Azərbaycanlı məmur haqda təkzib verildi, amma türk qəzetçi susmayacağıni deyir

img

20-10-2012 [05:45]


Türkiyənin ən böyük media quruluşlarından ?Hürriyyət? qəzeti ilə ?İçərişəhər? Dövlət Tarix Qoruq Muzeyinin direktoru Mikayıl Cabbarov arasında təxminən 2 ay öncə yaşanan qalmaqal yenə gündəmə gəlib. Məhkəmə qərarına uyğun olaraq ?Hürriyət? 20 oktyabr 2012-ci il tarixli sayında Mikayıl Cabbarovun təkzibini dərc edib. Yada salaq ki, bu il avqustun 14-də Türkiyənin ən böyük media quruluşlarından olan ?Hürriyət? qəzetinin köşə yazarı Fatih Çəkirgə ?İştə o mühüm gişi? adlı köşə yazısını bir Azərbaycan məmuruna həsr etmişdi. THY-nin İstanbul-Barselona uçağının bizness-klass-ında şahidi olduğu olayı qələmə alan Çəkirgə yazırdı ki, Azərbaycanın yüksək rütbəli məmuru stüardessa və göyərtə rəhbərini bir neçə saat gərginlikdə saxlayaraq onlardan öz haqsız iddiasını yerinə yetirməyi tələb edib. Belə ki, məmurun azyaşılı oğlu ağladığı üçün məmur stüardessadan ekonom-klass-dakı dayəni bizness-klasa keçirməyini istəyib. Uçaq qaydalarına uyğun olmadığı əsas gətirilərək tələbindən imtina edildikdə isə məmur uzun müddət mübahisə edib, sonda isə stüardessanı və göyərtə rəisini işdən çıxartdıracağı ilə hədələyib. Olayı Azərbaycan avtoritar rejiminin məmurlara verdiyi sərhədsiz özbaşınalıq və qanun-qaydaları ayaqlamaq sərbəstliyi kontekstində izah edən Fatih Çəkirgə köşəsində Azərbaycanla-Suriya arasında paralellər aparmış, sonda ?ərəb baharı?nın Azərbayana da çatacağını bildirmişdi. Yazıda Çəkirgənin ?Azərbaycanın çox yüksək məmuru? ifadəsini işlətməsi Azərbaycanda ciddi maraq doğurmuşdu. Həm media orqanlarında, həm sosial şəbəkələrdə bu şəxsin kimliyi haqqında geniş müzakirələr başlamışdı. 1 gün sonrakı yazısında Çəkirgə məmurun adını açıqladı ? yazar iddia edirdi ki, uçaqda hay-küy salan ?İçəri Şəhər? Dövlət Tarix Qoruq Muzeyinin direktoru Mikayıl Cabbarov olub. O zaman Mikayıl Cabbarovun ?çox yüksək rütbəli məmur? olmaması F.Çəkirgənin məsələni xeyli şişirtməsi haqqında iddiaları da ortaya atdı. Ancaq az sonra M.Cabbarov məsələ ilə bağlı açıqlama verəndə yazarın heç bir şişirtməyə yol vermədiyi təsdiq olundu. Yanlışlıq onda idi ki, Çəkirgənin biabırçı hərəkətini açıqladığı məmur M.Cabbarov deyildi. Cabbarov mediaya geniş, detallı açıqlamasında bildirirdi ki, haqqında danışılan məmur o deyil. Olayın şahidi olmasına, eyni zamanda ictimaiyyətin ciddi şəkildə tələb irəli sürməsinə baxmayaraq M.Cabbarov sözügedın şəxsin kimliyini açıqlamadı, əksinə, ?Hürriyət?dən dərhal təkzib tələb etdi, əks halda qəzeti məhkəmə ilə hədələdi. Avqustun15-də ?Yeni Müsavat?a açıqlamasında Fatih Çəkirgə bildirmişdi ki, M.Cabbarovu şəxsən tanımır, onun adını isə THY-yə göndərdiyi sorğudan əldə edib. Mübahisəyə aydınlıq gəlməsi üçün Çəkirgə THY-yə həmin şəxsin kimliyi haqqında sorğu göndərəcəyini və oxuculara aldığı cavabı açıqlayacağını da demişdi. Ancaq aradan keçən iki ayda bu, baş vermədi. Nəhayət, köşəsində məhkəmənin tələbinə uyğun olaraq Mikayıl Cabbarovun təkzibini çap etməyə məcbur oldu. Mikayıl Cabbarov və vəkili Baran Umid Baycanın adından təqdim edilən geniş təkzibdə bildirilir ki, yazını dərc etməklə Fatih Çəkirgə M.Cabbarovun ictimai nüfuzunu, eləcə də Azərbaycan dövlətinin imicini zədələməyə cəhd edib:?Müəllif tərəf olmadığı halda şahidi olduğu olay haqındakı yazısında qəzetçilik prinsiplərini pozmuş, adını çəkdiyi şəxs haqqında kəskin ifadələr işlədərək onu Azərbaycan ictimaiyyəti qarşısında ciddi bir qınaq hədəfinə çevirmiş, bu zaman qarşı tərəfə cavab haqqı tanımamışdır?. Təkzibdə olay Mikayıl Cabbarovun və onun digər ailə üzvlərinin əyləşdikləri yerlərin sıra nömrəsinə qədər bir daha detallı anladılır: ?Yazar bilərəkdən və ya bilməyərəkdən olayı öz maraqlarına uyğun təsvir etməklə Azərbaycanın və millətin maraqlarına qarşı çıxıb. Bildirmək istəyirəm ki, müvəkkilim də eynən Azərbaycan hökuməti və dövlət başçısı kimi demokratik prinsiplərə sadiq şəxsdir. Bir daha sözügedən yazıda ciddi təhriflərə, yanlışlıqlara yol verildiyini və bununla da Azərbaycan vətəndaşlarında ciddi narahatlıq yaradıldığını ifadə etmək istəyirik?. Təkzib qəzetin Fatih Çəkirgənin köşəsi dərc edilən bölümündə yer alıb. Diqqət çəkən məqam həm də odur ki, təkzibin ardınca Fatih Çəkirgənin açıqlamaları verilib. F.Çəkirgə yazır:?Yuxarıdakı təkzibi oxudunuz. Tamam, məhkəmə qərarına sayğım var. Anlamadığım bir şey də odur ki, məhkəmə nədən THY-dən açıqlama istəmədi? Çox yaxşı bilirəm ki, göyərtə rəisi ona edilən haqsızlığı təkə-təkər anladaraq THY-yə rəsmi açıqlama təqdim edib. Bizness-klass-da uçanların hamısının adı o sənəddə var. Hansı yerdə oturan şəxsin stüardessanı təhdid etdiyi orada açıq yazılıb. Buna baxmayaraq məhkəmə yalnız təkzib vermək haqqında qərar çıxarıb. Sistem beləymiş. Gözümün qarşısında olan bu olay haqqında araşdırmalaya və yazılarıma davam edəcəyəm. Bu iş burada bitməz?. Təkzib dərc edilsə də yazıda qərarı hansı məhkəmənin çıxardığı haqqında heç bir qeyd yoxdur. Məsələni Mikayıl Cabbarovdan dəqiqləşdirmək cəhdlərimiz də baş tutmadı. İş günü olmadığından onunla əlaqə yarada bilmədik. Arayış üçün deyək ki, Mikayıl Cabbarov ABŞ-da təhsil alıb. Keçmiş İqtisadi inkişaf naziri, 2005-ci ildə 11 illik azadlıqdan məhrum edilən Fərhad Əliyevin müavini olub. F.Əliyevin həbsindən sonra bir müddət işsiz qalıb. Sonradan ?İçəri Şəhər? Tarix Memarlıq Qoruq Muzeyinin direktoru təyin edilib. Xüsusi vurğulayaq ki, bir zamanlar bu vəzifəni Fərhad Əliyevin qardaşı Əlipənah Əliyev daşıyıb. musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA