Mərkəzi Bank daha bir bankın fəaliyyətini dayandırıb (yenilənib)

img

13-07-2012 [05:10]


Azərbaycan Mərkəzi Bankı ?Birlikbank?dan sonra "Royal Bank" ASC-nin lisenziyasını da rəsmən ləğv edib. Bu barədə mia.az-a adıgedən bankdan məlumat daxil olub. Məlumatda bildirilir ki, rəhbərlik problemin tezliklə aradan qaldırılacağını bildirsə də, artıq bankın mərkəzi aparatında və filiallarda buna inam azdır. Üstəlik, Mərkəzi Bankın bu qərarının bankda böyük ajiotaj yaratdığı göz önündədir: ?Bu gün yüzlərlə müştəri banka müraciət edərək, narahatlıqlarını ifadə ediblər. Kredit alanlar, əmanət qoyanlar, hesabı bizdə olan müştərilər nəinki zənglər edirlər, hətta banka gəlib, əziyyətlə yerində tanış olur, tələblərini dilə gətirirlər. Maraqlı budur ki, rəhbərlik müştərilərlə təmasa keçməkdən çəkinirlər. Çünki onlar da dəqiq heç nə bilmirlər?. Xatırladaq ki, durumu "APA-ECONOMICS"ə şərh edən bankın idarə heyətinin sədri Azər Şahmərdanov bildirib ki, lisenziyanın dayandırılması müvəqqəti xarakter daşıyır: "Yəqin ki, yaxın vaxtlarda lisenziya bərpa oluna bilər. Bu istiqamətdə Mərkəzi Bankla danışıqlar aparılır". Amma qeyd edildiyi kimi, bank əməkdaşları Azər Şahmərdanovdan fərqli olaraq, daha çox ?Birlikbank?ın taleyini yaşayacaqlarından narahatdırlar. Onu da qeyd edək ki, bəzi iqtisadçılar sonra "Royal Bank"a qarşı atılan bu addımı həmin bankın qaranlıq əməliyyatlarla məşğul olması ilə əlaqələndirirlər. Günün sonunda Mərkəzi Bankının İdarə Heyəti 12 iyul 2012-ci il tarixli, 17 saylı qərarla "Royalbank" ASC-nin lisenziyası ləğv edilməsinin səbəblərini açıqlayıb. Trend-in Mərkəzi Bankın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, məcmu kapitalın minimal məbləği və adekvatlığı tələblərinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, idarəetməni və cari fəaliyyəti etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişlərini yerinə yetirmədiyinə görə "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 16.1-ci, 16.1.6-cı, 16.1.7-ci, 16.1.8-ci, 16.1.9-cu, 16.1.16-cı və 16.1.18-ci maddələri rəhbər tutularaq, "Royalbank" ASC-nin bank lisenziyası ləğv edilmişdir. Mərkəzi Bankın İdarə Heyətinin adı çəkilən qərarı ilə 13 iyul 2012-ci il tarixdən "Royalbank" ASC-yə müvəqqəti inzibatçı təyin edilmişdir. Müvəqqəti inzibatçı bankın baş ofisinin yerləşdiyi ünvanda fəaliyyət göstərir (AZ1073, Bakı şəhəri, Hüseyn Cavid prospekti 5). "Royalbank" ASC barəsində iflas prosedurlarının başlanması üçün Mərkəzi Bank məhkəmə orqanlarına bankın müflis elan edilməsi və kreditorları qarşısında öz öhdəliklərini yerinə yetirə bilməməsi barədə ərizə ilə müraciət edəcəkdir. "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 62.3-cü maddəsinə əsasən iflas prosedurlarının başlanmasına dair ərizə Mərkəzi Bank tərəfindən verildikdən sonra bank barəsində dərhal moratorium qüvvəyə minmiş hesab olunacaq. "Royalbank" ASC Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Qanunvericiliyə əsasən "Royalbank" ASC-nin qorunan əmanətləri üzrə əmanətçilərə kompensasiyaların ödənilməsi prosedurlarına başlanılması üçün artıq Əmanətlərin Sığortalanması Fondunda lazımi tədbirlər görülür. Əmanətlər üzrə kompensasiyaların ödənilməsi barədə əlavə məlumat veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA