"Hakimiyyət üzləzdiyi vəziyyətin nə qədər ağır olduğunu dərk eləməyə məcburdur"

img

02-10-2012 [06:01]


[b]Eldar Namazov: "Artıq Avropa Parlamentinin, AŞPA-nın nümayəndələri Avropa Birliyinin komissarına bu məsələ ilə bağlı müraciət ediblər. Hazırda söhbət bütövlükdə parlamentin qeyri-legitimliyindən, Azərbaycanın AŞPA-dakı nümayəndəliyinin mandatından, seçkiləri saxtalaşdıran insanlara qarşı sanksiyalardan gedir" [/b] Son günlər Azərbaycanda gündəmi zəbt edənəYAP-çı deputat Gülər Əhmədova və fəaliyyəti qadağan olunmuş ABU-nun sabiq rektoru, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayevin danışıqlarını əks etdirən video-çarx ciddi nəticələr doğurmaqdadır. Qısa vaxt ərzində həm Azərbaycanda, həm də beynəlxalq arenada ciddi müzakirə mövzusuna çevrilən bu məsələ hakimiyyət üçün başağrısına çevrilib. Hakimiyyət isə siyasi qərar verdi, prokurorluq cinayət işi açdı, YAP Gülər Əhmədovanı "qara ləkə" adlandırıb, ondan imtina etdi. G.Əhmədova isə mandatdan imtina etməklə bağlı Milli Məclisə müraciət ünvanladı. Yəqin ki, gələn həftə G.Əhmədova deputat mandatından məhrum ediləcək. Amma görünən odur ki, proses bitmir, bu məsələ yeni bir prosesin başlanğıcı da ola bilər. Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazovla söhbətimizə də bu mövzudan başladıq. - Hesab edirəm ki, burada yalnız söhbət bir mandatdan, bir dairədə keçirilən seçkilərdən getmir. Faktiki olaraq, bu mənzərə göstərir ki, Azərbaycanda ümumiyyətlə, seçki adında bir proses yoxdur. Açıq-aşkar deyilir ki, Prezidentin stolunun üstünə qoyulan siyahı var, insanlar bu siyahıya düşmək üçün milyonlarla pul xərcləyirlər və həmin siyahıya düşməyən adam mandat ala bilməz. Yəni, bu hadisə bütövlükdə Azərbaycanda parlament seçkilərinin saxtalaşdırıldığını, həmin orqanın ümumiyyətlə, qeyri-legitim olduğunun göstəricisidir. Məsələ ondadır ki, parlament qeyri-legitimdirsə, deməli, bütünlükdə siyasi sistem qeyri-legitimdir. Ona görə ki, parlament ölkənin baş nazirini, dövlət büdcəsini, Konstitusiya Məhkəməsinin üzvlərini, seçki komissiyalarının nümayəndələrini təsdiq edir. Bu baxımdan, hakimiyyətin qanunverici qolu bütövlükdə qeyri-legitimdirsə, onda bütün sistem qeyri-legitim qəbul olunur. Ona görə də, şəxsən mənim gəldiyim qənaət odur ki, Azərbaycanda bütövlükdə siyasi sistem dəyişməlidir. Bununla da, Azərbaycanda yenidən demokratik prinsiplərə söykənən bir sistem qurmaq lazımdır. - Məlum video-görüntü yayıldığı ilk gündə heç kim danışmaq istəmirdi, amma prokurorluq cinayət işi açandan sonra YAP Gülər Əhmədovadan imtina elədi. Sizcə, hakimiyyət özünü qorumaq üçün bu varianta getdi, yoxsa... - Hakimiyyət üzləşdiyi vəziyyətin nə qədər ağır olduğunu dərk eləməyə məcburdur. Bu məsələ həm ölkənin daxilində, həm xaricində böyük qalmaqala səbəb olub. Artıq Avropa Parlamentinin, AŞPA-nın nümayəndələri Avropa Birliyinin komissarına bu məsələ ilə bağlı müraciət ediblər. Hazırda söhbət bütövlükdə parlamentin qeyri-legitimliyindən, Azərbaycanın AŞPA-dakı nümayəndəliyinin mandatından, seçkiləri saxtalaşdıran insanlara qarşı sanksiyalardan gedir. Yəni, bu video-çarx Azərbaycanda mövcud olan korrupsiya, rüşvətxorluq, seçki saxtakarlığı və digər məsələləri çılpaqlığı ilə üzə çıxarıb. Ona görə də, bu vəziyyətdə hakimiyyət də hansısa addımlar atmaq zorunda qalıb və Güləh Əhmədovanı qurban verir. Bu mənada, hakimiyyət bu addımı məcburiyyət qarşısında atıb. Əslində, bu bu video-çarx iki aydır ki, hüquq-mühafizə orqanlarında, Prezident Administrasiyasında var idi. Nəyə görə iki ay ərzində buna reaksiya vermədilər? Nəyə görə bir qədər əvvəl cinayət işi qaldırmadılar? Gözləyirdilər ki, bu video-çarx internetdə yerləşdirilsin, hamı bunu görsün, ondan sonra məcburiyyət qarşısında bu addımı atsınlar? Mənə elə gəlir ki, əgər bu məsələ bu qədər ictimailəşməsəydi, hamının bundan xəbəri olmasaydı, Gülər Əhmədovaya qarşı hakimiyyətdən bu şəkildə təzyiq olmazdı. Bu da onun təzahürüdür ki, Azərbaycanda qanunlar işləmir, sadəcə, onun imitasiyası edilir. İndi isə məsələ böyüyüb, bütün dünyanın bundan xəbəri var. Ona görə də, hakimiyyət belə bir addım atır. - Necə düşünürsünüz, bu məsələ ilə bağlı hakimiyyətə qarşı beynəlxalq aləmdən təpkilər hansı formada ola bilər, sərt addımlar atılacaq, yoxsa, tövsiyyə xarakterli bəyanatlar veriləcək? - Artıq Avropa Parlamentinin bu haqda qərarı var ki, seçkini saxtalaşdıran, insan hüquqlarını pozan məmurlara sanksiyalar tətbiq olunsun. Yəni, tövsiyyə olunub və Avropa Komissiyası bunu icra etməlidir. Ona görə də, bu video-çarx youtobee-də yerləşdiriləndən sonra Avropa Parlamenti üzvləri komissiyaya müraciət ediblər. Yəni, Avropanın qanunvericilik hakimiyyəti bu haqda qərar verib. Beynəlxalq hüquq normaları müstəvisində Azərbaycana qarşı sərt qərar verilmiş sayılır. - Bəs, təkrar parlament seçkilərinin keçirilməsi məsələsi gündəmə gələ bilərmi? - İlkin reaksiya onu göstərir ki, Azərbaycan parlamentinin legitimliyi qəbul olunmur. Amma nəzərə almaq lazımdır ki, bizdə digər seçkilər də həmin tərzdə keçirilir. Ona görə də, növbədənkənar parlament seçkilərinin keçirilməsi vəziyyətin tam dəyişəcəyinə imkan yaratmır. Söhbət bütövlükdə mövcud olan siyasi sistemin dəyişməsindən getməlidir. Ona görə ki, hakimiyyətin bütün qolları-qanunverici, məhkəmə, icra hakimiyyəti də korrupsiya və rüşvətxorluq bataqlığında batıblar, hamısı çirkin işlərlə məşğul olurlar. - Beynəlxalq aləm növbədənkənar seçki tələbi qoya bilərmi? - Belə bir tələb qoyula bilər. Ancaq mən hesab edirəm ki, daha da irəli gedilməlidir. Ümumiyyətlə, bu günə kimi keçirilən bütün seçkiləri ləğv edib və yeni seçkilər keçirərək, yeni sistem qurmaq lazımdır. Yəni, burada təkcə parlament məsələsi yox, ümumi sistem məsələsi qoyulmalıdır. - Eldar müəllim, neçə vaxtdır ki, Azərbaycan ictimaiyyətində bir süstlük müşahidə olunur. Sizcə, bundan sonra cəmiyyətdə aktivlik yarana bilərmi? - Artıq cəmiyyətin mövqeyində o dəyişiklikləri görürük. Amma fəallığın artması üçün gərək əvvəlcə şüurlarda dəyişiklik baş versin. Şüurlarda baş verən dəyişiklikləri də sosial şəbəkələrdə, mətbuatda müşahidə edirik. İnsanlar korrupsiyaya, saxtakarlığa etiraz edirlər. Hətta ölüm hökmünü bərpa etmək təklifləri də səslənir. - Gülər Əhmədova Milli Məclisə müraciət edərək mandatdan imtina etmək istəyini açıqlayıb. Onun bu addımını necə dəyərləndirirsiniz? - Yeni Azərbaycan Partiyası nümayəndəsinin "Gülər Əhmədova partiya üçün qara ləkədir və onun YAP-ı parlamentdə təmsil etməyə mənəvi haqqı çatmır",- bəyanatından sonra artıq aydındır ki, hüquq-mühafizə orqanları Əhmədovanın toxunulmazlıq statusunun ləğvi üçün parlamentə müraciət hazırlayırlar. Ona görə də, onun özünün ərizə ilə müraciət etməsi faktiki olaraq, prosesi qabaqlamaq cəhdidir. Amma fakt odur ki, YAP özü bu deputatdan rəsmən imtina edib. - Belə bir vəziyyətdə müxalifət hansı addımları atmalıdır? - Bu proses hələ təzə başlayıb. Əminəm ki, bu prosesin davamı da olacaq. Beş saatlıq çəkilişin yalnız 15 dəqiqəsi göstərilib. Bu 15 dəqiqə bəs elədi ki, cəmiyyəti və beynəlxalq ictimaiyyəti bu cür çalxalasın. Hələ 4 saat 45 dəqiqəlik yazılar var. Fikirləşirəm ki, son video-çarx deyil ki, yayımlandı. Mənə elə gəlir ki, proses hələ davam edəcək. O ki qaldı müxalifətin vəzifələrinə, mən əminəm ki, Azərbaycanda bu cür məsələlərdə cəmiyyətin passiv olması, inamsızlıq sindromuna düşməsi ilə bağlıdır. Bax, bunu aradan qaldırmaq lazımdır. Bizdə susmuş çoxluq var ki, həmin çoxluq Azərbaycan seçicilərinin 70-80 faizini əhatə edir. O təbəqəni ictimai fəallığa gətirməliyik. Mən, 2005-ci ildə 15-ci dairədən seçkilərə qatılanda bu taktikadan istifadə elədim. Elə Gülər Əhmədova da o dairədən namizəd idi. Onda mənim seçki kampaniyam əsasən susan çoxluq üzərində qurulmuşdu. Nəzərə alın ki, mən, "Azadlıq" blokunun namizədi ilə də mübarizə aparırdım və iki Eldar Namazov adlı şəxs namizəd siyahısındaydı. Bu, seçiciləri çaşdırmaq məqsədi daşıyırdı, sonra məlum oldu ki, seçicilərimin 11 faizi həmin Namazovların qarşısına qeydlər qoyub. Amma nəticədə YAP pulun, inzibati resursların, "Azadlıq" bloku öz elektoratının hesabına müəyyən səs aldı. Amma mən, həm rəsmi protokollarla qalib gəldim, həm də ABŞ hökumətinin maliyyə dəstəyilə keçirilən "exit-poll"un açıqlanan nəticələri xeyrimə oldu. Mandat mənə verilməyəndə, Avropa Məhkəməsi bu məsələyə baxdı və mənim qalib gəldiyimi sübut elədi. Yəni, indi həlledici məsələ o susan çoxluğun siyasi fəaliyyətə qaytarılmasıdır. - Siz parlament seçkilərində bir dairədə o təbəqəni prosesə cəlb eləmişdiniz. Necə düşünürsünüz, 2013-cü il prezident seçkilərində susan çoxluğu prosesə cəlb etmək mümkündürmü? - Hər halda, mən, 2005-ci ildə bir dairədə susan çoxluğu seçki məntəqələrinə gətirə bildim. Ona görə ki, susan çoxluq da Azərbaycan vətəndaşlarıdır, onlar da yaranmış vəziyyətdən narazıdırlar, hər şeyin dəyişməsini istəyirlər. Onların qəlbinə, ürəyinə yol tapmaq lazımdır, onlara vəziyyətdən çıxış yolunu göstərmək, inandırmaq lazımdır. Əgər bu yolla susan çoxluğu hərəkətə gətirmək olarsa, Azərbaycanda ciddi dəyişikliklər baş verər. - Siz dediyiniz susan çoxluğun müxalifətdə dəstəkləyəcəyi, arxasınca gedə biləcəyi şəxs varmı? - Yaxın gələcəkdə verdiyiniz bu suala cavab tapılacaq. Əminəm ki, bir müddət sonra proseslər aktivləşəcək və bu, həlledici amilə çevriləcək. Ona görə ki, proseslərə qatılan fəal təbəqə bəllidir və onlar seçicilərin içərisində azlıq təşkil edirlər. O azlıq uğrunda da iki-üç partiya mübarizə aparır və səsləri parçalayır. Ona görə də, ölkədə heç nə dəyişmir. Ancaq o susan çoxluğu hərəkətə gətirmək üçün addım atılmayıb. Yalnız mən bir dəfə sınaqdan keçirmişəm və əmin oldum ki, bu, ən düzgün yoldur. Əminəm ki, 2013-cü ilin taleyi susan çoxluqdan asılı olacaq. - Eldar müəllim, ötən müsahibənizdə Ziyalılar Forumunun payız planlarından danışmışdınız. Hazırda hansı işlər görülür və nələr planlaşdırılır? - Bizim ilin sonuna kimi görəcəyimiz işlərin planı təsdiqlənib. Bilirsiniz ki, sentyabrın 12-də Bakının işğaldan azad olunmasına və Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş forum keçirdik. O toplantıya Türkiyədən də qonaqlar dəvət olunmuşdular. Biz növbəti aylara da müzakirələr planlaşdırırıq. Qarşıdan gələn prezident seçkiləri ilə bağlı Ziyalılar Forumunun toplantısı olacaq. - Siyasi təşkilatlarla, İctimai Palata və digər birliklərlə ikitərəfli münasibətlərin qurulması, birgə tədbirlərin keçirilməsi nəzərdə tutulurmu? - Belə bir təklif səslənib ki, ümumrespublika demokratik müşavirəsi çağırılsın. O da bildirilib ki, bunu İctimai Palata ilə Ziyalılar Forumu birgə reallaşdırsın. Bu ideyanın özü çox müsbət qarşılanıb. Sadəcə olaraq, bu işin təşkilatçılığı çox ciddi məsələdir. Çünki işi elə təşkil etmək lazımdır ki, bu, həqiqətən də ümumrespublika müşavirəsi olsun. Əgər biz, İctimai Palata ilə hansısa bir dəyirmi masa keçirmək istəsəydik, bir həftə kifayət edərdi ki, o tədbiri təşkil edək. Amma məqsəd ümumrespublika demokratik müşavirə keçirməkdirsə, onun hazırlıq işlərinə daha ciddi yanaşmaq lazımdır ki, demokratiya uğrunda mübarizə aparan, Azərbaycanda demokratik dəyişikliklər istəyən bütün qüvvələr bu müşavirədə təmsil olunsunlar. - Ziyalılar Forumunun nümayəndələri bir müddət əvvəl İctimai Palatanın keçirdiyi mitinqlərə qatılırdı. İctimai Palata yenidən mitinqlərə başlayır. Bu dəfə də onlarla yanaşı dayanacaqsınızmı? - Son mitinqlər olanda Ziyalılar Forumunun üzvü Rüstəm İbrahimbəyov da, mən də həmin mitinqə qatıldıq. Həmin mitinq zamanı elan da olundu ki, Ziyalılar Forumunun nümayəndələri burda iştirak edirlər. Bu, bizim mənəvi borcumuzdur və hesab edirik ki, insan haqları, korrupsiyaya qarşı, demokratiya uğrunda mübarizə aparan ictimai-siyasi təşkilatlarla həmrəyik. Ona görə də, bu günə kimi həbs olunan ictimai-siyasi fəalların müdafiəsi ilə bağlı öz işlərimizi görürük, məhkəmələrdə də iştirak edirik, mənəvi dəstək veririk. İndi Nigar Yaqublunun müdafiəsi komitəsinə də Ziyalılar Forumunun üzvləri qoşulub. Biz bütün bunları ümummilli məsələ sayırıq və gələkdə də bu istiqamətdə fəaliyyətimizi davam etdirmək fikrindəyik. Zaur ƏHMƏD

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA