ADP hakimiyyətə çağırız edib

img

29-10-2012 [02:56]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi hadisələr müzakirə obyekti olub. Toplantıda ilk növbədə Ermənistanın Suriyadan köç etmiş erməni millətindən olan ailələrin Azərbaycanın Dağlıq Qarabağ və digər işğal altında olan ərazilərində məskunlaşdırmasına diqqət yetirilib, İdarə Heyəti işğalçı ölkənin bu addımını ölkəmizin ərazilərinin ilhaqının davam etdirilməsi, ATƏT-in müəyyən etdiyi atəşkəs rejiminin pozulması faktı və bölgədəki erməni icmasının sayının süni şəkildə artırmaq cəhdi kimi qiymətləndirib və Azərbaycan hökumətini bütün vasitələrdən istifadə edərək bu məskunlaşdırmanın qarşısını almağa çağırıb. İdarə Heyəti həmçinin prezident aparatının şöbə müdiri Novruz Məmmədovun Xankəndi aeroportunun istifadəyə verilməsi ilə əlaqədar bəyanatından təəssüfləndiyini bildirib, bu cür mövqeyi tamamilə yanlış hesab edib və bu aeroportun istifadəyə verilməsinə Azərbaycanın seyrçi münasibət sərgiləməsinin milli mənafelərimiz baxımından ziyanlı olduğunu bir daha qeyd edib. ATƏT-in Minsk Qrupu həmsədrlərinin Paris toplantısına və bəyanatına münasibət bildirən İdarə Heyəti dinc danışıqların davam etdirilməsini alqışlayıb, eyni zamanda danışıqların yeni mərhələsində ciddi irəliləyişlərə nail olmaq üçün NATO-nun ərazi münaqişələri ilə bağlı qəbul etdiyi prinsiplərin (Suverenlik, Ərazi bütövlüyü və müstəqillik) əsas götürülməsinin vacibliyini diqqətə çatdırıb. Partiyanın İdarə Heyəti Ukraynada keçirilən parlament seçkiləri və İranın şərqi Azərbaycan vilayətində baş vermiş zəlzələ ilə əlaqədar yaranmış vəziyyətə də münasibət bildirib. Partiyanın rəhbər qurumu Ukraynada keçirilmiş seçkiləri, ilkin nəticələrə istinad edərək qanuni və demokratik seçki kimi alqışlayıb, qonşu Gürcüstanda bu yaxınlarda baş tutmuş demokratik parlament seçkilərini də nəzərə almaqla bütün keçmiş sovetlər məkanında demokratik dəyişikliklərin alternativsiz və qaçılmaz olduğunu bir daha vurğulayıb. İranda baş vermiş, ciddi tələfatla nəticələnən ağır zəlzələ ilə əlaqədar bu dövlətin hökumətinə və zəlzələ bölgəsində yaşayan soydaşlarımıza başsağlığı və narahatlıqlarını bildirən İdarə Heyəti üzvləri, Azərbaycan hökumətini təbii fəlakətlə əlaqədar ziyan çəkmiş insanlara bütün vasitələrdən istifadə edərək birbaşa yardımlar etməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA