"Ruzi-bərəkətin, gəlirin çoxalması üçün Günəz enerjisindən istifadə etmək olar"

img

19-07-2012 [07:04]


Allahın hökmü ilə hər kəs dünyaya eyni hüquqla, çılpaq gəlsə də, taleyindən asılı olaraq, cəmiyyətin müxtəlif pillələrində qərarlaşır. Tale kimini varlı ailədə həyata gətirir, kimini səfalət içində yaşamağa vadar edir. Bəzən də, gözlənilmədən kimisə qısa zaman ərzində zənginləşir. Amma bu, nadir hallarda olduğundan, əksər insanlar talelərindən narazıdır. Çoxları alın yazısı ilə barışmasa da, çıxış yolunu harada axtarmağı da bilmir. "New age" Metafizika və Parapsixologiya Mərkəzinin rəhbəri, parapsixoloq-ekstrasens Səfa Odər isə "Reytinq"ə müsahibəsində hər şeydə taleyi günahlandırmağın doğru olmadığını bildirdi. - Hazırda satışda uğura, xoşbəxtliyə nail olmaq barədə yetərincə ədəbiyyat var. Bu ədəbiyyata nə dərəcədə inanmaq olar? - Həqiqətən, uğurun metafizik sirləri var. Amma ədəbiyyat, sadəcə, informasiyadır. Deməzdim ki, insanlar bu kitabları oxumaqla həyatlarını dəyişəcəklər. Bunun üçün çox şeyə əməl etmək, həyat tərzini dəyişmək lazımdır. Ən doğru yolu isə mütəxəssis göstərə bilər. - Talenin dəyişdirilə bilməsi alın yazısına əks deyil? - Xeyr. Allah-Təala Qurani-Kərimdə buyurur: "İnsanlar hallarını dəyişmədikcə, biz onların başına gələn hadisələri dəyişmirik". Başqa bir ayədə isə belə deyilir: "Biz onlara zülm etmədik, özləri-özlərinə zülm etdi". Yəni insanın taleyi öz əlindədir. - Amma artıq az qala elm həddinə çatan astrologiyaya görə, insanın həyatındakı bəzi məqamlar qaçılmazdır. - Astrologiyada, xüsusilə də digər fal növlərində verilən proqnozların 100 faiz doğru çıxdığını demək olmaz. Hər anın bir hökmü var. Bir anda insanın həyatında çox şey dəyişə bilər. - Bir çox insanlar həyatlarındakı problemləri həll etmək üçün ekstrasenslərə müraciət edirlər... - Bir çoxları belə düşünür ki, məşhurlaşmaq, yaxud yüksək postda vəzifə tutmaq məhz falçı, cadu vasitəsi ilə mümkündür. Bu, yanlış fikirdir. Əsas şərt, uğurun sirlərini bilməkdir. Zirvələri fəth etmək və xoşbəxt həyata nail olmaq istəyənlərə falçı və ekstrasenslər yalnız inam verir ki, bu da uğurun sirlərindən biridir. İnam sayəsində nəyəsə nail olanlar öz uğurlarını falçının köməyi ilə bağlayırlar. - Bəs, şans məsələsinə necə baxırsınız? - Əlbəttə, şans da önəmlidir, bəxtli insanlar isə var. Amma həyatda tamamilə şanssız insan yoxdur. Hər insana nə vaxtsa güclü şans gəlir. Sadəcə, bu şansdan istifadə edə bilməyənlər var. - Elə qadın var ki, 3 dəfə ərə gedib və hər dəfə dul qalıb. O, qarabəxt deyil? - Qarabəxt insan yoxdur, bəxtsizliyi yaradan səbəblər var. Bunun ən əsas səbəbi insanın özünə "mən bəxtsizəm" deməsi və buna inanmasıdır. Bununla o, özünü "qara zolağa" salır. Amma heç bir insanın ömrü boyu bəxtsizlik hökm sürə bilməz. Daimi xoşbəxtlik də yoxdur, çünki dualektik həyatda yaşayırıq. Yəni həyatda xeyir də, şər də var. Sadəcə, mənfiyə köklənmək olmaz. - Bəlkə uğurun, xoşbəxtliyin sirlərini oxucularımızla da bölüşək. - İlk növbədə pozitiv düşünməyi bacarmaq lazımdır. Bunun üçün düşüncəni bədbinliklərdən təmizləmək və gələcəyə inamla yaşamaq lazımdır. Bədbinlik pis əhval yaradır və neqativ hadisələrə yol açır. Xoş əhval isə müsbət hadisələr yaradır. - Ailəsində 3-4 nəfər qəzada həlak olan şəxs necə pozitiv düşünə bilər? - Həyatda çox şey olur və bunun da öz səbəbləri var. Xoşagəlməz hadisələrin də 50 faizi insanın düşüncəsi ilə əlaqədardır. Ölüm isə Allahın sirlərindəndir. Burada Məhəmməd peyğəmbəri misal gətirmək olar. Həyatında baş verən çoxsaylı çətinliklərə, övladlarının erkən vəfatına baxmayaraq, o, daim yüksəkdə olub və öz peyğəmbərlik missiyasını şərəflə yerinə yetirib. - Bəs, anadan şikəst doğulanlar barədə nə deyə bilərsiniz? Bəziləri əlil olmalarında Allahı günahlandırır. - Allahın ədalətsiz olduğunu kimsə iddia edə bilməz. Əlbəttə, şikəstlərin talelərindən narazı olmaları təbii haldır. Amma kiminsə şikəst doğulması, başqa bəlaların qarşısının alınması üçün ola bilər. Belə bir rəvayət var. Peyğəmbər bir gün çox gözəl, amma kor uşaq görür və onun gözlərinin açılması üçün Allaha dua edir. Allahın izni ilə bu baş verəndən sonra, həmin uşaq bir neçə yoldaşının ölümünə bais olur və böyük günah qazanır. Digər tərəfdən, kimsə şikəst doğulmaqla səbirli və dünya həzzlərindən məhrum olur, cənnəti daha asan qazanır. Mir Mövsüm Ağanı xatırlayaq. Fiziki qüsurlarına baxmayaraq, Allah ona elə böyük kəramət vermişdi ki, fiziki nöqsanı olmayanlar indiyədək onun ocağından xeyir-bərəkət götürürlər. Yəni şikəstlik bədbəxtlik deyil və bunu tanrının qəzəbi, ədalətsizliyi kimi qəbul etmək olmaz. - Bəzi insanlar bunu karma, yəni əməl qanunundakı reinkarnasiya, keçmiş səhvlərə yeni həyatda cavab vermə ilə bağlayırlar. - Quranda reinkarnasiya ilə bağlı bəzi məqamlar olsa da, İslam dini onu qəbul etmir. Quranda yazılıb ki, Allah istəsə bizi bir başqa şəkildə yenidən dünyaya gətirə bilər və sizin bundan heç xəbəriniz də olmaz. Yəni, bunun Allah tərəfindən mümkünlüyü göstərilir. Lakin İslamda insanların öləndən sonra dirilmələri reinkarnasiya ilə deyil, Qiyamət günü ilə bağlıdır. - Problemləri yaradan səbəblərin çoxunun başında pul durur... - Razı deyiləm. Əsl səbəb insanın puldan yanlış istifadəsi, tamahıdır. Pul ən nazlı qadından da nazlıdır, açıqda qalmağı sevmir. Nağıllarda xəzinələr də gizli yerlərdə saxlanılır. Pulun azlığı barədə də düşünəndə, o, səndən qaçır. Pulu düşünən isə onu özünə çəkir. Varlı ona görə varlıdır ki, düşüncə tərzi başqadır. Pulu lazımsız yerə xərcləmək də olmaz. Varlı simic deyil, sadəcə, pula etinasız yanaşmır. Kasıbdan çox ruziyə görə dua edən yoxdur. Amma o, pulla necə münasibət qurmağı bilmir. Qazanc barədə danışmaq olmaz. Pulu qazanmağın yox, saxlamağın yolunu bilmək lazımdır. Cibdə pulu səliqə ilə saxlamaq lazımdır və o, nə qədər çox olsa, artar. Ümumiyyətlə, pul sahibinin altında, məsələn, sandıqda olmağı sevir. At, arvad və pul kişinin hakimiyyəti altında olmalıdır. - Ruzi ilə bağlı inanclara münasibətiniz necədir? - Çörəyin yerə düşməsinə, duzun yerə tökülməsinə yol vermək, xüsusilə də, çörəyi zibil qabına atmaq olmaz. Bunlar bərəkətə qarşı etinasızlıqdır. Süfrədə qalan tikə artıqlarını heyvanlara vermək daha məqsədəuyğundur. Evdə fit çalmaq da bərəkəti qaçırır. Fit şər qüvvələri çağırır, onlar isə evdən bərəkəti aparır və söz-söhbət yaradır. - Xoşbəxtlik Sizin üçün nədir? Onu məşhurluqla bağlamaq nə dərəcədə doğrudur? - İnam və pozitiv düşüncə uğurun, xoşbəxtliyin açarıdır. Məşhurluğa nə xoşbəxtlik, nə də uğur kimi baxmıram. Mənim üçün xoşbəxtlik özünü xoşbəxt hiss etməkdir, rahat yaşamaqdır. Həzrəti Əli deyib ki, varlı gözü tox olan insandır. Özündən daha pis vəziyyətdə olan insanlara baxaraq şükür edənlər xoşbəxtlərdir. Tanınmaq isə tamam başqa məsələdir. - Bəziləri belə düşünür ki, xoşbəxtlik anidir. Bununla razısınız? - Ümumi xoşbəxtlik deyil, bəzi xoşbəxt anlar ötəridir. Xoşbəxtlik ancaq var-dövlət içində üzmək deyil. Xoşbəxtlik acını, şirini dərk edərək yaşamaqdır. Kədərsiz sevinc olmur. Buna görə də kədəri, acısı olmayan həyata xoşbəxt demirəm. - Ölkə əhalisinin çox kasıb və çox varlı təbəqələrə bölünməsini nə ilə izah edirsiniz? - Azərbaycanda istər yoxsul, istərsə də varlı təbəqə xoşbəxt yaşamır. Çünki varlılar varından istifadə, yoxsul isə yoxsulluğunu idarə etməyi bacarmır. Bir müddət Moskva ətrafında yaşamışam. Orada ən kasıb rus ailələrinin də sakit həyatla yaşadığını görmüşəm. Kasıb da, varlı da mövcud olduğu durumda yaşamın dadını çıxarmağı bacarmalıdır. - Uğursuzluqla bağlı Sizə çoxmu müraciət edilir? - Əlbəttə. Onların 90 faizinə yardım edirik. Amma öncə aydınlaşdırırıq ki, müraciət edən şəxs nə vaxtsa etdiyi əməlinə görə cəzasını alır, yoxsa neqativ enerji ilə üzləşib, yəni gözə gəlib. Sonra ona uyğun ölçü götürürük. Bizə müraciət edənlərə öz auralarını neqativ enerjidən qorumağı da öyrədirik. İnsan fiziobioloji varlıq olmaqla yanaşı, psixoloji və energetik mənsubiyyətini də unutmamalıdır və hər 3 sahədə özünü qorumağı bacarmalıdır. Psixikanı qorumağın ən yaxşı üsulu pozitiv düşünmək və bəd fikirli insanlardan uzaq olmaqdır. Energetikanı isə belə qorumaq olar. Səhər tezdən pəncərəni açıb günəşə tərəf durmaq, öz əli ilə ətrafında xəyali sərhəd cizmək və buna inanmaq lazımdır. Bunu edənlər özlərini günün sonuna kimi bədnəzərlərdən qoruyur. Günəş Yer üzünün həm maddi, həm də mənəvi enerji mənbəyidir. Ruzi-bərəkətin, gəlirin çoxalması və əhvalın yaxşılaşması üçün günəş enerjisindən istifadə etmək olar. Bizi əhatə edən 4 ünsürün hər birinin - odun, suyun, havanın və torpağın enerjisindən də yararlanmaq mümkündür. - Məncə, İslamın qaydalarına riayət etməklə də çox şeyə nail olmaq olar? - Haqlısınız. Allahın qoyduğu qaydalara əməl etməklə insan özünü həm fiziki, həm psixoloji, həm də energetik baxımdan qorumuş olur. Gündə 5 dəfə qılınan namazda insanın bioaurasını nurlandıran və enerji sahəsini qoruyan güc var. Möhür torpağı əvəz edir. Torpaq isə insandakı neqativ enerjini özünə çəkir. Namaz zamanı neqativ enerji bədəndən çıxmaqla yanaşı, Allahdan pozitiv enerji də alınır. - Deyirlər ki, evdən evə fərq var. Hansısa evin insan üçün düşərli, düşərsiz olması ilə razısınız? - Bu, doğrudur. 6-7 ay bundan qabaq bizə bir nəfər müraciət etmişdi. O, təzə həyət evi almışdı, balaca uşaqları vardı. Amma evi alandan onun işində problemlər, psixikasında natarazlıq yaranmışdı. Onun uşaqları isə həyətdə həyula görürdülər. Bir neçə gün orada qalmalı olduq. Məlum oldu ki, vaxtilə onu tikən gənc ailədə ər qısqanclıq zəminində arvadını baltalayıb. Uşaqlar da baltalanmış qadının kabusunu görürmüş. Bu kabus ailəyə uğursuzluq gətirirdi. Çətin olsa da, onu evdən uzaqlaşdıra bildik. İndi həmin ailədə hər şey qaydasındadır. Elşad ÜMİD

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA