Oqtay Gülalıyevi akademik Arif Pazayevin dostunun yanında tutublar

img

18-06-2012 [01:04]


Xəbər verildiyi kimi, iyunun 13-də Sabirabad Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş ?Kür? Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev məhkəmə zalından azadlığa buraxılıb. Amma hüquq müdafiəsi barədə cinayət işi hələ də davam edir. O.Gülalıyevin həbs olunduğu zaman onun yanında olan müstəqil jurnalist Məhbub Zülfüqarlı mia.az-ın əməkdaşı ilə söhbətə öncə həbsin hansı şəraitdə baş tutması barədə danışıb: ?Oqtay bəy həbs olunanda onun avtomobilində dörd nəfər idik. Mən, Adil Qasımov, Nəsrulla Nurullayev və Oqtay Gülalıyev. Adil Qasımov nüfuzlu nəsildəndir 70 yaşı var, vaxtiylə yüksək vəzifələrdə işləyib, hazırda əksər qohumları da hakimiyyətin müxtəlif qollarında təmsil olunurlar. Nəsrulla Nurullayev Ahıl Ziyalılar Birliyinin sədri, prezidentin seçilmiş vəkillərindən biri, mərhum yazıçı Mir Cəlalın, eləcə də onun oğlu Arif Paşayevin ailəvi dostudur. Biz Saatlı rayon Dəllər kəndində Lazım Umudovgilə qonaq gedirdik. Bizim köməkliyimiz ilə ona iki ev tikilmişdi. Yolda Oqtay bəy zəng gəldi, danışdı və dedi ki, Minbaşı kəndində camaat onu kəndə dəvət edir, onlara baş çəkək. Düzü, mən dedim ki, getməyək, çünki hansısa problem yarana bilər. Amma Oqtay bəy israr elədi və Minbaşı kəndinə getdik. Biz kəndə girəndə kənd bələdiyyəsinin sədri Ruhulla adlı biri yaxınlaşaraq bizdən soruşdu ki, siz kimsiz bu kəndə gəlmisiniz. Kənd camaatı da dedilər ki, bunlar ziyalılardır, bizə kömək eləməyə gəliblər. Bələdiyyə sədri də qayıtdı dedi ki, qələt edib bu kəndə gəliblər. Biz heç bir söz demədik. Amma bir kənd nümayəndəsi ona cavab verdi ki, qələti sən eləmisən, 500 hektar torpağımızı mənimsəyirsən, kompensasiyaları, yardımları qohum-əqrəbana paylayırsan, hələ üstəlik camaatı təhqir edirsən. Biz də prezidentin sərəncamından bəhrələnmək istəyirik. O da rahat şəkildə ?əcəb eləmişəm, hara şikayət edirsiniz, edin?,- dedi. Yəni orda bizi təhqir eləyiblər?. Bu olaydan sonra polis çağırıldığını deyən M.Zülfüqarlının sözlərinə görə, onları hadisə yerindən Qaragüney polis şöbəsinə aparıblar: ?Elə oradan da şər böhtan kampaniyası başladı. Oqtay bəyin üzünə duranların biri Sabirabad rayon İcra Hakimiyyətinin nümayəndəsi idi. İfadəsində bildirdi ki, guya hadisə zamanı o da orda olub. İfadəsində yazıb ki, guya Oqtay Gülalıyev bələdiyyə sədrini döyüb təhqir edib. Orda cəmi 7 adam olub. Amma cinayət işi açılanda bunlar iddia edirdilər ki, guya orda Oqtay camaatı üsyana təhrik edib. Əksinə, orda camaat deyirdilər ki, bizə stres pulu verilməyib. Oqtay Gülalıyev də onları başa saldı ki, belə bir kompensasiya növü nəzərdə tutulmayıb, hansısa etiraz aksiyaları yolu ilə də nəsə əldə etmək mümkün deyil. Məsələ bu şəkildə olub. 132 təşkilatın yaratdığı ?Kür? Vətəndaş Cəmiyyətinin koordinatorunu şərləyərək həbs etmək olduqca acınacaqlı bir hadisədir. Ya bu dövlətin rəhbərləri başqa işlə məşğuldur, ya da ölkədən xəbərləri yoxdur. Mənim prezidentə böyük hörmətim var, amma bu cür idarəçilik olmaz?. İki gün öncə Oqtay Gülalıyevin işini aparan müstəntiqin ona zəng etdiyini deyən M.Zülfüqarlı bildirib ki, müstəntiq onu Sabirabada ifadə verməyə çağırıb: ?Zəng elədi ki, üç nəfər şahiddən biri də sizsiz, mümkünsə, Sabirabada gəlib izahat verəsiniz. Mən də cavabında bildirdim ki, Oqtay Gülalıyevi şərləyərək həbs eləmisiniz, ikincisi, mən Sabirabada gəlməyəcəyəm. Onu da dedim ki, Adil Qasımov, Nəsrulla Nurullayev də Sabirbada gələsi deyillər. Çünki Sabirabad artıq cinayət yuvası hesab olunur. Oradakı məmurların əksəriyyəti demək olar ki, Allahı, peyğəmbəri tanımayan adamlardı. Bizim gözümüzün qabağında Oqtay Gülalıyevi həbs edəndən sonra mənim Sabirabadın rəhbərliyinə, hüquq-mühafizə orqanlarına deyiləcək sözüm qalmadı?. Sonda M. Zülfüqarlı ?Mən öncə prezidentə təşəkkür edirəm ki, Oqtay Gülalıyev prezidentin səyi nəticəsindən azadlığa buraxıldı. İkincisi, istərdim ki, Sabirabad olayı ciddi araşdırılsın və Oqtay Gülalıyevi şərləyib həbs edənlər, onun üzünə duranlar müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunsunlar. Bu, baş verməsə, Azərbaycandakı səfirliklərə müraciət edib, ölkəni tərk edəcəyəm?, - deyə, fikrini tamamlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA