Prezidentin xannımı və qızları bir arada

img

16-09-2012 [09:49]


Sentyabrın 15-də dünyanın aparıcı hərrac evi hesab olunan "Christies" Heydər Əliyev Fondu və "YARAT!" Müasir İncəsənət Məkanı ilə birlikdə Bakıda yenicə istifadəyə verilmiş "The Four Seasons Hotel"in möhtəşəm salonunda Azərbaycanda ilk sərgisini təşkil edib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak edib. Sərgidə "Christies"in London, Nyu-York və Dubayda keçirdiyi payız satışlarında iştirak üçün seçilmiş müxtəlif sənət əsərləri, əşyalar və eksponatlar nümayiş olunur. Həmin eksponatlara impressionist, İkinci Dünya müharibəsindən sonrakı dövrün və müasir incəsənət əsərləri, Şərq xalçaları, eləcə də Birləşmiş Ərəb Əmirlikləri, İran və Türkiyənin çağdaş sənət nümunələri daxildir. Bu sərgidə dünyanın tanınmış fırça ustalarının əsərləri yer almışdır. Bu sırada Pablo Pikasso kimi dünya şöhrətli rəssamın yaratdığı ölməz sənət incisi də vardır. Rəssamın həyat yoldaşı və itini təsvir etdiyi əsər "Qadın itlə" adlanır. Pablo Pikasso bu əsəri 1962-ci ildə çəkmişdir. Əsər 5-7 milyon dollar arasında qiymətləndirilir. Həmin əsərlə yanaşı, "Christies"ın kolleksiyasına daxil olan, XVIII əsrə aid Qarabağ xalçası da nümayiş edilir. Sərgi ilə yaxından tanış olan Mehriban Əliyevaya buradakı bənzərsiz sənət nümunələri haqqında ətraflı məlumat verilib. Azərbaycanın birinci xanımı sərginin qonaqlar kitabına ürək sözlərini yazıb. 2011-ci ildə Aida Mahmudova tərəfindən təsis edilmiş "YARAT!" qeyri-kommersiya təşkilatı müasir Azərbaycan incəsənətini ölkə və dünya səviyyəsində təmsil etmək məqsədilə yaradılmışdır. Təşkilat həm Azərbaycanda, həm də xaricdə qeyri-kommersiya xarakterli incəsənət fondları ilə faydalı dialoq və mübadilə aparır, həmçinin təhsil təşəbbüsləri, eləcə də beynəlxalq incəsənət mükafatları təsis etmək məqsədi naminə də fəaliyyət göstərir. Mərasim bir-birindən maraqlı musiqi proqramı ilə davam etmişdir. Azərbaycanın dövlət və hökumət nümayəndələrinin, tanınmış sənət adamlarının, həmçinin dünyanın müxtəlif ölkələrindən 50-dək kolleksiyaçının, muzey işçisinin iştirak etdiyi Bakı sərgisi böyük maraq doğurub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA