müzakirəyə çıxarılıb. Ümumiləşdirmə 2010-2011-ci illərdə birinci instansiya məhkəmələri tərəfindən bu qəbildən işlərə baxılması zamanı qəbul edilən məhkəmə qərarlarını əhatə edir. Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib ki, bəzi məhkəmələr tərəfindən ictimai təhlükəli əməlləri anlaqsız vəziyyətdə törətmiş və yaxud cinayəti törədəndən sonra psixi xəstəliyə tutulmuş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi, həmin tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ləğv edilməsi ilə bağlı işlərə baxılarkən kobud qanun pozuntularına yol verilib. "İşlərə baxılarkən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi, həmin tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ləğv edilməsinin həkim-psixiator komissiyalarının rəyi əsasında həyata keçirilməsi nəzərdə tutulsa da, 2010-cu ilin sonuna kimi bu kimi işlər üzrə rəylər həmin komissiyalar tərəfindən deyil, buna səlahiyyəti olmayan həkim-məsləhət komissiyası tərəfindən verilib. İşə baxan məhkəmələr bu məsələyə münasibət bildirməyiblər", - Rzayev əlavə edib. Onun sözlərinə görə, məhkəmələr həkim-psixiator komissiyalarının rəyinə əmin olmadığı halda müstəqil ekspertizanın keçirilməsini təmin etməli, ehtiyac olduqda ekspert və mütəxəssisləri məhkəmə prosesinə cəlb etməlidirlər. "Lakin məhkəmə təcrübəsinin ümumiləşdirilməsi göstərir ki, bu növ işlər üzrə işin həqiqi hallarının dəqiq müəyyən edilməsi məqsədilə məhkəmələr müstəqil ekpertləri və mütəxəssisləri prosesə cəlb etməyib, təkrar və əlavə ekspertlərin təyin edilməsi təcrübəsinə çox az hallarda imkan veriblər", - Ali Məhkəmənin sədri iddia edib. Rzayevin sözlərinə görə, ümumiləşdirmə zamanı müəyyən edilib ki, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi, həmin tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi işlərinə baxılarkən həkim-psixiator komissiyasının rəyinin işin faktiki hallarına və xəstənin sağlamlıq durumuna uyğunluğu məhkəmələr tərəfindən düzgün qiymətləndirilməyib. Məhkəmələrin qəbul etdiyi qanunsuz qərarlar əsasında şəxsin ambulator müalicəyə və psixiator müalicəsinə keçirilməsi onun faktiki azadlığa buraxılması ilə əsaslanır. Sonradan şəxs təkrar ağır cinayət əməlləri törədir. Bu da onu göstərir ki, həmin şəxslərin sağlamlıq durumu ilə bağlı həkim-psixiator komissiyalarının rəyləri reallığa uyğun deyil. Ali Məhkəmə sədri bununla bağlı bir misal çəkərək deyib ki, 2006-cı ilin məhkəmə qərarı ilə qəsdən adam öldürmədə ittiham olunan İlqar Rzayev (atasını öldürüb, anasını öldürməyə cəhddə ittiham olunub) barəsində İxtisaslaşmış Psixiator Stansiyasında intensiv müşahidə müalicəsinin tətbiqi barədə məhkəmə qərar verib. 2009-cu ildə komissiya onun sabitləşməsi barədə rəy verib, Sabunçu rayon Məhkəməsinin hakimi Yusif Kərimovun sədrliyi ilə (onun vəzifəsinə xitam verilib) İlqar Rzayev barəsində ambulator müalicəyə keçirilmə barədə qərar qəbul edilib. Azadlığa buraxılmış Rzayev bir ildən sonra anasını qətlə yetirib. Ali Məhkəmənin sədri bildirib ki, saxta rəylər məhkəmələrin nüfuzuna xələ gətirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA