Ramil Səfərovun Hüquqlarının Müdafiəsi üzrə Koordinasiya Şurası ilham Rəhimova etiraz edir

img

21-09-2012 [03:30]


Dünən bəzi mətbuat səhifələrində İlham Rəhimov Ramil Səfərovla bağlı verdiyi müsahibədə millət vəkilləri və ictimai xadimlərin ünvanına əsassız ittiham dolu fikirlər səsləndirmişdir. Onun bu fikirlərinə vaxtilə ictimaiyyət tərəfindən yaradılmış, millət vəkilləri, vətəndaş cəmiyyəti təmsilçiləri, ictimai xadimlərdən, ziyalılardan ibarət Ramil Səfərovun hüquqlarını Müdafiə üzrə Koordinasiya Şurasının (KŞ) bir qrup üzvləri-millət vəkili Qənirə Paşayeva, Məlahət İbrahimqızı, Azay Quliyev və Umud Rəhimoğlu çox ciddi və qəti etirazlarını bildirmişlər. İlham Rəhimov müsahibəsində deyir: "Mətbuatdan mənə aydın oldu ki, Ramil ölkəyə gələndə xeyli ictimai xadimlər, hətta deputatlar yığışıb onun evinə getmişdilər. Sual olunur, Ramil həbsdə olanda, anası rəhmətə gedəndə o adamlar zabitimizin evinə getmişdilərmi, atası ilə maraqlanmışdı?" Bizə çox maraqlıdır ki, İlham Rəhimov bu ittihamedici sualla mətbuata niyə müraciət edir. Bunun səbəbi nədir? Bəlkə insanlar Ramilə öz sevgisini bildirəndə ona hesabat verməli və ya ondan icazə almalı idi? İlham Rəhimov ən azı ictimaiyyət və millət vəkilləri haqqında belə məsuliyyətsiz fikir səsləndirməzdən öncə Ramil Səfərovdan, onun ailəsindən və ya atası Sahib Səfərovdan müəllimdən nə isə soruşa bilərdi. İlham Rəhimov mətbuatda ittiham dolu sualları səsləndirməzdən öncə Sahib Səfərovdan, sadəcə, 2 dəqiqə ərzində bütün cavabları ala bilərdi. Biz ondan fərqli olaraq etdiklərimiz haqqında səhifə-səhifə müsahibələr verməmişik və bunu ayıb hesab etmişik. Biz Müdafiə Şurasının üzvləri gördüyümüz işləri dilə gətirməyi insanlıqla uyğun olmayan bir şey hesab etmişik. Müdafiə Şurasının üzvləri müntəzəm olaraq Ramil Səfərovla və onun ailəsi ilə əlaqə saxlamış, onların ən çətin və ağır günlərində, ailə üzvlərinin yanında olmuş və mümkün olan hər cür dəstək heç zaman əsirgənməmişdir. Əgər İlham Rəhimov daha çox məlumat almaq istəsə Koordinasiya Şurasının üzvlərinə müraciət edə bilər. Sadəcə, kiminsə etdiyi belə kiçik məsələlər haqqında danışmağı və ya başqalararına qarşı hörmətsizlik etməsi onun özünün hansı keyfiyyətə malik olmasının göstəricisidir. Əlbəttə Ramil həbsdən azad olunan zaman bütün ictimaiyyət onunla görüşmək arzusunda idi. Görüşməyə gələn bir qrup ictimai xadimlər və millət vəkilləri Ramil həbsdə olduğu zaman yaranmış Koordinasiya Şurasının üzvləri idi. Onlar Ramilə həmin gün müqəddəs yerləri ziyarət etməkdə hörmət naminə yodaşlıq edirdilər. Əlbəttə bu tərzdə ittihamedici suallarla mətbuatda çıxış etmək nə bir hüquqşünasa, nə də bir insana yaraşmaz. Və bir də kiminsə kimə qarşı etdiyi hər hansı xeyirxah bir əməlini səsləndirməsi insan mədəniyyətinə və humanizm prinsiplərinə zidd olan bir şeydir. Ramil xalqımızın ləyaqətli və qeyrətli oğludur. O bunu əməli ilə sübut etdi. Ona dəstəyi isə bütövlükdə xalq da öz sevgisi ilə bildirmişdi. Bir də ki, axı ən böyük, çətin və məsuliyyətli problemi hər zaman xalqına söykənən və xalqın dəstəyinə istinad edən Möhtərəm Cənab Prezidentimiz öz cəsarəti, qətiyyəti və vətənpərvər addımı ilə həll etdi. Əslində çox tanınmış və cəmiyyətdə kifayət qədər nüfuzları olan Müdafiə Şurasının üzvləri bu cür suallara, cavab vermək istəməzdi. Təəssüf ki, İlham Rəhimovun bir ziyalıya yaraşmayan tərzdə ittiham dolu manşetlərdə verilən sualları ictimaiyyətdə çaşqınlıq yaratmasın deyə, Müdafiə Şurasının üzvləri cavab vermək zəruriyyətindən qaynaqlandı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA