"Xalqın gələcəyi oğurlanırsa, o, ayağa qalxmalıdır"

img

29-09-2012 [05:09]


İctimai Palata ABU-nun keçmiş rektoru Elşad Abdullayevlə YAP-çı deputat Gülər Əhmədova arasında rüşvətlə mandat sövdələşməsinə dair yayılmış video ilə bağlı sentyabrın 29-da Müsavat Partiyasının qərargahında dinləmə keçirib. Tədbirin müzakirə mövzusu deyilən video ilə təsdiqlənən seçi saxtakarlığı və cinayət faktı olub. Tədbirdə İP üzvləri ilə yanaşı ölkənin tanınmış hüquqşünasları, vəkilləri, siyasi partiya təmsilçiləri, QHT nümayəndələri, ziyalılar, ictimai fəallar iştirak edib. Dinləmədə ilk çıxış edən Koordinasiya Şurasının üzvü, Müsavat başqanı İsa Qəmbər olub. O, bu hadisənin dələduzluq yox, dövləti cinayət olduğunu deiyb: ?Bu hadisə hakimiyyətin tövsiv etdiyinin əksinə, sadəcə dələduzluq məsələsi deyil. Bu, dövləti cinayətdir. Bizim tələbimiz parlamentin təcili buraxılması və yeni seçkilərin keçirilməsidir. Bu, hakimiyyət üçün ən düzgün yol olar?. İ.Qəmbər çıxışında xalqı baş verənlərə etiraza da səsləyib: ?Əgər söhbət konstitusion cinayətdən gedirsə, buna bütün xalq etiraz etməlidir. Xalqın gələcəyi oğurlanırsa, o, ayağa qalxmalıdır. Hər yerdə xalqa çatdırmalıyıq ki, bu rejimə "get" deməyin, ?istefa? deməyin vaxtıdır. Xalq hazırdırsa, biz bunu etməyə hazırıq?. Sonra vəkil Aslan İsmayılov çıxış edib. Vəkil bildirib ki, cəmiyyət bu məsələyə susmamalıdır: ?Bu məsələdə sussaq, biz vətəndaş yox, köləyik?. A.İsmayılov bu faktının üstünün açılması, cəmiyyətin bu barədə məlumatlandırılmasında oynadığı rola görə ?Azadlıq? qəzetinə xüsusi minnətdarlıq ifadə edib. İP üzvü Səxavət Əlisoy isə təklif edib ki, bu hadisə ilə əlaqədar beynəlxalq təşkilatlarla görüş küçirilsin. İP üzvü Aydın Şükürlü qeyd edib ki, baş verənlər hakimiyyətin xalqa qarşı törətdiyi cinayətdir, eyni zamanda onun özünün ifşasıdır. İP KŞ üzvü İbrahim İbrahimli isə bildirib ki, bu, Hacı Məmmədov olayı və Əli İnsanovla Fərhad Əliyevin məhkəmə prosesləri zamanı hakimiyyətin ifşasından sonra Azərbaycanın son 20 illik tarixində baş verən üçüncü dövləti cinayətdir. ?Bu, birbaşa dövləti cinayətdir, parlamentin qəsb olunması faktıdır, mövcud korrupsioner, kriminal rejimin ifşasıdır. Biz prosesi ifşadan iflasa və iflasdan istefaya doğru aparmalıyıq?, - deyə o bildirib. Müzakirələrdə iştirak edən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli məlum videokadrı hakimiyyətdaxili mübarizənin təzahürü adlandırıb. Q.Əlibəyli qeyd edib ki, kadrda görünənlər siyasi koorupsiya, hakimiyyətin mənimsənilməsi, seçkilərin saxatalaşdırılması faktdır. Lakin hakimiyət məsələni xırda dələduzluğa yönəltmək istəyir. Əslində isə vəzifəli şəxs hakimiyyət səlahiyyətlərindən istifadə edib. Vəkil Mənsum Bayramov bildirib ki, iş respublika prokurorluğundan alının Korrupsiyaya qarşı Mübarizə İdarəsinə verilməlidir: ?Ortada dələduzluq faktı var. Bununla yanaşı çoxsaylı başqa cinayətlərin əlamətləri də ortadadır. Seçki qanunvericiliyi pozulub. Qeyri-müəyyən "kassa" məsələsi qabardlmalıdır. "Kassa" kimindir, nəyə xidmət edir??. İP üzvü İmamverdi Cəfərov bu hadisəni ?təbii fəlakətə? bənzədib. ?Biz iki ildir etiraz edirik, hökumət reaksiya vermir. Gülər Əhmədovanın saxtakarlığı bizim dediklərimizi sübut etdi. İndi sanki böyük bir bənddə deşik açılıb. Təzyiqi gücləndirməsək, bənd yarılmayacaq. Parlamentin buraxlılmasına nail olmalıyıq?. Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı isə bildirib ki, baş verənlərə görə ölkədə prezident seçkilərinə qədər parlament seçkilərinin keçirilməsinə nail olmaq lazımdır. "Buna Ramiz Mehdiyev və Ramil Usubov, ATƏT və Avropa Şurası münasibət bildirməlidir. Seçkilərdən sonra İlham Əliyevi təbrik edən beynəlxalq qurumlardan bunamı görə təbrik etdikləri soruşulmalıdır. Ən yaxın zamanda bununla bağlı kütləvi aksiyalara başlamaq lazımdır. Bu məsələni qətiyyən adi dələduzluq və ya oliqarxlararası mübarizə kimi qələmə vermək düzgün deyil", - deyə o qeyd edib. İP KŞ üzvü Pənah Hüseyn deyib ki, Gülər Əhmədova cinayətkar olmaqla, həm də çox qiymətli şahiddir: O, qeyd edib ki, ?kassa", ?seçicinin 1 nəfər, deputatlığa namizədlərin çox olması?, ?alver? kimi faktlar var ortada. ?Mən dünəndən bəri Gülərin həyatı ilə bağlı narahatam. Bir neçə dəfə insult keçirib xəbəri çıxdı. Daha sonra istefa məktubu. Yüzdəyüz əminəm, bu ərizəni Gülər Əhmədova yazmayıb. Ordakı cümlələr Gulərin halına, əhvanlına uyğun deyil", - deyən P.Hüseyn məsələni diqqətdə saxlamaq üçün ictimai təhqiqat komissiyasının yaradılmasını təklif edib. AXCP Gənclər Komitəsinin Əbülfəz Qurbanlı deyib ki, ilk olaraq İP ?Parlament buraxılsın? kampaniyasına başlamalıdır. "Hadisəyə artıq bir neçə gündür düzgün qiymət verilib. Bizim əsas vəzifəmiz bu hadisənin gündəmdən düşməməsi olmalıdır. İctimai Palata ?Parlament buraxılsın? kampaniyasına başlamalıdır . Bu, o vaxta qədər davam etsin ki, Milli Məclis buraxılsın. Müzakirələrlə yanaşı, aksiyalar da olmalıdır və bu aksiyalarda hamı iştirak etməlidir?. İP Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal bugünkü hadisələrin əsasının 1993-cü ildən qoyulduğunu bildirib: "Çıxışlarda bu gün baş verən hadisə deyirik. Bu hadisə bu gün baş verməyib. 1993-cü ildən hakimiyyət devrilib və bu hadisə o vaxtdan başlayıb. Heç bir qanun işləmir və bu, 19 ildir davam edir. Hamı bilir ki, parlamentə də seçkilər bu cür keçirlir və buna Ramiz Mehdiyev rəhbərlik edir. Bunu deyirdik, amma sübut etmək olmurdu. Bu video bunu sübut etdi?. V.Mirkamala görə, demokratik düşərgə indiki hakimiyyətin vaxtında keçirilmiş bütün seçkilərlə bağlı onlara müsbət rəy vermiş qurumlardan bunun hesabını sormalıdır. O, İP adından yanvar ayına qədər vaxtından əvvəl parlament və prezident seçkiləri keçirməyin tələb edilməsini də təklif edib. Çıxışlara İP Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli yekun vurub. "Ölkə üçün çox mühüm hadisə baş verir. Biz hamımız bilirdik ki, belə hallar var. Amma bizim dediyimiz bu məsələni biz bu günlərdə artıq videolentlərdə gördük. Az TV-lər bu haqda sussa da, artıq xalq bundan danışır. Hadisəni hökumət əvvəl görməməzliyə vurmaq istədi. İndiyədək bu hökumət o qədər faktları belə gizlətməyə çalışıb ki... Azərbaycan iqtisadçıları sübut edib ki, indiyə kimi gömrükdə 10 milyardlıq yeyinti olub. Amma bununla bağlı bir nəfər də olsun cəzlandırılmayıb. İqtisadçılarımız bildirir ki, ölkədəki bahalaşma inhisarla bağlıdır, hökumətsə susur. Yüzmilyolarların, milyardaların mənimsənimləsi oldu, cəzalanan oldumu? Hacı Məmmədov məsələsində kimsə cəzalandırıldımı? Xeyr! Amma indi bu, baş verir. Azərbaycan hökuməti bu cinayəti gizlətmək üçün hər şeyi edib, amma bu baş tutmadı. Yeddi il ərzində bu hadisə ilə bağlı hüquq-mühafizə orqanları da, siyasi rəhbərlik də xəbərdar olub və susublar. Amma indi Azərbaycan xalqının kütləvi etirazlarını gördükdən sonra susmadılar. Bu nə vaxt oldu? O zaman oldu ki, artıq sosial şəbəkələr bu xalqın etiraz mühərrikinə çevrildi, xalq od püskürdü. Ona görə də cinayət işi açmağa məcbur oldular. Amma bu cinayət işində nə nəzərdə tutulur? Əgər bu məsələ yalnız dələduzluq kimi nəzərdə tutulsa, bu, o deməkdir ki, guya Gülər Əhmədova bu işi yalnız tək görüb, heç kimlə əlaqəsi və göstəriş almaları olmayıb. Bu, birbaşa siyasi korrupsiyadır, mütəşəkkil cinayət hadisəsidir. Bu iş dələduzluqla tövsif oluna bilməz. Bu, sistem cinayətidir, dövlət səviyyəsində həyata keçirilmiş cinayətdir. Prokurorluq artıq bu videonun həqiqiliyini təsdiq edib. Bu videodakı bütün tərəflər danışdırılmalıdır. Bu "ümummilli kassa" məsələsi aydınlaşdırılmalıdır. Bütün nazirliklərdən, qurumlardan, insanlardan xərac toplayan aydınlaşdırılmalıdır. Bu şəxs tanıdılmalıdır. Bütün indiyədək baş verənləri və bu videonu nəzərə alaraq, mən siyasi və sosial statusundan asılı olmayaraq, hamını meydanlara, aksiyalara çıxmağa çağırıram?, - deyə Ə.Kərimli bildirib. Sonda İP məlum qalmaqalla bağlı prezident yanında Korrupsiya ilə mübarizə Komissiyasının sədri Ramiz Mehdiyevə, baş prokuror Zakir Qaralova və Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə İdarəsinə müraciət qəbul edib. azadliq

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA