23-09-2012 [04:10]
Azərbaycanda çörəyin qiymətinin qalxması ilə bağlı ajiotaj yaranıb. Artıq ölkənin bütün bölgələrində, hətta paytaxtda da un və çörəyin qiyməti narahatedici səviyyədə qalxıb. Belə ki, son günlər Bakının bir sıra mağazalarında çörəyin qiyməti qalxıb. Bəzi mağazalarda qiyməti 30 qəpiyə olan çörəyin axşamdan 35 qəpiyə satıldığı müşahidə edilib. Unun qiymətində də artım müşahidə olunub.
Hətta ans televiziyasının bir neçə dəyirmanda apardığı müşahidələr zamanı məlum olub ki, əgər 2 ay bundan əvvəl 1 kisə unun qiyməti 17 manat 50 qəpik idisə, indi 19 manat 50 qəpik olub. İstehsalçılar bahalaşmaya səbəb kimi xarici ölkələrdə hökm sürən quraqlıqla bağlı idxal olunan buğdanın bahalaşmasını göstərir.
Amma rəsmi qurumlar bahalaşma ilə bağlı deyilənləri qəbul etmir. İqtisadi İnkişaf Nazirliyi iki gün öncə çörəyin qiymətinin bahalaşması ilə bağlı rəsmi açıqlama yayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin verdiyi məlumata görə, çörəyin qiymətində heç bir artım baş verməyib. Onun sözlərinə görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti mütəmadi olaraq bazarda nəzarət tədbirləri həyata keçirir. Çörəyin də mühim qida vasitələrindən olduğunu nəzərə alaraq bununla bağlı mütəmadi monitorinqlər aparılır. Ötən gün də aparılan monitorinqlərin nəticələri göstərdi ki, çörəyin bahalaşması haqqında yayılan məlumatlar yalandır: ?İstehlak bazarında çörək əsas qida olduğundan dövlət tərəfindən bu sahəyə mütəmadi nəzarət tədbiri həyata keçirilir. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar siyasəti xidməti vaxtaşırı olaraq o bazarda monitorinq keçirir. Aparılan monitorinqlər göstərir ki, çörəyin qiymətində hər hansı artım qeydə alınmayıb. Paytaxtın bütün ticarət obyektlərində çörəyin qiyməti əvvəlki kimi 30 qəpikdir?. A.Əliyev onu da bildirdi ki, monitorinqlər bundan sonra da davam etdiriləcək.
Hökumətin yalançı arqumentləri
Buna baxmayaraq Bakı və ətraf rayonlarda aparılan son araşdırmalar çörək və unun bahalaşdığını göstərir. Ekspertlər isə unun və çörəyin bahalaşmasında təəccüblü bir şey görmürlər. Onların qənaətincə, Azərbaycanın taxıl istehsalındakı problemlər, xarici taxıl istehsalçılarının qiyməti qaldırması Azərbaycanda bahalaşmanın olmasını zəruri edir.
Məsələylə bağlı ?Reytinq?ə açıqlama verən Iqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev çörəyin və unun qiymətinin qalxması gözlənilən məsələ idi. Onun sözlərinə görə, Azərbaycanda istehsal olunan çörəyin ununu xaricdən gətirirlər və idxal olunan ölkədə baş verən qiymət artım avtomatik olaraq bizə də təsir edir: ?Bilirsiniz ki, son vaxtlar həm Amerikada, həm Rusiyada, həm Ukranada iqlim şəraiti ilə əlaqədar olaraq baş verən problemlər üzündən taxıl istehalı azalıb. Dünya bazarında da taxılın, unun qiyməti qalxıb. Bu da təbii ki, ölkə daxilində çörəyin, unun qiymətinin artırır. Son vaxtlar həm çörək istehsalçıları da qiymət artımını bununla əsaslandırırlar. Ümumi götürdükdə çörəyin qiymənin artması gözlənilən idi. Ona grə də təəccüblənməyə ehtiyac yoxdur?.
Azər Mehdiyev hökumətin qiymət artımını təkzib etməsini qəbul etmir. Onun sözlərinə görə, sadəcə qiymət artımı yoxdur deməklə iş bitmir: ?Bahalaşmanı təkzib edənlər qoy arqument gətirsinlər görək necə təkzib edirlər. Statistika açıqlasınlar ki, bu ölkədə istehsal olunan taxılın nə qədər hissəsi un istehsalına gedir. Göstərsinlər görək Azərbaycanda istehsal olunan çörəyin bişirldiyi unun hansı hissəsi xaricdən gətirilir. Bu, elə də çətin bir şey deyil. Əgər İqtisadi İnkiaf Nazirliyi bahalaşmanın olmadığını iddia edirsə, onda ortaya arqumenlər qoysun. Ən yaxşı onlar ç.rəkbişirmə müəssisələrini məcbur edə bilərlər ki, çörəyin qiymətini olduğu kimi saxlasınlar, amma bu zaman da çəki azalacaq. Burada da qramm hesabı ilə görürüksə, qiymət artımı qaçılmaz olur. Yəni, hazırda elə bir vəziyyət yaranıb ki, ya çörəyin qiyməti qalxmalıdır, ya çəkisi azaldılmalıdırö Bütün hallarda qiymət artımı var və bunan sonra da davam edəcək?.
Çörəyimiz xaricdən gəlir
İqtisadi Tədqiqatlar Tərkəzinin aqrar siyasət üzrə eksperti Vahid Məhərrəmov deyib ki, Azərbaycanda çörəyin qiymətinin qalxması məsələsi iki-üç ay bundan qabaq unun qiymətinin bahalaşmasından qanaqlanır: ?Topdan satış bazarlarında unun kisəsi 15-16 manat satıldığı halda , artıq 19 manata qədər qalxıb. Hətta rayonlarda unun kisəsi 22 manata çatılır. Gəlin görək, unun qiyməti niyə qalxdı? Ona görə ki, biz unüyütmədə istifadə olunan ərzaq buğdasını Rusiyadan və Qazaxıstandan idxal edirik. B gün Rusiyada 4-cü sinif buğdanın bir kq-nın qiyməti 20 qəpikdir. Əvvəllər həmin buğdanın qiyməti 13-14 qəpik olub. Təsəvvür edin, görün Rusiyanın özündə buğdanın qiyməti nə qədər qalxıb. Rusiyadakı qiymət artımının səbəbi odur ki, bu il ötən ilə nisbətən 20 milyon ton az taxıl istehsal olunub. Rusiya hər il bu qədər buğdanı dünya bazarına çıxarırdı. Bax, bu məhsuldarlıq az olduğu üçün qiymət artımı yaranıb. Ona görə də əvvəlcədən pronoz verildi ki, məhsuldarlıq aşağı olacaq və həmin anda bazarda qiymət qalxdı. Yəni, bazarda təklif azalıb. Təklif az olduğu üçün qiymət qalxır. Bilirsiniz ki, bazarda qiyməti yaradan tələb və təklifdir. Əgər təklif azdırsa, qiymət qalxır. İndi də taxıl təklifi az olduğuna görə qiymət artımı yaranıb?.
İri taxıl istehsalçısı olan ölkələrdəki taxılın bahalaşmasının Azərbaycan bazarına nəyə görə bu dərəcədə təsir etməsinə gəlincə, V.Məhərrəmov qeyd edib ki, Azərbaycan idxal buğdasına olan tələbini Rusiya və Qazaxıstanın hesabına ödəyir. Bu səbəbdən də bizdə qiymətlər həmin ölkələrdən asılı vəziyyətdədir. Yəni, Rusiya və Qaxaxıstanda qiymətlər qalxanda Azəraycan istr-istəməz bu artımın əziyyətini çəkir. ?Azərbaycanın buğda və un idcal etdiyi şirkətlər bizim sahibkarları xəbərdar edir ki, artıq qiymət qalxıb. Ona görə də bizim sahibkarlar bəribaşdan qiymət artımına gedirlər. Bilirlər ki, növbəti mərhələdə xaricdən aldıqları buğda baha olacaq və sıçrayşla qiymət artırmalı olacaqlar. Ona görə də qiymət artımını mərhələ-mərhələ reallaşdırırlar. Unun kisəsini əvvəlcə 2 manat qaldırdılar, sonra 1 manat, bir az keçdi 2 manat da qaldırıb gətirib 22 manat elədilər. Amma qiymət artımının bundan sonra da davam edəcəi gözlənilir?.
Camaata nəm çörək satırlar
Müsahibimiz onu da bildirib ki, İqtisadi İnkişaf Nazirliyinin çörəyin qiymətinin qalxmamasını deməsi əsassızdır. Onun sözlərinə görə, İqtisadi İnkişaf Nazirliyinin nəzdindəki anti-inhisar departamenti bu şəkildə byanat verir ki, guya hansısa bir iş görür. Bakı şəhərinə və digər şəhərlərdə sənaye üsulu ilə alınan çörəyin dəyərinə gəlincə, V.Məhərrəmov deyib ki, burda da İqtisadi İnkişaf Nazirliyi səmimi deyil: ?Ona görə səmimi deyil ki, əgər əvvəl 50 kq-lıq kisədən 110 kündə alınırdısa, indi sahibkarlar həmin kündələrin sayını 120-yə qaldırıb. Bu da o deməkdir ki, çörəyin çəkisini azaldaraq, onun sayını artırıblar. Belə halda çörəyin dəyəri qalxmasa da, onun çəkisinin azalması hesabına istehlakçılar daha baha çörək əldə edirlər. Yəni tam məsuliyyətlə demək olar ki, Azərbaycanda istehsal olunan çörəyin qiyməti bütövlükdə qalxıb?.
Ekspert qiymət artımından yalnız alıcıların əziyyət çəkdiyini vurğulayıb. Onun firkincə, taxıl istehsalçılarından tutmuş çörək bişirənlərə qədər hər kəs öz gəlirini lazımi səviyyədə götürür: ?Bundan əziyyət çəkən istehlakçılar. Yəni, onlar daha az çəkidə çörək alırlar. Digər halda çörəkbişirmə ilə məşğul olan sahibkarlar fənd işlədirlər. Çörəyin tam bişməsinə imkan yaratmırlar. Müxtəlif vasitələrdən istifadə edirlər ki, nəmlik buxarlanıb getməsin. Yəni, çörək nə olur və çəki itirilmir, amma çörəyin keyfiyyətinə təsir edir. Bu gün biz bazarlarda müxtəlif cür çörək görürük. Həi çəkisi azalmış, həm keyfiyyəti aşağı düşmüş, həm də qiyməti artmış çörək görürük. Bütün bu halarda yalnız istehlakçılar uduzur. İstehsalçı da, un alıb gətirən şirkətlər də, taxılı istehsal edən xarici sahibkarlar da gəlir əldə edir, uduzan və əziyyət çəkən alıcılar olur. Bir sözlə, bu gün Azərbaycanın taxıl, un və çörək bazarındakı reallıq bundan ibarətdir və hər şey alıcının əleyhinə işləyir. İqisadi İnkişaf Nazirliyi və hökumətin digər aidiyyatı qurumlar isə sadəcə əsası olmayan açıqlamalar verməkdən başqa bir iş görmürlər?.