Azərbaycandan keçən ?Böyük ipək Yolu?

img

30-06-2012 [01:26]


Elə insanlar var ki, onların hansı cəbhədə olduğunu müəyyənləşdirmək bir qədər çətindir. İran kimi destruktiv xarici qüvvələr Azərbaycanın milli maraqlarını təhdid edəndə bu insanlar hakimiyyətin, sıravi bir vətəndaşın hüququ pozulanda isə müxalifətin yanında olurlar. Adətən, bu cür adamlar haqqında belə deyirlər: filankəs xalqın tərəfindədir. Xalqın tərəfində olan belə insanlardan biri də Milli Məclisin deputatı Fuad Muradovdur. Mən, Fuad Muradovu tanıyanda o, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına (ARGTMŞ) yenicə sədr seçilmişdi. Fuad Muradovun səyləri nəticəsində qısa müddət ərzində bu qurumun sıraları genişləndi, yeni təşkilatlar ARGTMŞ-ə üzv oldular. İndi tərəddüd etmədən deyə bilərik ki, ARGTMŞ Azərbaycan gənclərinin birləşdiyi ən böyük təşkilatdır. Bu təşkiltın böyüklüyü təkcə üzvlərinin sayı ilə ölçülmür. Son illər həyata keçirilən bir-birindən maraqlı layihələr ARGTMŞ-i gənclər təşkilatlarının sıralamasında birinci yerə çıxarıb. Təşkiltın xarici əlaqələrinə nəzər salanda bu qənaətimizdə nə qədər haqlı olduğumuz üzə çıxır. Azərbaycanda fəaliyyət göstərən bir gənclər təşkilatının beynəlxalq aləmdə nüfuz sahibi olması hər birimiz üçün qürurverici faktdır. ARGTMŞ ölkə gəncliyinin avanqardı olduğu üçün Azərbaycan gəncləri bu təşkilatın simasında dünyaya inteqrasiya olunurlar. Həm də Azərbaycanın milli-mənəvi dəyərləri ilə birlikdə... Üç il əvvəl ARGTMŞ Qubanın dəbdəbəli istirahət mərkəzlərinin birində jurnalistlər üçün yay məktəbi təşkil etmişdi. Bəzi jurnalistlər bu tədbirə ailə üzvləri ilə birgə qatılmışdı. Şəxsən Fuad Muradov özü təklif etmişdi ki, jurnalistlərə ailə üzvləri ilə birlikdə istirahət imkanı yaradılsın. Adını çəkmək istəmədiyim bir həmkarım əvvəldən tədbirdə xanımı ilə birlikdə iştirak edəcəyini bildirdiyi üçün onlara 2 nəfərlik otaq ayrılmışdı. Amma ARGTMŞ rəhbərliyi bizi qarşılayanda məlum oldu ki, həmin jurnalist xanımı ilə yanaşı, 4 yaşlı oğlunu da gətirib. Jurnalistlər avtobusdan enməyə macal tapmamış Fuad Muradov köməkçilərinə belə bir göstəriş verdi: ?Müəllim üçün 3 nəfərlik otaq ayırın?. Jurnalist həmkarım nə qədər israr etsə də, təşkilatçıları qərarından döndərə bilmədi. Ona 3 nəfərlik otağın açarları təqdim olunanda baxışları ilə Fuad Muradovu göstərib, qulağıma bu sözləri pıçıldadı: ?Çox diqqətli insandır?. Sonradan biz müxtəlif tədbirlərdə Fuad Muradovla tez-tez görüşdüyümüz üçün bunu daha yaxından müşahidə edə bildik. Fuad Muradov bir siyasətçi kimi Azərbaycanın problemlərinə, bir deputat kimi seçicilərinin arzu və istəklərinə, bir sədr kimi öz təşkilatının üzvlərinə qayğı və diqqət göstərməklə jurnalist həmkarımın öz qənaətində nə qədər haqlı olduğunu təsdiqlədi. Statistika göstərir ki, son illər qanunverici orqanda təmsil olunmaq istəyən gənclərin sayı xeyli artıb. Mən bunu Fuad Muradovun xidməti kimi qiymətləndirirəm. Fuad Muradov kimi insanların sayəsində Azərbaycan gəncləri yüngül əyləncələrin deyil, taleyükül məsələlərin arxasınca gedirlər. Onlar çətin və şərəfli bir yolun yolçularıdır. Onlar İŞIĞA DOĞRU yürüyürlər... HAŞİYƏ: Iyunun 30-da ARGTMŞ-in növbəti qurultayı keçiriləcək. Fuad Muradov sədr postuna namizəd olmayacağını artıq bəyan edib. Bu isə o deməkdir ki, bu gün ARGTÇŞ özünə yeni sədr seçəcək. Yeni sədrə öz işində uğurlar diləməklə yanaşı, çox vacib bir məqamı xüsusi olaraq vurğulamaq istəyirəm: Azərbaycanın QHT sektorunda könüllü şəkildə istefa vermək ənənəsi çox zəifdir. Biz nə qədər çalışsaq da, cəmi iki-üç belə nümunə tapa bilərik. Bu baxımdan Fuad Muradovun bu addımı Azərbaycanda demokratik ənənələrin inkişafına layiqli təhfə sayıla bilər. Azərbaycanda belə bir nümunəyə əlahəddə ehtiyac vardı! Sonda bu sətirlərin yazılmasına rəvac verən səbəb haqqında danışmaq istəyirəm. İki gün əvvəl elektron poçtuma Fuad Muradovun yenicə təsis olunmuş ?Böyük İpək Yolu? Gənclər İttifaqı adlı quruma sədr seçilməsi barədə xəbər daxil olub. Xəbərdə deyilir ki, yeni təşkilat tarixi ipək yolu üzərində yerləşən 25 ölkənin intellektual gəncliyi tərəfindən yaradılıb. Ən önəmli məqam isə odur ki, səsvermədə iştirak edən 25 ölkədən 22-si Fuad Muradova etimad göstərib. Mən bunu Azərbaycana və onun intelelktual gəncliyinə göstərilən etimad kimi qiymətləndirirəm. İnanıram ki, bu qurum Fuad Muradovun rəhbərliyi altında çox böyük uğurlara imza atacaq. Ona da inanıram ki, bu təşkilat Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında mühüm rol oynayacaq. Axı, neçə illərdi ki, Fuad Muradovun qatıldığı bütün nüfuzlu tədbirlərdə onun adı Azərbaycanla qoşa çəkilir... Seymur Verdizadə

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA