Fəzail Ağamalı: "Nigar Yaqublu mütləq zaminə verilməlidir?

img

16-09-2012 [04:52]


Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə Müsavat Partiyasının gənc fəalı Nigar Yaqublunun zaminə buraxılacağına ümid edir. O, ?Yeni Müsavat?a açıqlamasında N.Yaqublunu zaminə götürmək üçün baş prokurora ünvanladığı müraciətə baxılacağına əminliyini bildirib. Qeyd edək ki, Milli Məclisin deputatı İqbal Ağazadə N.Yaqublunun zaminə buraxılması üçün sentyabrın 11-də baş prokurora müraciət edib. Müraciətdə Nigar Yaqublunun azadlığa buraxılması və yaxud ev dustağı edilməsi xahiş olunub. İ.Ağazadənin sözlərinə görə, Sumqayıt Apelyasiya Məhkəməsinin ədalətli qərar verərək N.Yaqublu barəsində əvvəlki məhkəmə instansiyasının qərarını dəyişəcəyinə də ümid var: ?Hər halda, hesab edirəm ki, baş vermiş hadisənin mahiyyəti, cinayət tərkibi və şübhəli şəxs qismində saxlanılam Nigar Yaqublunun şəxsiyyəti, ünvanının məlum olması və digər yüngülləşdirici hallar bu tip hadisələrdə - təsadüfi qəzalarda həbs qəti imkan tədbiri seçmək üçün yetərli deyil. Düşünürəm ki, bunu nəzərə alaraq hüquq-mühafizə orqanları, o cümlədən məhkəmə Nigar Yaqublu haqqında 17 sentyabr tarixində Sumqayıt Apelyasiya Məhkəməsində keçirilən iclasda doğru-dürüst dəyərləndirmə edəcək və Nigar Yaqublu barəsində seçilmiş həbs qəti imkan tədbirini dəyişdirəcək?. Deputatın sözlərinə görə, bir neçə məsələ ilə bağlı ictimaiyyətdə açılan müzakirələr gücləndirici amillərdir. Ancaq milli mentalitet, dəyər, xanımlıq, qadınlıq və sair kimi məsələlərdən başqa, hüquq da N.Yaqublu barədə həbs qəti imkan tədbirinin seçilməməsinə əsas verir. ?Hüququn özü bilavasitə Nigar Yaqublu haqqında həbs qəti imkan tədbirini seçməmək üçün ciddi əsaslar verir. Ona görə də biz hüquqa söykənirik və hesab edirik ki, Nigar Yaqublunun zaminliyinə verilməsinə, zaminlik müqabilində hətta pul girovu qoyulması, həbsin ya ev dustaqlığı, ya nəzarətdə zaminliklə əvəz etmək kifayət qədər yetərlidir. Hüququn imkan verdiyi şeyin qəbul olunması məhkəmənin səlahiyyətindədir. Amma burada siyasi motiv olub-olmadığını araşdırmadan belə, hüquq-mühafizə orqanlarına və siyasi hakimiyyətə çağırış edirik ki, bu tipli məsələlərdə cəmiyyətdə ab-havanı yumşaltmağa yönəlik mesajlar və hərəkətlər etmək daha doğru olardı. İddia etmirəm ki, burada siyasi motiv var. Amma cəmiyyətdə belə fikir var. Bu fikir varsa və Cinayət Prosessual Məcəllənin tələbləri həbs qəti imkan tədbiri seçməklə yanaşı, seçməməyə də imkan verirsə, demək bu fikri aradan qaldırmaq, məhkəmənin və hüquq-mühafizə orqanlarının qərəzli olmadığını nümayiş etdirmək üçün o, zaminə buraxılmalıdır. Siyasi qütblər arasında qarşıdurmanı gərginləşdirməməkdən ötrü, bunu da əlavə bir qarşıdurmaya aparıb çıxarmamaq üçün və həmçinin milli mənəvi dəyərlərin nöqteyi-nəzərindən qiymət verərək hesab edirəm ki, Nigar Yaqublu mütləq zaminə verilməlidir?. Qeyd edək ki, digər deputat Fazil Mustafa da mətbuata açıqlamasında Nigar Yaqublunu zaminə götürmək istədiyini bildirmişdi. N.Yaqublunun atası, Müsavat başqanının müavini Tofiq Yaqublu isə bildirir ki, vəkilləri qızı ilə müntəzəm olaraq əlaqə saxlayırlar: ?Vəkillər vaxtaşırı onunla görüşürlər. O, məktub yazaraq bizi möhkəm olmağa çağırır. Görünür, yuxarı dairələrdə də bu problemin həllinə ümidli olanlar və Nigarın həbsdən buraxılması üçün çalışanlar var. Bu xəbərlərin nə qədər doğru olacağını sentyabrın 17-də görəcəyik. Onun həbs olunmasında açıq-aydın ədalətsizlik var?. N.Yaqublunun vəkili Nemət Kərimli də Apelyasiya Məhkəməsinin əvvəlki məhkəmənin qərarını ləğv edəcəyini ehtimal edir. Qeyd edək ki, vəkil məsələnin hüququ aspektləri barədə də məqalə yazıb. Məqalədə bildirilir ki, N.Yaqublu haqqında həbs qətimkan tədbirinin seçilməsinin zəruriliyi prokurorluğun təqdimatında və məhkəmənin qərarında qanunvericiliyə uyğun əsaslandırılmayıb: ?Prokurorluq və məhkəmə N.Yaqublu barəsində həbs qətimkan tədbirinin seçilməsinin zəruriliyini onun cinayət təqibini həyata keçirən orqandan qaçıb gizlənmək və bununla da istintaqın normal gedişinə mane olmaq ehtimalının yüksək olması ilə əsaslandırıb. Məhkəmə N.Yaqublu cinayət təqibi orqanından qaçmaq ehtimalının yüksək olduğunu göstərsə də, bu ehtimalının yüksək olduğuna dair hər hansı sübuta istinad etməyib. Hadisədən keçən 16 gün müddətində bunu etməyib və nəzərə alsaq ki, babası, soykökü qonşu Gürcüstan Respublikasında yaşayır, imkanı olduğu halda, bunu etməyə cəhd etməmişsə, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənməyə cəhd göstərməyibsə, hansı məntiqlə bundan sonra etməli idi. N.Yaqublu hadisə yerindən qaçıb gizlənməyə, Avropa İnsan Hüquqları Məhkəməsinin bərqərar olmuş praktikasına əsasən həbs qətimkan tədbiri qərarı çıxarmaq üçün bu ümumi ehtimalı əsas kimi götürmək olmaz. Hər bir halda gizlənmə təhlükəsinin dərəcəsini müəyyən etmək üçün konkret işə xas olan bütün amilləri araşdırmaq zəruridir. İlk növbədə, yəqin ki, gizlənmənin doğuracağı nəticələrə və şəxsi gözləyən təhlükələrə baxmayaraq, onu gizlənməyə vadar edən amillər nəzərdən keçirilməlidir. N.Yaqublu istintaqdan yayınmaq üçün kiçicik cəhd belə etməməsi, istintaq və məhkəmədən qaçmaqla ailəsinin, atasının siyasi nüfuzunu zərbə altında qoymağa maraqlı ola bilməyəcəyi kimi önəmli məqamlar da məhkəmə və istintaq tərəfindən nəzərə alınmayıb. Ən əsası isə N.Yaqublu qarşı ittihamın az ağır cinayətlər kateqoriyasına aid olması, hadisənin ehtiyatsızlıqla törədilməsi, qadın olması onu istintaqdan yayınmaqdan çəkindirən amillər kimi qiymətləndirilməlidir". Vəkilin sözlərinə görə, N.Yaqublu barədə həbs qətimkan tədbirinin seçilməsi üçün əsaslar nə daxili qanunvericiliyə, nə də ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 5-ci maddəsinə və həmin maddənin tətbiqi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna uyğun deyil. Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə bildirir ki, N.Yaqublu barəsində seçilmiş qərarı ləğv etmək mümkündür: ?Çünki o, hadisəni bilərəkdən, düşünərək törətməyib. Bu, qəzadır və heç birimiz bundan sığortalanmamışıq. Ona görə düşünürəm ki, onun xanımlığına, qəzanın onun iradəsindən asılı olmadığını nəzərə alaraq həbs qətimkan tədbirini aradan qaldırmaq olar. Eyni zamanda, Nigar xanım yəqin özü də baş verənlərdən peşmandır, mənəvi iztirablar çəkir. Digər tərəfdən, rəhmətə gedənin ailəsinin şikayətçi olmadığını da nəzərə alsaq, onun barəsində həbs qətimkan tədbirini aradan qaldırmaq düz olar. Ona Azərbaycan qanunlarının yol verdiyi şəkildə, mümkünlükdə güzəştə də getmək olar. Lakin söhbət təkcə Nigar xanımdan getmir. Bu kimi qəzalar Azərbaycanda yollarda tez-tez baş verir. Sadəcə olaraq Nigar xanımı tamamilə azad etsələr, bu, xoşagəlməz vəziyyət, presedent yarada bilər. Ancaq yəqin ki, hakimiyyətin yüksək dairələri də Nigar xanımın barəsindəki qərarı ləğv etmək barədə fikirləşirlər. Nə qərar qəbul edilərsə, biz yaxında görəcəyik. İstəyərdim ki, bunun ətrafında Nigar xanıma zərər verə biləcək xoşagəlməz disskussiyalar yaradılmasın?. Qeyd edək ki, Nigar Yaqublunun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb. R.RƏFİYEVA, Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA