18-10-2012 [08:01]
Fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin rektoru, Fransada siyasi sığınacaq alan Elşad Abdulayev redaksiyamıza məktub yollayıb. Sensasion məqamlarla zəngin olan məktubunda E.Abdullayev qardaşı Mahir Abdullayevin itkin düşməsindən sonra apardığı araşdırmalardan və qarşılaşdığı qanunsuzluqlardan bəhs edir. Məktub geniş olduğundan ixtisarla dərc edirik.
[b]?Baş Prokurorluq adam oğruları ilə əlbirdir?[/b]
Sabiq rektor Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Elmar Məmmədovu Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatla əlbir fəaliyyət göstərməkdə ittiham edərək yazır: ?Mühüm işlər üzrə müstəntiq Elmar Məmmədovun zərərçəkmiş kimi hüquqi nümayəndəm, tanınmış vəkil Adil İsmayılovun vəsatətinin rədd edilməsi haqda 27 iyul 2012-ci il tarixli qərarın prokurorluğun Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatla əlbir fəaliyyət göstərməsini bir daha söyləməyə əsas verir?.
[b]Müstəntiq cinayət işinə saxta məlumatlar daxil edib[/b]
E.Abdullayev yazır ki, qardaşı itəndən sonra müstəntiq onun hara getməsini gizlətməyə çalışıb. Ona görə də cinayət işinə saxta məlumatlar daxil edib. Həmin məlumatlardan birində müstəntiq yazıb: ?Mahir Abdullayev 13 oktyabr 2003-cü ildə Bakı şəhərində yerləşən T.Bəhramov adına stadionda keçirilən tədbirdə iştirak etmək adı ilə evdən çıxsa da, özünün idarə etdiyi ?Mersedes-Bens" markalı Az 10 CR 067 dövlət nömrə nişanlı avtomobillə saat 11 radələrində Bakı şəhəri, Qaradag rayonu ərazisindəki 719 saylı postu keçərək Bakı-Astara istiqamətində getmiş və postdan keçərkən orada xidmətdə olan tanışı, DİN-in Baş Dövlət Yol Polis İdarəsinin yol polisi alayının 7-ci taqımının inspektoru Əhmədov Əli Ələddin oğlu ilə siqnal vermək və əlini havada yelləməklə salamlamışdır. O, həmin gün saat 17 radələrində yenə də idarə etdiyi həmin avtomobillə Astara-Bakı istiqamətinə hərəkət edərək həmin postdan təkrar keçmiş, lakin bu dəfə həmişəkindən fərqli olaraq postda dayanmış tanışı Əli Əhmədovla salamlaşmayıb. Əli Əhmədov Mahir Abdullayevin salam vermədən keçib getməsinə görə sonuncunun mobil telefonuna zəng etmiş, lakin Mahir Abdullayev cavab verməyib. Həmin vaxt Ə.Əhmədov M.Abdullayevin idarə etdiyi avtomobilin arxa oturacağında tanımadığı iki nəfər şəxsin oturduğunu görüb".
[b]Elşad Abdullayev istintaqa etiraz edib[/b]
E.Abdullayev bu məlumatı araşdırıb: ?Apardığım kriminalistik-hüquqi araşdırmalarla Elmar Məmmədovun müəyyən etdiyi istintaq şousuna aşağıdakı faktlarla etiraz edirəm:
Fakt odur ki, müstəntiqin bu cavabı Mahirin tələbə yoldaşı, ?dostu? və ?işverən? Sənan İbrahimovun sifarişli versiyasıdır. Sənanın dediyinə görə, Mahir oğurlanan zaman polis polkovniki olan .... (E.Abdullayev hazırda general rütbəsi daşıyan nazir müavinlərindən bitinin adını çəkir. Məhkəmə perspektivini nəzərə alaraq həmin generalın ad-soyadını yazmırıq. Yazıda həmin generalın adı dəfələrlə çəkilir - red.) Bakı Şəhər Baş Polis İdarəsində şöbə rəisi işləyirdi. Sənan İbrahimov həmin şöbə rəisinin yaxın qohumudur, onun Nardarandakı bağ evini mühafizə edir və orada gizlənir ki, heç kim ondan bir söz soruşa bilməsin.
Mahir oğurlandığı gün Sənan İbrahimov axşam 23.00 radələrində ABU-da mənim iş otağıma gəlib bildirdi ki, Mahirin yerini bilir. O da sonradan prokurorluğun müstəntiqi Elmar Məmmədovun yazdığı versiyanı söylədi. Biz səhəri gün Sənan İbrahimovla birlikdə DYP-nin əməkdaşı Əli Əhmədovla Qaradağ postunda görüşdük. Əli Əhmədov əzbərləmiş kimi Elmar Məmmədovla Sənan İbrahimovun dediklərini söylədi".
[b]Mahiri Mətanət İsgəndərlinin evində 6 saat saxlayıblar[/b]
E.Abdullayev yazır ki, DYP-nin əməkdaşı Əli Əhmədovun dedikləri sonradan onun qohumları və digər faktlarla təkzib olunub: ?Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbərliyinin göstərişi ilə nazirliyin idarə rəisi Sahib Nağıyevin və Mahirin işi üzrə MTN əməliyyatçısı polkovnik Azər Aşurovun bizə vermiş olduqları telefon danışıqları listinqinə görə, cinayət hadisəsi baş verən zaman, 13 oktyabr 2003-cü ildə MTN-in mayoru Mahir Abdullayev ?Qafqaz-2" telefon danışıqları dairəsində olub. Həmin ərazidə Mətanət İsgəndərlinin yaşadığı ünvan yerləşir - Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi ev 4, mənzil 8. Mahiri orada qanunsuz olaraq 6 saat 2 dəqiqə saxlayıblar. Mahirdən 2 milyon pul tələb ediblər. Həmin gün Mahiri təhdid edib 600 min dollar alıblar. Lakin Mahirdən yenə də pul tələb ediblər, bu zaman o, etiraz edib, Mətanətin evində savaş olub. 16 oktyabr 2003-cü il 18.00 radələrində İsgəndərlinin evində olduğum zaman mənzildə oturmağa stol-stul qalmamışdı. Evdə Mahirlə gedən savaş zamanı stol-stul sındırılıb yararsız hala salınmışdı. İsgəndərlinin mənzilində Mahirin qanunsuz olaraq saxlanma müddətini, yəni 6 saatı müstəntiq Elmar Məmmədov Qaradağ postu ilə gizlətməyə cəhd edir. Məqsədi cinayətin baş vermə zamanını, məkanını və iştirakçılarını gizlətməkdir.
Müstəntiq bu versiyanı Mahiri oğurlayanların, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın sifarişi ilə ortaya atıb".
[b]ABŞ səfirliyi əməkdaşı da Mahirin oğurlandığını dedi[/b]
E.Abdullayev yazır ki, qardaşının müğənni Mətanət İsgəndərlinin evindən oğurlanmasını ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı da təsdiq edib: ?Həmin ərəfədə ABU Tibb Mərkəzində çalışan alman həkimləri Krista və Ağabəy Azərilərdən xahiş etdim ki, bu məsələdə mənə yardım etsinlər. Onlar da səhəri günü ABŞ səfirliyinin əməkdaşı ilə mənim iş otağıma gəldilər. Yaranmış vəziyyəti danışdım. Bir necə gündən sonra ABŞ səfirliyinin əməkdaşı, Ağabəy və Krista mənim iş otağımda bildirdilər ki, sizə ip ucu veririk, qardaşınız Mahiri müğənni Mətanət İsgəndərlinin yaşadığı evdən oğurlayıblar?.
[b]?Mahiri oğurlayanları ?Qarabulaq"da təlimatlandırıblar"[/b]
E.Abdullayev yazır ki, qardaşını oğurlayan təşkilat üzvləri 2 ay sonra, 2004-cü il yanvarın 2-dən 6-na qədər Hacı Məmmədovun Qusardakı ?Qarabulaq? restoranında olublar: ?Məqsədləri müğənni Mətanət İsgəndərlinin və orada iştirak edənlərin çox ciddi şəkildə təlimatlandırılması olub, təlimatı pozanlar öldürməklə təhdid ediliblər?.
[b]?İsgəndərlidən efirdən ?oğru dilində? təhdid?[/b]
E.Abdullayev M.İsgəndərlinin ona efir vasitəsilə mesaj çatdırmasını belə təsvir edir: ?6 yanvar 2007-ci ildə 23:00-da ?Azad Azərbaycan" televiziyasındakı çıxışında Mətanət İsgəndərli məni ?oğru dilində? təhdid etdi. Mahirin heç kimin bilmədiyi uşaqlıq təxəllüsü ilə qəfəsdə olan tutuquşuna müraciət edib dedi: "...Mariyo...!!!, Mariyyo...!!!, Mariyyo...!!! Darıxma, darıxma, tezliklə qəfəsə sənin əzizini də (Elşad müəllimi) gətirəcəyəm, tək darıxma...!!!"
[b]Mahirin işində Rəsul Quliyevin də adı çəkilir[/b]
E.Abdullayevin toxunduğu maraqlı məqamlardan biri də M.Abdullayevin oğurlanmasında suçladığı Sənan İbrahimovun Rəsul Quliyev Milli Məclisinin sədri olarkən onun köməkçisi işləməsi ilə bağlıdır.
O, qardaşı oğurlanandan 35 gün sonra onun maşınını Mətanət İsgəndərlinin evinin yaxınlığında aşkarladıqlarını da qeyd edir: ?Mahir oğurlandıqdan 1 ay 4 gün sonra maşınını Mirzə Fətəli Axundov küçəsindəki mənzil istismar idarəsinin qabağında tapdıq. Avtomobil yenicə yuyulmuş, tər-təmiz vəziyyətdə ora park edilmişdi. Həmin an biz maşının fotosunu çəkdik. Maşının aşkarlandığı yerlə Mətanət İsgəndərlinin evi arasında 5-10 dəqiqəlik piyada yol vardı. Bizə maşının tapıldığı yer haqda məlumat veriləndən sonra orada bizi Bakı ?zəhmətkeşləri" gözləyirdilər. JEK-in qabağındakı 2-3 mərtəbəli binada benzindoldurma məntəqələrində çalışan operatorların iş vaxtı istifadə etdikləri xüsusi geyimdə olan şəxslər vardı. Onlar üzdən yaxşı tanıdığım MTN əməkdaşları Yaşar, Teymur Quliyev, Rəsul, Elçin və digərləri idilər. Onlar guya ev təmir edirdilər.
Bu şəxsləri ona görə yaxşı tanıyırdım ki, maşın tapılandan bir necə gün öncə mobil telefonuma qardaşım oğlunun mobil telefonu ilə zəng edib məni Mahiri qaytarmaq bəhanəsi ilə Zaqatala rayonuna dəvət etmişdilər. Ora gedəndə məni Kürdəmir rayonunun 4 yol deyilən benzindoldurma məntəqəsində rəngli kombinizonlu Bakı ?zəhmətkeş?ləri saxlayıb üstümə 4 bir tərəfdən avtomat dirəyib Kürdəmir Polis Şöbəsinə aparmışdılar. İlk dəfə güvəndiyim dövlətin nə dərəcədə aciz olduğunu gördüm. Bakı Dövlət Universiteti hüquq fakültəsinin 30 illik pedaqoji stajlı müəllimini ?Kalaşnikov?la təhdid etdilər, ?çox qabağa getsən səni məhv edərik?, dedilər!"
Elşad Abdullayevə ötürülən versiyalarda kimlərin adı var?
E.Abdullayev topladığı faktların kriminoloji təhlilinin qardaşının M.İsgəndərlinin evindən Sənan İbrahimovun göstərişi ilə külli miqdarda pul və təsis etdiyi Azərbaycan Beynəlxalq Universitetini ələ keçirmək məqsədi ilə oğurlandığını sübut etdiyini yazır. Qeyd edir ki, ona ən müxtəlif şəxslərin vasitəsi ilə qardaşının sağ olması və gizlənməsi haqda versiyalar ötürməklə əsl həqiqətdən yayındırmağa çalışıblar. Rektor iddia edir ki, gizli çəkilmiş videogörüntülərin birində Arzu Kazımovun köməkçisi Rövşanə Mahirin oğurlanması ilə bağlı dövlətin rəhbərlərini şərləməkdən belə çəkinməyib:
[i]- ?Deputat Gülər Əhmədovanın köməkçisi Sevinc Telman qızı Babayeva deyir ki, Mahiri KQB oğurlayıb;
- Prezidentin Mühafizə Xidmətinin rəisi Vaqif Axundov, baş nazirin l müavini Abbas Abbasov, ?vor zakon? ?Kar Qəhrəman? deyir ki, Mahiri Müsavat Partiyası oğurlayıb;
- Əli Zəngilanski deyir ki, oğlum KQB-də işləyir, Mahiri Kəmaləddin Heydərovun sifarişi ilə KQB oğurlayıb, hazırda KQB-dədir...
[/i]
Bu versiyalardan başqa KQB-nin sərəncamında olan 53 fırıldaqçı falçı-baxıcı, oğru dünyasında məşhur olan simaları üstümə göndərmişdilər ki, zərərçəkmişi çaşdırsın, əsas cinayətkarları gizlətsin".
[b]REDAKSİYADAN ZƏRURİ QEYD:[/b] M.Abdullayev oğurlanan dövrdə MTN-in rəhbəri Namiq Abbasov olub. E.Abdullayev bugünlərdə mətbuata verdiyi açıqlamada bildirib ki, Namiq Abbasov Mahir Abdullayevi oğurlanmamışdan bir müddət əvvəl özünə xüsusi məsələlər üzrə köməkçi təyin edib. Hətta sabiq rektor onu da bildirib ki, N.Abbasovun həmin əmrinin surətini saxlayır.
Sabiq rektor Avropa Məhkəməsinə müraciətini geri götürməsi üçün ona mütəşəkkil cinayətkar təşkilatın təzyiqlər etdiyini qeyd edir.
Musavat.com