07-10-2012 [05:48]
[b]Arif Hacılı: "Azərbaycan cəmiyyətinin demokratik azadlıqlar uğrunda möhtəşəm mübarizəyə qalxacağı gün uzaqda deyil"[/b]
Qonşu Gürcüstanda keçirilən parlament seçkiləri artıq arxada qaldı. Budəfəki seçkilər müxalifətin qələbəsi ilə sonuclandı və Gürcüstan prezidenti Mixail Saakaşvili qurucusu olduğu Vahid Milli Hərəkat Partiyasının məğlubiyyətini qəbul edərək, partiyasının müxalifətə keçdiyini açıqladı. Ən mühümü isə odur ki, gərgin seçki kampaniyası ilə müşahidə olunan proses Gürcüstanda demokratikliyi ilə seçildi.
Beynəlxalq və yerli müşahidəçilər də seçkilərin azad və ədalətli keçirildiyini bəyan ediblər. Azərbaycanın qonşusunda demokratik seçkilərin keçirilməsi təbii ki, bizə də təsirsiz ötüşməyəcək və ölkəmizə dəyişiklik gətirəcəyi ehtimalı az deyil.
Onu da nəzərə çatdıraq ki, parlament seçkilərini müşahidə məqsədilə Gürcüstanda olan və Müsavat Partiyasını təmsil edən müşahidə qrupu artıq ölkəyə qayıdıb. 16 nəfərlik müşahidə qrupuna rəhbərlik edən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ilə söhbətə də bu məsələdən başladıq.
- Gürcüstanda keçirilən parlament seçkilərini müəyyən nöqsanlara yol verilmiş, ancaq azad və ədalətli seçkilər hesab edirəm. Bu seçkilər nəticəsində Gürcüstanda xalqın iradəsinə uyğun parlamentin formalaşması qənaətindəyəm. Heç şübhəsiz ki, Gürcüstandakı proseslər Azərbaycana da təsir edəcək. Əvvəla ona görə ki, Gürcüstan Azərbaycanla qonşu ölkədir. Eyni zamanda, iki ölkə arasında sıx əlaqələr var və Azərbaycan vətəndaşları Gürcüstana, Gürcüstan vətəndaşları Azərbaycana gəlib-gedir. Eyni zamanda, nəzərə alsaq ki, orda yarım milyon Gürcüstan vətəndaşı olan azərbaycanlılar yaşayır, bu amil də Azərbaycanla Gürcüstan cəmiyyətləri arasında əlaqələrin daha da genişlənməsinə səbəb olur. Bu da Gürcüstandakı proseslərin Azərbaycana təsiri ilə nəticələnir.
Azərbaycan hakimiyyəti daim bildirir ki, cəmiyyətimiz demokratiyaya hazır deyil. Amma Azərbaycan cəmiyyəti ilə Gürcüstan cəmiyyətinin inkişaf səviyyələri təxminən eynidir, əgər orda demokratik bir quruluş yaranacaqsa, belə bir quruluşun Azərbaycanda da yaranmasının mümkünlüyü hər kəsə bəlli olacaq.
- Gürcüstanda "məxməri inqilab" olanda deyirdiniz ki, analoji proseslər Azərbaycanda da baş verəcək. Hətta o vaxt "Azadlıq" bloku narıncı rəngi simvol seçərək "məxməri inqilab"a hazırlaşırdı, amma nəticə olmadı...
- Şevardnadze Kommunist Partiyası siyasi bürosunun üzvü olsa da, həmin büronun üzvləri arasında ən demokratik adam kimi tanınan şəxslərdən biri idi. O, Gürcüstanda avtoritar rejim yaratmağa cəhd göstərsə də, hər halda demokratik institutların fəaaliyyətinə, çoxpartiyalı sistemə, müxalifətə Azərbaycan hakimiyyətinə nisbətən daha dözümlü yanaşırdı. Eyni zamanda, Gürcüstanda neftin olmaması, beynəlxalq birliyin Gürcüstana münasibəti ilə Azərbaycana münasibətinin fərqlənməsi bu məsələdə də mühüm rol oynadı. Ona görə də, 2005-ci ildə Gürcüstanda baş verən "Qızılgül inqilabı"ndan sonra Azərbaycanda belə inqilabi demokratik dəyişikliklər baş vermədi.
- İndi necə, demokratik parlament seçkilərindən sonra Azərbaycanda da demokratik seçki prosesi keçirilə bilərmi, yaxud hansısa demokratik dəyişikliklərin gerçəkləşməsi mümkündürmü?
- Hər halda Azərbaycan cəmiyyəti demokratik dəyişikliklər arzusundadır, buna çalışır və buna cəhd göstərir. İlk belə imkan yaranan kimi, heç şübhəsiz ki, Azərbaycan cəmiyyəti demokratiya, azadlıq uğrunda möhtəşəm mübarizəyə başlayacaq. Bunun nə zaman baş verəcəyini proqnozlaşdırmaq çətindir, ancaq düşünürəm ki, Azərbaycan cəmiyyətinin demokratik azadlıqlar uğrunda möhtəşəm mübarizəyə qalxacağı gün uzaqda deyil.
- Gürcüstandakı bu seçkilər göstərdi ki, həmin müxalifətin milyarderi var. Sizcə, nəyə görə Azərbaycan müxalifətinin milyarderi yoxdur?
- Bir qədər əvvəl, yəni 2005-ci ildə Azərbaycanda və Gürcüstanda olan vəziyyəti müqayisə etdik. İndi isə hazırki vəziyyəti müqayisə etmək daha çətindir. Çünki Saakaşvili hökumətinin müəyyən qüsurları olsa da, bu qüsurlara görə Gürcüstan seçiciləri hakim siyasi qüvvəyə səs verməsə də, Gürcüstan hakimiyyəti ilə Azərbaycan hakimiyyətinin apardığı siyasəti müqayisə etmək olmaz.
Gürcüstanda hüquqi dövlət qurulub, iş adamlarının siyasətlə məşğul olması, siyasətə dəstək verməsi, yaxud hər hansı bir siyasi qüvvənin tərəfində olması normal qarşılanır. Azərbaycanda isə hər hansı biznes adamının müxalifəti dəstəkləməsi onun özünün faciəsi ilə nəticələnə bilər. Müxalifətə ən az hər hansı bir maliyyə yardımı edən şəxsi Azərbaycan hakimiyyəti nəinki qanunları pozmuş şəxs kimi qiymətləndirir, hətta bu adamları vətənə, dövlətə xəyanət etmiş ən qatı cinayətkar kimi təqib edir. Ona görə də Azərbaycanda hansısa milyardlara sahib olan adamın aşkar şəkildə müxalifətin tərəfini tutması və müxalif mövqedən hakimiyyətə qarşı mübarizə aparması qeyri-mümkündür.
- Bir məsələyə də toxunmaq istəyirəm. Son illər Gürcüstan müxalifəti təzyiq və təqiblərə məruz qalsa da, yenə də meydanlarda oldu, əzmkar mübarizəni davam etdirdi. Azərbaycan müxalifətində nəyə görə əzmkar mübarizə ruhu yoxdur?
- Gürcüstan müxalifətinin Azərbaycan müxalifətindən daha ağır zərbələrə məruz qalması barədə fikirlərlə qətiyyən razı deyiləm. ?əinki Gürcüstan müxalifəti, ümumiyyətlə, SSRİ ərazisində fəaliyyət göstərən müxalifətlərin heç biri Azərbaycan müxalifəti qədər təqiblərə, təzyiqlərə, zərbələrə, həbslərə məruz qalmayıb. İstər Baltikyanı ölkələrdə, istərsə də Belarusda müxalifətə Azərbaycanda olduğu qədər təzyiqlər yoxdur. Bəlkə də Ermənistan müxalifətinə olan təzyiqləri Azərbaycanla müqayisə eləmək olar. Bununla belə, Azərbaycan müxalifəti kifayət qədər fəaliyyət göstərmək imkanına malikdir və mövcud imkanlar şəraitində öz fəaliyyətini fədakarlıqla davam etdirir. Sadəcə olaraq, Azərbaycanda indi elə bir şərait, elə bir rejim yaradılıb ki, müxalifətin normal fəaliyyət göstərməsinə imkan yoxdur. Təbii ki, mən bütün səbəbləri subyektiv səbəblər kimi dəyərləndirmək niyyətindən uzağam. Doğrudan da, müxalifətin özündə də müəyyən süstlük, müxalifətin bəzi nümayəndələrində inamsızlıq və qətiyyətsizlik özünü göstərir. Ancaq hesab edirəm ki, Azərbaycanda müxalifətin genişmiqyaslı fəaliyyətinə mane olan başlıca amil heç də bu deyil. Sadəcə, Azərbaycan hakimiyyətinin müxalifətin normal şəkildə fəaliyyət göstərməsinə imkan verməməsi, qanunlara əməl olunmaması, sərbəst toplaşmaq hüququnun tamamilə ləğvi, real siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməməsi, siyasi mənsubiyyətinə görə insanların təqib olunması, mətbuat üzərində basqılar və digər amillər müxalifətin fəallığına mane olur.
- Təəssüfedici məqamlardan biri də odur ki, cəmiyyətin özündə baş verən proseslərə qarşı reaksiya zəifdir. Gülər Əhmədova ilə Elşad Abdullayevin mandat bazarlığından bəhs edən video-görüntü yayılır, hər tərəfdən etirazlar gəlir, amma Azərbaycan cəmiyyətinin səsi çıxmır. Bu barədə nə deyə bilərsiniz? Halbuki belə bir hadisə başqa ölkədə olsaydı, yer yerindən oynayardı, bizdə isə narazılıqlar dörd divar arasından kənara çıxmadı.
- Mən hesab etmirəm ki, Gülər Əhmədova olayı Azərbaycan cəmiyyətini ayağa qaldıracaq başlıca hadisədir. 2003-cü ildən bu yana aparılan faktiki olaraq, siyasi qüvvələri və cəmiyyəti ölkənin siyasi həyatından kənarlaşdırmaq siyasəti də belə reaksiya verə bilərdi. Müxtəlif biznes fəaliyyətləri ilə bağlı məsələlər ortalığa çıxır, Azərbaycan hakimiyyəti xalqın mənafeyi barədə düşünmür, insanların qanuni əmlakı yetərincə kompensasiya ödənilmədən əllərindən alınır. Hazırda Azərbaycan xalqının iradəsini əks etdirən parlament mövcud deyil. Ölkədə yerli özünüidarəetmə sistemi demək olar ki, tamamilə aradan qalxıb. Bu baxımdan, Azərbaycan cəmiyyətinin Gülər Əhmədova olayına reaksiya verməməsi yenilik deyil. Təəssüf ki, Azərbaycan hakimiyyətinin apardığı siyasət nəticəsində cəmiyyətin ölkənin ictimai-siyasi həyatında iştirak imkanları minimuma endirilib. Acınacaqlıdır ki, artıq Azərbaycanda belə hallara müəyyən immunitet yaranıb. Yəni, xalqın böyük hissəsi taleyi ilə barışıb. Ən başlıcası isə, insanlar ölkədə dəyişikliklər olmasını arzulasalar da, dəyişikliklər uğrunda mübarizə aparmaq əzmində olan insanların sayı kifayət qədər azdır və cəmiyyətin böyük əksəriyyəti ölkədə real dəyişikliklərin olacağına inanmır. Düşünürəm ki, hazırda demokratik qüvvələrin qarşısında dayanan başlıca vəzifə də cəmiyyəti demokratik dəyişikliklərin mümkünlüyünə inandırmaqdır.
- Hazırda bu inamsızlıq düşüncəsi hakimdirsə, belə çıxır ki, 2013-cü il seçkilərindən ciddi nəticələr gözləməyə dəyməz?
- Mən, təxminən üç ay əvvəl də Gürcüstana getmişdim. Orada bizim müttəfiqimiz olan Respublikaçılar Partiyasının rəhbərliyinə daxil olan şəxslərlə görüşmüşdüm. Onlar Saakaşvili hökumətinə müxalifətdə olan insanlar idi, ancaq nəinki bu il, hətta yaxın illərdə hər hansı ciddi dəyişikliklərin olacağına inanmırdılar və məsələlərə pessimist yanaşırdılar. Əgər üç ay əvvəl orada deyilsəydi ki, oktyabrda müxalifət qüvvələri hakimiyyətə gələcəklər, Respublikaçılar Partiyasından olan namizədlərin demək olar ki, hamısı parlamentin üzvü seçiləcək, buna heç kəs inanmazdı. Ancaq cəmiyyətdə elə proseslər gedir ki, birdən-birə siyasi vəziyyət dəyişir. Bu gün cəmiyyət inamsız olsa da, qısa müddətdə hər şey dəyişə bilər. Əgər Azərbaycan cəmiyyəti demokratik dəyişikliklər arzusundadırsa, bu arzunu reallaşdırmaq üçün yaranan ilk imkandan faydalanacağı qənaətindəyəm. Bir daha deyirəm ki, Azərbaycan cəmiyyətinin demokratik azadlıqlar uğrunda möhtəşəm mübarizəyə başlayacağı gün uzaqda deyil.
- Arif bəy, Müsavatın qurultayı ilə bağlı məsələ nə yerdə qalıb? Bəziləri qurultayın ertələnəcəyini, gələn ilə qədər təxirə salınacağı bildirirlər. ?iyə məsələ bu qədər uzanır?
- Hazırda qurultayın ertələnməsi ilə bağlı hər hansı fikir mövcud deyil. Bu məsələ ətrafında diskussiyalar ona görə dayanıb ki, Müsavat Partiyası qurultay keçirmək üçün tam şəkildə hazırdır. Sadəcə olaraq, Azərbaycan hakimiyyəti qurultayın keçirilməsi üçün yer ayırandan dərhal sonra qurultay keçiriləcək.
- Hakimiyyət nümayəndələri isə bildirirlər ki, yer üçün budəfəki müraciətlərinə müsbət cavab verilə bilər. Amma onlar müraciət etmirlər...
- Biz qurultaya yer ayrılması üçün müraciət etmişik və bizim müraciətimiz indi də qüvvədədir. Bildirmişik ki, bizə azı 800 nəfərin iştirak edə biləcəyi müvafiq bir zal lazımdır. Əgər hakimiyyət dairələri bizə belə bir zal təqdim edəcəklərsə, biz ali tədbirimizi həmin zalda keçirəcəyik.
- Amma hələ də qurultayın gecikməsini başqanlıq məsələsi ilə əlaqələndirirlər. Hazırda Müsavatda seçkilərə kimi İsa Qəmbərin başqanlıqdan getməsi, yaxud qalması ilə bağlı ümumi əhval-ruhiyyə nədən ibarətdir?
- Ümumi əhval-ruhiyyə ondan ibarətdir ki, seçkiyə qədər başqan dəyişikliyi olmasın. Yəni, biz istəyirik ki, İsa Qəmbər 2013-cü il prezident seçkilərində Müsavat Partiyasının başqanı olaraq iştirak etsin. Lakin bu məsələləri həll etmək səlahiyyəti qurultaya aiddir. Hesab edirəm ki, qurultayda hansı qərar qəbul olunacaqsa, o qərara uyğun da hərəkət ediləcək.
Zaur ƏHMƏD