Əli Kərimlinin qayını: "Məni ondan qisas almaq üçün həbs ediblər"

img

19-06-2012 [10:41]


?Texnikabank?ın Yasamal filialının keçmiş müdir müavini, AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidov barəsində seçilmiş həbs qətimkan tədbiri üç ay müddətinə uzadılıb. Vəkil Fəxrəddin Mehdiyev ?Media forum? saytına bildirib ki, iyunun 19-da Səbail Rayon Məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə Elnur Seyidovun həbs qətimkan tədbirinin üç ay - sentyabrın 6-dək uzadılması haqqında baş prokurorun birinci müavini Rüstəm Usubovun verdiyi təqdimata baxılıb. Rüstəm Usubov təqdimatı Milli Təhlükəsizlik Nazirliyinin vəsatətinə əsasən verib. Vəkilin sözlərinə görə, prosesə MTN-in təcridxanasında saxlanılan Elnur Seyidov da gətirilib. Məhkəmə prosesində çıxış edən Elnur Seyidov bildirib ki, qanunu pozmayıb, heç bir cinayət törətməyib və özünü günahkar hesab etmir. Vəkilin verdiyi məlumata görə, Elnur Seyidov deyib: ?Mənim həbsim qohumum Əli Kərimlinin siyasi fəaliyyəti ilə bağlıdır. Əli Kərimlini cəzalandırmaq, ondan qisas almaq, ona təzyiq göstərmək üçün məni həbs ediblər. Bu səbəbdən özümü siyasi məhbus hesab edirəm. Mən ailə başçısıyam, himayəmdə üç azyaşlı uşaq var. Üç aydır məni hər şeydən məhrum ediblər, ağır xəstə olduğum halda dözülməz şəraitdə saxlanıram. Qanunsuz və əsassız olaraq həbsdə saxlanıram. Bunu mənə qarşı törədilən ədalətsizlik və qanunsuzluq sayıram. Nədə ittiham olunduğumu hələ də anlamıram. Çünki ittiham əsassız ifadələrə əsaslanır, işdə heç bir maddi sübut və hüquqi əsas yoxdur. Üç aydır hər hansı istintaq hərəkəti aparılmır. Belə olan halda həbs müddətimin üç ay uzadılması haqsızlıq, qanunsuzluqdur və sifarişlə verilən qərardır. Əgər intensiv istintaq getsəydi, bəlkə də bunu izah etmək olardı. Amma istintaq getmədiyi halda həbs müddətimin uzadılmasının heç bir məntiqi yoxdur?. Vəkil Fəxrəddin Mehdiyev də hesab edir ki, Elnur Seyidovun həbs müddətinin uzadılması üçün maddi və prosessual əsas yoxdur: ?İşdə hər hansı sübut yoxdur. Bundan başqa, Elnur Seyidov ağır xəstədir, dağınıq skleroz xəstəliyindən əziyyət çəkir. Biz Azərbaycanın və Türkiyənin iki məhşur xəstəxanasının rəyini MTN-ə təqdim etmişik. Qanunvericilik belə xəstələrin istintaq təcridxanasında, həbsxanada saxlanmasına icazə vermir. Amma bunlara əhəmiyyət vermirlər. Özləri həkim komissiyası təşkil edib Elnuru ekspertizadan keçiriblər. Həmin həkimlər Elnur Seyidovun dağınıq skeloroz xəstəliyindən deyil, nevroloji xəstəlikdən əziyyət çəkdiyinə rəy veriblər. Biz bu rəyi əsassız sayırıq. Amma qanunvericiliyə görə, nevroloji xəstələr də təcridxanada saxlana bilməz. Nəyə görə Elnuru xəstəxanaya köçürmürlər? Bütün bunlar işin sifarişli və siyasi xarakterli olduğunu göstərir?. Fəxrəddin Mehdiyev Səbail məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət verəcəklərini deyib. Martın 27-də MTN əməkdaşlarının saxladığı Elnur Seyidov Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə dələduzluqda ittiham olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA