17-10-2012 [11:47]
Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyadaşlarının "Yeni Müsavat" qəzetinə və onun baş redaktoru Rauf Arifoğluna yönəlik ittihamlarına münasibətini bildirib.
Mia.az musavat.com-a istinadən xəbər verir ki, İa Qəmbər Rauf Arifoğluna yönəlik ittihamlar haqda belə deyib: ?Söz və mətbuat azadlığı bizim üçün prioritet məsələdir və hər hansı qəzetə, qəzetçiyə qarşı bu cür münasibəti yolverilməz sayırıq?.
Xatırladaq ki,bir neçə gündür müxalifət düşərgəsinə mənsub olan funksionerlər sosial mediada və dövri mətbuatda "Yeni Müsavat" qəzetində çıxan bəzi yazıları əsas götürərək, qəzeti və Rauf Arifoğlunu hakimiyyətin xeyirinə işləməkdə ittiham edirlər.
Qeyd edək ki, bu gün İctimai Palatanın və Müsavat Partiyasının üzvü Yadigar Sadıqov bu qurumdan istefa verməsini ?Yeni Müsavat? qəzetində ayrı-ayrı vaxtlarda dərc olunan yazılarla əlaqələndirib.
Bununla bağlı ?Yeni Müsavat? qəzetinin kollektivi də bu gün bəyanat verib. Bəyanatda bildirilir:
??Yeni Müsavat? qəzetinə qarşı demokratik müxalifətin ayrı-ayrı üzvlərinin qərəzli və səbatsız ittihamı bizim üçün üzücü mənzərədir. Özünü demokratiya daşıyıcısı sayan bir şəxs heç bir haqq-ədalət tanımadan Azərbaycan müstəqil mətbuatının banilərindən olan Rauf Arifoluğunu qərəzli şəkildə ittiham edir. Amma unudur ki, bu gün ölkədə azad, müstəqil mətbuat adına fəaliyyət göstərən iki qəzetdən biri ?Yeni Müsavat?dır. Belə bir qəzeti, onun yaradıcısını və baş redaktorunu absurd məsələlərdə suçlamaq, yumşaq ifadə etsək ədalətsizlikdir.
?Yeni Müsavat? qəzeti bütün mövqelərə, fikirlərə daim açıq və dözümlü yanaşıb. Hətta bizi kəskin tənqid edən istənilən şəxsin ? siyasi kimliyi olanlardan tutmuş sadə vətəndaşlara kimi - mövqeyinin qəzetdə dərcinə şərait yaratmışıq. Çalışırıq ki, cəmiyyətin əksər təbəqələri ?Yeni Müsavat?da özünü bu və ya digər formada tapa bilsin, onların marağı təmin olunsun. Lakin etiraf edirik ki, ?Yeni Müsavat? qəzeti təsis olunduğu gündən indiyə kimi Azərbaycanın milli-demokratik düşərgəsinə, bu düşərgənin aparıcı partiyalarına, liderlərinə, funksionerlərinə, sıravi üzvlərinə, həbsxanaya düşənlərə, darda olanlara daim təmənnasız informasiya dəstəyi verib. Bu dəstək hansısa məcburiyyətdən irəli gəlmir ? bunu könüllü şəkildə edirik. Və buna görə kimdənsə nə təşəkkür gözləyirik, nə də təltif umuruq. Amma ?Yeni Müsavat?a və onun baş redaktoruna qarşı müxalifət düşərgəsindən olan bu cür ədalətsiz, qərəzli və məntiqsiz hücumlar da bizi məyus edir. Özünü demokratik düşərgənin nümayəndəsi sayan, M.Ə.Rəsulzadə yolunun davamçısı hesab edən şəxsin müstəqil və nüfuzlu bir qəzetin informasiya siyasətinə kobud şəkildə müdaxilə etməsi, baş redaktorumuzu absurd məsələlərdə suçlaması biz kollektiv üzvlərini üzür. Biz iqtidar düşərgəsinin, YAP yetkililərinin ?Yeni Müsavat?ın timsalında müstəqil mətbuata olan qaba münasibətlərini, əllərinə imkan düşəndə isə etdikləri təzyiqləri hardasa başa düşürük. Çünki mövcud hakimiyyətdə və YAP rəhbərliyində təmsil olunanlar mahiyyət etibarı ilə demokratiya əleyhdarlarıdır. Onlar müstəqil mətbuatın mövcudluğunu heç cür qəbul edə bilmirlər. Fəqət müxalifət düşərgəsindən də bizim mətbu fəaliyyətimizə eyni münasibəti görmək, yazdıqlarımıza görə bizimlə, baş redaktorumuzla siyasi haqq-hesab çəkməyə cəhd etmək, bizi dəhşətə gətirir. Yadigar Sadıqovun ?Yeni Müsavat?ı və R.Arifoğlunu ittiham etməsi demokratik prinsiplərə tam ziddir. Biz qəzet kollektivi olaraq öz yaradıcılığımızda azadıq, hansısa partiya məmurundan sifariş qəbul etmirik və bu cür cəhdləri də kəskin şəkildə pisləyirik.
Müstəqil qəzetçilik deyəndə təkcə o anlaşılmır ki, biz müxalifətin aksiyalarını işıqlandıraq, bu düşərgənin fəalları həbs ediləndə onları müdafiə edən yazılar dərc edək, İP-nin sessiyalarından geniş materiallar verək, partiya rəhbərliyinin təbrik və başsağlığını çap edək və s. Müstəqil qəzetçilik həm də və daha çox odur ki, gündəmdə olan bir mövzuya ən müxtəlif baxışları, mövqeləri ictimailəşdirək. Qəzetdə fikir plüralizminə riayət ediriksə və kimsə bundan tamam yanlış nəticələr çıxarırsa bu, bizim günahımız deyil. Bu, demokratiya, plüralizm, müstəqil qəzetçilik anlayışına sahiblənə bilməyən insanların problemidir.
Bir detalı da vurğulamağı vacib bilirik: ?Yeni Müsavat?da çalışanların böyük əksəriyyəti Müsavat Partiyasının üzvləridir. Partiya mənsubiyyəti olmayan əməkdaşlarımızın isə siyasi rəğbəti hazırkı müxalifətə və onun liderlərinədir. Məhz bu fəaliyyət və açıq rəğbət ?Yeni Müsavat? qəzetinə hər zaman olduğu kimi, indi də problemlər yaradıb. Hazırda qəzetimizin üzərində 4 nazirin, 5 ordu generalının, prezidentin əmisi Cəlal Əliyevin üst-üstə 2 milyon manatdan yuxarı cərimə iddiası olmaqla, 7 məhkəmə dosyesi var. Belə bir vəziyyətdə müxalifət düşərgəsindən də bu cür hücumlar söz və mətbuat azadlığının onsuz da pis olan vəziyyətini daha da kəskinləşdirir və dözülməz edir?.