Prezident Şəkiyə səfər edib (YENiLƏNiB)

img

09-09-2012 [07:39]


Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 9-da Şəkidə Mirzə Fətəli Axundzadə adına mədəniyyət və istirahət parkında aparılmış yenidənqurma işləri ilə tanış olub. Dövlət başçısı Azərbaycan milli dramaturgiyasının banisi, böyük mütəfəkkir M.F.Axundzadənin parkda ucaldılmış abidəsinin önünə gül dəstəsi qoyub. Məlumat verilib ki, Şəki Şəhər İcra Hakimiyyətinin daxili imkanları hesabına aparılmış yenidənqurma işlərindən sonra ərazi tamamilə simasını dəyişib. Burada şəhər sakinlərinin istirahəti üçün hər cür şərait yaradılıb. Ümumi sahəsi 7 hektar olan parkın 35 min kvadratmetr ərazisində yaşıllıq işləri görülüb, müxtəlif dekorativ ağaclar və gül kolları əkilib. Parkda uşaqların da istirahətlərini maraqlı keçirmələri üçün lazımi şərait yaradılıb. Burada iki fəvvarə, süni şəlalə və göl yaradılıb. Prezident İlham Əliyev parkda görülmüş işlərdən razılığını bildirib. 18.35 İlham Əliyev Şəkidə dördulduzlu ?Shaki Palace? otelinin açılışında iştirak edib. Otelin kollektivi və inşaatçılar dövlət başçısını hərarətlə qarşılayıb. Azərbaycan prezidenti otelin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, ümumi sahəsi 8 min kvadratmetr olan ?Sheki Palace? otelinin tikintisinə 2007-ci ilin mayında başlanılıb. Otelin binası iki hissədən - aşağı və yuxarı korpuslardan ibarətdir. Müasir havalandırma sistemi ilə təchiz edilmiş otel kompleksinin eyni vaxtda 100 nəfərə xidmət göstərməsi nəzərdə tutulub. Oteldə 40-dək işçi çalışacaq. İki mərtəbədən ibarət birinci korpusda 7 otaq qədim sənətkarlıq növü ilə məşğul olan sənətkarlar üçün emalatxanalarının yaradılması və istehsal olunmuş məhsulların satışı üçün xidmət obyektləri kimi nəzərdə tutulub. Burada ailə üçün nəzərdə tutulan 11 xüsusi nömrə, eyni zamanda, fitnes mərkəz də fəaliyyət göstərir. Korpusun üst hissəsinin meydançasında qış mövsümü üçün restoran və qarşısında yay mövsümü üçün 100 yerlik açıq terras vardır. Burada, həmçinin konfrans-sərgi zalı və çay evi də yaradılıb. Üç mərtəbədən ibarət əsas korpusda isə ümumilikdə 34 nömrə fəaliyyət göstərəcək ki, bunlardan ikisi üçotaqlı və dördotaqlı olmaqla VİP, ikisi ikiotaqlı, qalanları isə standart nömrələrdir. Oteldə 40 və 50 yerlik restoranlar fəaliyyət göstərəcək. Beləliklə, ?Shaki Palace? oteli Şəkinin turizm potensialının göstəricisi olmaqla yanaşı, bu bölgənin imkanlarını bir daha nümayiş etdirir. Prezident İlham Əliyev oteldə yaradılmış şəraiti yüksək qiymətləndirib. Otelin kollektivi və inşaatçılar dövlətimizin başçısı ilə xatirə şəkli çəkdirib. 18.15 Prezident İlham Əliyev Şəkiyə səfəri çərçivəsində sentyabrın 9-da taxıl anbarı və dəyirman kompleksinin açılışında iştirak edib. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verib ki, regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, Şəki rayonunun Göybulaq kəndində üç hektar ərazidə taxıl məhsullarının tədarükü, saxlanması və emalı kompleksi inşa edilib. Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə yaradılan bu kompleksə taxıl anbarı və un dəyirmanı daxildir. Kompleksin ümumi layihə dəyəri 4,5 milyon manatdır. Bu layihənin icrasına İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 700 min manat güzəştli kredit verilib. Prezident İlham Əliyev dəyirmanın iş prosesindən bəhs edən filmə baxıb. Dövlət başçısına ?Karat Holdinq?in nəzdində fəaliyyət göstərən müəssisələrdə istehsal olunan məhsullar barədə də məlumat verilib. Bildirilib ki, burada əsasən düyü, un, makaron, qarabaşaq və digər məhsullar istehsal olunur. Azərbaycan prezidenti kompleksi işə salıb. Dövlət başçısının diqqətinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şəki-Zaqatala iqtisadi rayonunda verilmiş güzəştli kreditlər barədə də məlumat çatdırılıb. Bildirildi ki, indiyədək Fond tərəfindən Şəki-Zaqatala iqtisadi rayonu üzrə 1239 sahibkara 69,3 milyon manat, o cümlədən 950 kiçik həcmli layihəyə 6,9 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 7 min 800-ə yaxın yeni iş yeri yaradılıb. 2012-ci ilin ötən dövrü ərzində isə Şəki-Zaqatala iqtisadi rayonu üzrə 108 sahibkara 23,3 milyon manat, o cümlədən 101 kiçik həcmli layihəyə 1,3 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 390-dan çox yeni iş yerinin açılması nəzərdə tutulub. İndiyədək Fond tərəfindən Şəki rayonu üzrə 290-dək sahibkara 15,3 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 2 min 20-dən çox yeni iş yeri yaradılıb. Diqqətə çatdırılıb ki, iqtisadi rayon üzrə aparılan təhlillər perspektiv inkişaf meyilli sahələri də müəyyən edib. Bunlar müasir heyvandarlıq komplekslərinin, quşçuluq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin, iri taxılçılıq, çayçılıq və üzümçülük təsərrüfatlarının, çörək zavodlarının yaradılmasını nəzərdə tutur. Bildirilib ki, layihənin icrasına 2010-cu ilin sonunda başlanılıb, 2012-ci ilin avqustunda başa çatdırılıb. Məlumat verilib ki, taxıl anbarı xarici texnologiya əsasında qurulub. 14 min tonluq taxıl anbarı hər birinin tutumu 3,5 min ton olmaqla 4 silodan ibarətdir. Müasir texnologiyaya əsaslanan taxıl anbarı Şəki və ətraf rayonlarda fəaliyyət göstərən fermerlərin istehsal etdiyi taxıl məhsullarının uzun müddətə itkisiz saxlanmasına imkan verir. Burada, eyni zamanda, taxılın qəbulu, təmizlənməsi və qurudulması prosesi də həyata keçirilir. Layihənin icrası respublikada taxılçılığın inkişafına təkan verməklə yanaşı, əhalinin il boyu keyfiyyətli buğda ilə təmin olunmasına şərait yaradır. Kompleksin tərkibindəki un dəyirmanı da xaricdə istehsal olunan avadanlıqla təchiz edilmişdir. Dəyirmanın gündəlik istehsal gücü 220 tondur. Burada yüksək keyfiyyətli un istehsal edilir və qablaşdırılır. Layihələrin icrası nəticəsində 170 nəfər yeni iş yeri ilə təmin olunub. Dövlət başçısı kompleksdə yaradılmış şəraitdən razılığını bildirib. 16.44 Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 9-da Qax rayonuna səfərini başa çatdıraraq Şəki şəhərinə gəlib. Dövlət başçısı Şəki şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Azərbaycan prezidentinə son dövrlərdə ulu öndərin abidəsinin ətrafında, ümumiyyətlə Şəkidə həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verilib. anspress.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA