Eynulla Fətullayev: ?Onlar məni həbsxanada saxlayıblar, mən də onları sözlə yaralamızam?

img

05-08-2012 [03:08]


Son günlər adı daha çox jurnalistlərlə çəkişmələrdə hallanan Eynulla Fətullayev ?Yeni Müsavat?a müsahibə verib. Bu müsahibədə E.Fətullayev bir çox məsələlərə aydınlıq gətirib. [b]- Dustaqxanadan çıxandan sonra Sizin yenidən ?Gündəlik Azərbaycan? və ?Realnıy Azerbaydjan? qəzetlərini bərpa edəcəyinizi düşünənlər çox idi. Ancaq siz internet media ? haqqın.az saytını yaratdınız. İşləriniz necə gedir?[/b] - Print-media artıq keçmişdə qalıb. Bu işə başlamazdan öncə media bazarının monitorinqini apardım, bəlli oldu ki, Azərbaycanda rusdilli oxucuların maraqlarına, tələbatına cavab verən internet-media demək olar, yoxdur. Xəbər saytları var, ancaq analitik informasiya saytı, internet qəzet yoxdur. Ona görə də bu boşluğu doldurmaq qərarına gəldim. İkinci bir tərəfdən, Azərbaycanda qəzet buraxmağın şərtləri çox ağırdır ? nəşriyyatlar nəzarətdədir, köşk yoxdur, hökumət mümkün imkanlarla sərbəst medianı sıxışdırır. Sərbəst media tənqid yazır, hökumətlər isə tənqidi sevmir. İnternetin isə imkanları genişdir. Ona görə, geriyə addım atmamaq qərarına gəldim. Facebook, Twitter kimi sosial şəbəkələr həm də pulsuz qəzet köşkləridir. Hələlik, işlər yaxşıdır, oxucuların sayı getdikcə artır. [b]- Sayta reklam verən varmı?[/b] - Yox. Hələlik yalnız əldə olan vəsaitlə idarə edirik. Biz layihəni başlayanda Açıq Cəmiyyət İnstitutu Yardm Fondundan 50 min dollar vəsait aldıq, bundan başqa mən iki beynəlxalq mükafat almışdım. Onların da məbləği birlikdə 50 min dollar idi. Başlanğıc üçün bu vəsait yetərlidir. [b]- Hər zaman ciddi informasiya qaynaqlarınız olub. Hətta hakimiyyət içərisində sizə informasiya ötürməkdə maraqlı olan şəxslər haqqında iddialar var. Həmin qaynaqlar sizinlə yenə də işləyirmi?[/b] - Jurnalisti ayaqları dolandırır. Jurnalist fəal və kommunikasiyalı olmalıdır, əhatə və ünsiyyət dairəsini qapatmamalıdır. Qəzetçinin vəzifəsi şayiəni dəqiq informasiyadan seçməyi bacarmaqdır. Bu da bir xəbəri bir neçə qaynaqdan təsdiqləməklə mümkün olur. Əlbəttə informasiya qaynaqlarımız var, bunlar olmadan jurnalistikada necə qalmaq olar? Qaynaqsız jurnalist benzini olmayan avtomobilə bənzəyir. [b]- Həbs edilməmişdən öncə hakimiyyəti ən sərt şəkildə tənqid edənlərdən biriydiniz. Ancaq indi hədəflərinizi dəyişmiş kimi görünürsünüz?[/b] - Düşünmürəm. Mənim Siz deyən anlamda konkret hədəfim olmayıb. Mənim haqqımda hər zaman şayiə yayıblar ki, mən müxalifətdən çox hökumətə yaxınam. [b]- Bu Sizin ?YAP-çı? keçmişinizlə bağlı olmasın?[/b] - O çoxdan olub. hətta o bəlkə də uşaqlıq, pionerlik dövrü idi. İctimai-siyasi proseslərə qoşulduğum zaman məni daha çox hökumətlə yaxınlıqda ittiham ediblər. Amma jurnalistin əsas hədəfi hakimiyyətdir. Çünki müxalifətdə heç bir informasiya yoxdur ? o açıqdır, şəffafdır, çatımlıdır. Cəmiyyət isə jurnalistlərdən daha çox bağlı qapılar arxasında baş verənlər haqqında yazmağı tələb edir. Xüsusən Azərbaycan kimi avtoritar ölkələrdə. Hakimiyyətlə kontaktlar, görüşlər olmadan oxucunun bu tələbatını ödəmək mümkün deyil. O zaman jurnalistin hakimiyyət içərisində gedən proseslərdən xəbəri olmayacaq. Bu isə o deməkdir ki, hesablamalar, təhlillər yanlış olacaq. Belə bir medianın inkişafı mümkün deyil. Bu məsələ mənim məşğul olduğum digər sahə ? insan haqlarının müdafiəsində də mənə yardım edir. Bir neçə gün öncə biz bir məhkumun Mərkəzi Klinik Xəstəxanada koronar şuntlama əməliyyatı keçirməsinə nail olduq. O iş adamı olub, həbsxanada onu infarkt vurmuşdu. Uyğun qurumlara müraciət etdik, nəticəsi də oldu. [b]- Bayaqkı söhbətimizə qayıtmaq istəyirəm. Sizi hədəf dəyişməkdə suçlayan keçmiş iş yoldaşlarınızla atışmalarınız çox kəskinləşdi? Xüsusən sən onları ?əlimin altında işləyənlər? adlandırandan sonra?[/b] - Mən bu məsələdə uzun zaman susdum. Təxminən 8 ay. Bəzilərinə elə gəlir ki, onlar hər şey danışa bilər və bu, cavabsız qalacaq. Atmacalara cavab vermirdim. Ancaq məni təhqir edəndə, susa bilməzdim. Orta əsrlər olsaydı, mən onları duelə çağırardım, həmin o Zöhrab İsmayılı alnından nişan alardım. Mən bu qədər sərt tonda cavab verməsəydim, cəmiyyət bunu başqa cür qiymətləndirərdi. Oxucular mənə məktub yazırdılar ki, niyə cavab vermirsən, susmaq razılıq əlamətidir, demək, deyilənlərlə razılaşırsan? Haqqımda o qədər yalan uydurublar ki? Yazırlar ki, guya prezident mənə ev verib. Bakı balaca şəhərdir, öyrənə bilələr, mən kirayədə yaşayıram. [b]- Yeri gəlmişkən, jurnalistlər üçün bina tikilir. Siz də ev almaq üçün müraciət edəcəksinizmi?[/b] - Yox. Mən prezidentdən belə bahalı hədiyyə ala bilmərəm. [b]- Bina dövlət vəsaitilə tikilir. Bu dövlət hamımızın deyil?[/b] - Bu mənə görə deyil. Həbsxanadan yeni çıxmışam, işləyirəm, çalışıram, bu problemi həll edəcəm. Mən demirəm bu pisdir, ya yaxşıdır. Mənə görə deyil. [b]- Siz bu yaxınlarda Rüstəm İbrahimbyovla bağlı qalmaqallı bir yazı yazdınız ? ?Səhranın siyah günəşi?. Bu şəxs hakimiyyətin hədəfindədir, bilirsiniz. Belə bir məqamda bu yazı hansı ehtiyacdan yarandı?[/b] - Ona görə ki, o gündəmdədi. Bu gün İbrahimbəyov-hakimiyyət konflikti ən ciddi, aktual mövzudur. Jurnalist olaraq mən də bu məsələyə münasibətimi bildirməliydim. Çox böyük ehtiramla, hörmətlə, rəğbətlə Rüstəm İbrahimbəyovun hakimiyyətlə olan konfrantasiyasını təhlil etmişəm. Bu mənim fikrimdir. Bu, ifadə azadlığının mənə verdiyi hüquqdur. Kimin xoşuna gəlmirsə, oxumasın. Yazmışam ki, bu insan böyük sənətkardır, ancaq onun hakimiyyətlə konfliktinin motivinin səmimiliyinə inanmıram. Adını demokrat qoyanlar axı, fərqli fikrə dözümlü olmalıdırlar. [b]- Cəmiyyət bəlkə ona görə qıcıqlanır ki, qələminizin kəsərini sizi haqsız yerə cəza evinə atanlara qarşı yox, onlarla mübarizə aparanlara yönəldirsiniz?[/b] - Mənim mənbələrim çox güclüdür ? yəni məni kimlərin həbs etdirdiyini bilirəm. Mənim İlham Əliyevi tənqid edəcəyimi gözləyənlərə deyim ki, həbsim prezidentin iradəsi ilə olmayıb. Sifarişçinin kim olduğunu da bilirəm. Həmin adamlar məndən çox ağır yaralar aldılar. Özü də mən həbsxanada olarkən. [b]- Necə?[/b] - Sözlə. Onlar məni həbsxanada saxlayıblar, mən də onları sözlə yaralamışam. Mən boş-boşuma kiminsə üzərinə niyə getməliyəm? Mənə qarşı qeyri-sivil davranıblarsa, mən niyə o cür hərəkət etməliyəm? [b]- Sizi hakimiyyətlə ifrat yaxınlaşmada suçlayanlar bildirir ki, Eynulla belə münasibət yarada bilirdisə, elə bunu həbsxanaya düşməmişdən də edə bilərdi? Həbs edilməməyiniz mümkün idimi?[/b] - ? Ola bilər, 4 il öncə məndə müdriklik çatmırdı. Tələskən idim. Bu mənada həbsxana mənə çox kömək etdi. [b]- Yəni, həbsxanadan sınmayıb çıxdınız?[/b] - Əlbəttə. Yüz faiz. Məni məcbur olub buraxdılar, məcbur olub prezidentə həqiqi mənzərəni təqdim etdilər, o məni azad etdi. Mən həbsdən azad edilməyim üçün həm Azərbaycanda, həm də beynəlxalq məkanda əziyyət çəkən hər kəsə təşəkkür edirəm. Sınmaq o deməkdir ki, insan şəxsiyyətini itirir, simasız, prinsipsiz insana çevrilir, yox olur. Mənim prinsiplərim var. Həyat dəyişir, insanlar dəyişir, baxışlar dəyişir. Bu normaldır. [b]- Hakimiyyət dialoqdan danışır. Dialoq mümkündürmü?[/b] - Hər iki tərəf arasında münasibətlər olduqca kəskinləşib. İndi cəmiyyət bolşeviklərə və monarxistlərə bölünüb. Ancaq tarixdən ibrət götürmək gərəkdir. Məni ən çox narahat edən hakimiyyətə qarşı mübarizə aparan şəxslərin bolşevikləşməsidir. Özümə münasibətdə bunu hiss edirəm. Sevindirici odur ki, Lenin yoxdur. Hər iki tərəf bir-birinə dəhşət püskürür. Mənim problemim isə odur ki, mən mərkəzdə dayanıram və hər iki tərəfdən zərbələr alıram. Ortaq mövqe satqınlıq, simasızlıq kimi qəbul olunur. Ona görə dialoq məsələsi bir qədər çətindir. Ancaq hakimiyyət artıq dialoq haqqında danışırsa, demək, dəyişikliklər mümkündür. Belə bir məqamda bizim üzərimizə düşən vətəndaşlara düzgün informasiya vermək, onları maarifləndirmək, onların haqlarını mümkün qədər müdafiə etməkdir. [b]- Müxalifət mediada yazılar formasında hücum edir deyirsiz, hakimiyyətin zərbələrini hansı formada hiss edirsiniz?[/b] - Elə bu ölkədə yaşamaq artıq basqıdır. Kiçik məmurlardan nazirlərə qədər hər kəs insan haqlarını pozursa, bu artıq bütün vətəndaşlara təzyiqdir. Mən də o vətəndaşlardan biri. Hər bir hökumət aqressordur. O cümlədən avtoritar hökumətlər. Bəzən deyirlər, Eynulla hökuməti müdafiə edir. Hökumətin buna heç bir ehtiyacı yoxdur. Əgər hökumətin Anar Məmmədxanov kimi insana ehtiyacı qalmadısa, inanın Eynullaya heç bir ehtiyacı yoxdur. [b]- Dediniz ki, qaynaqlarınız çoxdur. Ölkədə ayrı-ayrı sahələri məmur-oliqarxların idarə etməsi haqqında xəbərlər nə qədər əsaslıdır? Bir naqislik ortaya çıxanda, mütləq bu işə məsul olan şəxsin hansısa məmur olması haqda xəbərlər yayılır.[/b] - Bu gün Azərbaycanda İlham Əliyev hakimi mütləqdir. O, bütün sahələrə, ölkədəki bütün situasiyaya nəzarət edir, ona görə də hakimiyyətdədir. Çünki keçmişin acı təcrübəsi göstərir ki, istər siyasət, istər iqtisadiyyat olsun, nəzarət azalanda hakimiyyət əldən gedir. Total nəzarət vacibdir. Mən düşünmürəm ki, Azərbaycanda hansısa oliqarx, nazir özbaşınalığa, avtonom statusa yol verə bilər. Həmin dəqiqə vəzifəsini itirər. [b]- Dedikləriniz daha çox prezidenti öymək, yoxsa tənqid etməkdir?[/b] - Mən onu diktator kimi qələmə verilməsinə qarşıyam. Diktator Lukaşenkodur, Türkmənbaşıdı, İslam Kərimovdur, İmoməli Rahmondur. İlham Əliyev onlardan daha mədəni və ağıllıdır, Avropa düşüncəlidir. O, özünü heç zaman həmin aşağı statusa endirməz. Ona görə də daimi balanslı siyasət həyata keçirir. Ola bilər, bəzən totalitarizmin bir addımlığına qədər gəlir, ancaq sonuncu addımı atmır. Azərbaycanda İlham Əliyevi ən kəskin formada tənqid edən qəzetlər köşkdə açöq satışdadır. Facebook-da blogerlər onu ən sərt şəkildə tənqid və hətta təhqir edir. Lukaşenkonun ölkəsində bunlar mümkün deyil. Ona görə bir qədər ədalətli olmalıyıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA