isa Qəmbər Elzad Abdullayevin video-materiallarını müzakirəyə çıxardı

img

22-10-2012 [07:01]


Bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib. Toplantının əvvəlində Məclisin 20 oktyabrda keçirilmiş sessiyası haqqında fikir mübadiləsi aparılıb. Qəbul edilmiş qərarların icrası yönündə göstərişlər verilib. Biləsuvar və Salyan şəhərlərində keçirilmiş zona müşavirələri haqda məlumat verilib. Daha sonra İctimai Palatanın da dəstəklədiyi sosial şəbəkə fəallarının oktyabrın 20-də məlum video qalmaqalı ilə bağlı Fəvvarələr meydanında ?Saxta parlament buraxılsın!? tələbi ilə keçirilmiş etiraz aksiyası, həmçinin həmin gün polislərin Müsavat Partiyasının qərargahına basqını haqda müzakirələr aparılıb. Qeyd edilib ki, gənclərin tələbləri tamamilə haqlıdır. Belə ki, videomaterialda Azərbaycanda seçkilərin saxtalaşdırıldığını, seçkilərin nəticəsini ancaq bir seçicinin müəyyənləşdirdiyini bariz şəkildə ortaya qoymasına baxmayaraq, nə hakimiyyət, nə də hüquq-mühafizə orqanları tərəfindən adekvat addımlar atılmayıb. Rejim Gülər Əhmədovanı deputat mandatından imtina etdirməklə məsələni qapatmaqla məsuliyyətdən yayınmaq istəyir.Bu azmış kimi, seçki saxtakarlığına etiraz edənlərə qarşı həm Fəvvarələr meydanında, həm də Müsavat qərargahı ətrafında polis tərəfindən divan tutulub, onlarla nümayşçi həbs edilib, inzibati cəzalara, qanunsuz cərimələrə və həbslərə məruz qoyulub. Həmin gün Müsavat Partiyası Məclisinin növbəti sessiyası keçirilirdi. Binəqədi rayon Polis İdarəsi bölmələrinin çoxsaylı əməkdaşları və xeyli sayda mülki geyimli şəxslər sessiyanın gedişində qərargahı mühasirəyə almış, sessiya iştirakçılarına psixoloji təzyiq göstərmişlər. Sessiya başa çatdıqdan sonra buna səlahiyyətləri olmadığı halda partiyanın qərargahına soxulmuş və Məclis sədri Arzu Səmədbəyli də daxil olmaqla Məclis üzvlərini, o cümlədən Divan üzvlərini və başqanın müavin və müşavirlərini həbs etmişlər. Divan hakimiyyətin bu qanunsuz və zorakı addımını kəskin şəkildə qınayaraq, buna görə məhkəməyə müraciət edilməsi üçün vəkillərlə məsləhətləşmələrə başlamaq haqqında qərar verib. Bu haqda ayrıca bəyanat qəbul edilib. Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə Azərbaycan iqtidarı ilə BP şirkəti arasında yaranmış mübahisə haqqında müzakirə aparılıb. Rəsmi versiyadan əlavə məlumatları da nəzərə almaqla problemin əsas mahiyyətinin aşkar edilməsi yönündə mülahizələr səsləndirilib. Daha sonra Elşad Abdullayevin 2003-cü ildə çəkilmiş DİN-in 7-ci şöbəsinin əməkdaşı ilə söhbətinin internetdə yayılmış videomaterialı haqqında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, hələ Hacı Məmmədov hadisəsindən sonra Azərbaycan hüquq-mühafizə orqanlarının əslində cinayətkar bir şəbəkə kimi fəaliyyət göstərməsi üzə çıxmış və təsdiq olunmuşdu. İndi yayılmış həmin videomaterial bu faktı bir daha təsdiq edir. Belə ki, həmin videomaterialda 7-ci şöbənin əməkdaşı burada işə düzəlmək üçün tələb olunan rüşvətin məbləği və Elşad Abdullayevin oğurlanmış qardaşının DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanldığını birmənalı şəkildə açıqlayır. Müsavat Partiyasının Divanı Azərbaycan dövlətçiliyi adına utanc gətirən bu çox ciddi cinayət hadisələri haqqında aydın rəsmi mövqe bildirilməsini və təcili ciddi tədbirlər görülməsinin tələb edir. Sonda cari məsələlərə baxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA