?islahat aparılmasa, hakimiyyət çökəcək?

img

18-06-2012 [12:57]


[b]Fazil Mustafa: ?İndi baş verən səhvlər sonradan hakimiyyətin kompasının düzəlməsinə mane olacaq. Bu gəmi titanik kimi gedib haradasa aysberqə toxunub dağılacaq?[/b] [b]Bakıda səfərdə olan AŞ PA-nın həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramuntun siyasi partiya təmsilçiləri ilə görüşü hələ də müzakirə mövzusu olaraq qalır. Belə ki, görüş zamanı həmməruzəçilərin hakimiyyətin mövqeyindən çıxış etməsi müxalifət nümayəndələrinin ciddi narazılığı ilə qarşılanmışdı. Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa ilə də söhbətə elə bu mövzudan başladıq:[/b] - Mən həm Milli Məclisdə, həm də partiyalarla birgə həmməruzəçilərlə görüşmüşəm. Ümumiyyətlə, məsələnin bu cür qoyulmasının, prosedurun bu formada keçirilməsini əleyhinə olduğumu bildirmişdim. Onlar da mənim iradlarımı qəbul elədilər və bunu diqqətə alacaqlarını bildirdilər. [b]- Digər müxalifət qüvvələri həmməruzəçiləri hakimiyyətin vəkili rolunda çıxış etməkdə ittiham elədilər. Hətta bəziləri onlara qarşı rüşvət ittihamında da bulundular. Bu barədə siz nə düşünürsünüz?[/b] - Məncə, bu, çox əsaslı bir yanaşma deyil. Bizdə müxalifətin bir hissəsində belə bir kin, yaxud da düşüncə oturuşub ki, həmməruzəçilər, Avropadan gələn diplomatlar, ATƏT-in sədri yaxud başqaları bunları hakimiyyətə gətirməlidir. Bunlar özləri hakimiyyətə gələ bilmədiklərinə görə, beynəlxalq təşkilatları qınamaqla məşğuldurlar. Beynəlxalq təşkilatlar da deyirlər ki, gücünüz varsa, hakimiyyətə gəlin, hakimiyyətə təzyiq göstərin prosesləri qabağa aparın. Bunu ATƏT-in sədri gəlib sizə etməyəcək ki. Həmməruzəçilər həm müxalifətlə, həm hakimiyyətlə işləyirlər. Kiminsə tərəfini tutaraq hansı mövqe ortaya qoymaq böyük bir problemlər yaradır. Amma indiki şəraitdə onlar daha rahatlıqla hökümətdən də nəyisə tələb edə bilirlər, müxalifətə də nəsə deyirlər. Bu baxımdan da bu kollektiv demarş prosesin onların günahı ucbatından irəliləmədiyini, yaxud müxalifətin ziyanına getdiyini düşünməyə gətirib çıxarır. Bu da yanlış bir yanaşmadır, öz gücsüzlüyünün səbəbini başqasında axtarmaqdır. [b]- Narahatlığa səbəb olan məqam odur ki, həmməruzəçilərin hazırladıqları hesabatda Azərbaycanda insan haqları, söz və mətbuat azadlığı və digər məsələlər öz əksini tapmayıb. Ona görə də müxalifət ciddi şəkildə narazılığını bildirib. Siz nə düşünürsünüz, hesabat reallığı əks etdirirmi?[/b] - Azərbaycanda ciddi problemlər var. Ancaq mən söz azadlığı ilə bağlı ciddi problemin olduğunu düşünmürəm. İnformasiya azadlığı sahəsində ciddi problemlər var. Qanunlardakı son dəyişikliklər göstərdi ki. Hakimiyyət məhdudlaşdırıcı yola daha çox üstünlük verir. Amma bütövlükdə insan haqlarının vəziyyəti ilə bağlı fikirlər o sənədlərdə öz əksini tapacaq. Çünki onlar çıxışlarında bu istiqamətdə suallar verirdilər və bu suallara cavab axtardıqlarını bildirirdilər. Bir də ki, monitorinq komitəsinin rəyi açıqlanmayıb ki, o rəyin nədən ibarət olduğunu düşünərək ona qarşı obyektiv bir münasibət bildirilsin. Ortada olan hələ tamamlanmamış bir sənəddir, sənəd ortaya qoyulandan sonra bir mülahizə yürütmək olar ki, tərəflər arasında hansısa gizli əlaqələr mövcuddur və ümumi işin ziyanına gətirib çıxarır. Məncə, gözləmək lazımdır ki, onlar qalan məsələlərlə bağlı hansı prinsipial mövqeyi ortaya qoyacaqlar. [b]- Fakt odur ki, mülkiyyət hüququnun pozulması ilə bağlı ciddi problemlər var, amma həmmərizəçilər gözləniləndən daha loyal mövqe sərgiləyirlər. Bunu necə başa düşək?[/b] - Mülkiyyət məsələsi ilə bağlı Azərbaycanda daha ciddi problemlərin olduğu düşüncəsindəyəm. Çünki bu gün Azərbaycanda insanların elementar mülkiyyət hüquqlarını qorumaq imkanları yox dərəcəsindədir. Bunun da bir tərəfi məhkəmə sisteminin üzərinə gəlir. Ölkədə azad məhkəmə hakimiyyəti olmadığına görə bu kimi məsələlərdə mülkiyyətin qorunması mexanizmləri də demək olar ki, ortadan qalxır. Sadəcə, bir tərəfin səxavəti, yaxud səxavətsizliyi fonunda kiminsə mülkiyyəti özəlləşdirilirsə, kimsə razı, yaxud narazı qala bilir. Halbuki bütün bunlar birbaşa qanunla tənzimlənməlidir. Siyasi hakimiyyət də mülkiyyət toxunulmazlığına qarantiya verməlidir. Çox təəssüf ki, belə bir qarantiya olmadığına görə, Azərbaycan bu sahədə çox böyük problemlər yaşayır və bundan sonra da yaşayacağı güman olunur. Ümimiyyətlə, bütünlükdə hesab edirəm ki, bu kimi məsələlərdə daha çox qoşulduğumuz insan haqları konvensiyanın tələblərinə riayət etmək lazımdır. Ölkənin imicini düşünərək hökümətin daha anlayışlı addım atmasına ehtiyac var. Təəssüf ki, hələ bu, müşahidə olunmur. [b]- Fazil bəy, son bir neçə ili nəzər yetirdikdə beynəlxalq aləmdən Azərbaycan hakimiyyətinə qarşı demokratiya, insan haqları ilə bağlı davamlı təzyiqləri müşahidə olunur. Hakimiyyətə ünvanlanan tənqidləri haqlı sayırsınızmı?[/b] - Azərbaycan özünü Avropanın, demokratik sistemin tərkib hissəsi kimi hiss edirsə, mütləq bu tənqidlərə daha anlayışla yanaşmalıdır. Onların söymək əvəzinə, nöqsanları ortadan qaldırmaq, tənqidlərin olmaması üçün real situasiyanı dəyişmək lazımdır. Çox təəssüf ki, bu imkanlar Azərbaycan hakimiyyəti tərəfindən itirildi və yaxın gələcəkdə bunu həyata keçirilməsi də çox çətin görünür. Ona görə də jurnalistlərin azadlığa buraxılması, müəyyən neqativ proseslərin dayandırılması lazımdır ki, Azərbaycan təzədən özünə imic kapitalı yığa bilsin. [b]- İllərdir həm Qərbdən, həm də ölkə daxilindən hakimiyyətdən islahatların aparılması ilə bağlı təpkilər davam edir, amma hələ də bu istiqamətdə ciddi addımlar atılmır. Necə düşünürsünüz, hakimiyyət islahat yolu tutmamaq kursunu nə qədər davam etdirə biləcək?[/b] - Əslində, bu məsələnin nəticəsi bizim üçün artıq ortadadır. Diqqət yetirirsinizsə, Qarabağ məsələsi ilə bağlı mövqelərimiz zəifləməyə başlayıb, daxili həmrəylik imkanları qaçırılır və ölkənin xaricə görüntüsü də müsbət imicdə getmir. Əvvəla insanlar başa düşməlidirlər ki, bir ölkədə demokratiyada danışılırsa, orada müxalifətin fikirlərinə dözməyi bacarmalıdırlar. Azərbaycanda islahat istəyən qüvvələrlə daxildə danışıqlar aparmaq lazımdır. Müxtəlif qüvvələr islahat istəyə bilər. Radikal da, islamçı da, millətçi də islahat istəyə bilər. Xaricdən təzyiqlər almamaq üçün daxildə problemi çözmək lazımdı. Azərbaycan hakimiyyəti ?Eurovision? ərəfəsində ciddi yanlışa yol verdi. Yəni. ən azı müxalifətlə 15 günlük atəşkəs elan etmək imkanı var idi, bu imkandan istifadə olunmadı. Halbuki müxalifəti həddən artıq dalana dirəyəndə o inadına müəyyən vəziyyətdən istifadəyə daha çox üstünlük verəcək. Bu zaman kimisə qınamaq da çətin olur. Əslində, məhbusları buraxa bilərdilər və ?Eurovision? kimi bir tədbirdə hər hansı bir problemlər yaşanmazdı. Daxildə müəyyən məsələni çözməyən hakimiyyət mütləq xaricdən gələn təzyiqləri də anlayışla qarşılamalıdır. Çünki Azərbaycan qapalı bir məkan deyil, Avropa dəyərlərinə yönəlməkdən başqa da alternativi yoxdur. Bu baxımdan, daxildə dialoq mühitinin yaranması artıq həyati zərurətə çevrilib. Əgər Fələstinlə İsrail hansısa bir tədbirlə bağlı atəşkəs elan edə bilirlərsə, Azərbaycanda da eyni millətin nümayəndələri bunu edə bilmirlərsə, bunu birinci əziyyətini çəkəcək. Çünki hakimiyyət hansı çətinlikdən asılı olmayaraq ölkə problemlərini həll etmək məcburiyyətindədir. İndi baş verən səhvlər sonradan hakimiyyətin kompasının düzəlməsinə mane olacaq. Bu gəmi titanik kimi gedib hardasa aysberqə toxunub dağılacaq. [b]- Hələlik ölkə daxilində islahat tələb edənlər daha çox yumşaq üslubda davranır. Sizcə, bu tələblərin daha fərqli, sərt və təhlükəli üsluba keçid etməsi mümkündürmü?[/b] - Hələ ki, hakimiyyətin fəlsəfəsi odur ki, əgər mənə qarşı ciddi bir müqavimət yoxdursa, mən nədən bu idarəetməni dəyişməliyəm. Hər halda mən Azərbaycan hakimiyyətinin fürsətləri necə qaçırdığını rahatlıqla söyləyə bilərəm. İstənilən məqamda islahatla bağlı fürsətlər artıq əldən qaçırılıb. Ölkənin iqtisadi sütununda ciddi dəyişikliklər edilməsinə ehtiyac var idi ki, əhalinin müəyyən bir hissəsi dirçəlsin. Bu gün Azərbaycanda statistika yalançılığı artıq dəbə çevrilib. Sovet hökumətində olduğu kimi, yoxsulların sayının azalması, iş yerləri sayının artması, iqtisadi göstəricilərinin yüksək olması ilə bağlı statistika ilə insanları inandırmaq olmur. Sovet hökumətin dövründə də belə statistik rəqəmlərdə cəmiyyəti aldatmaq yolu tutulmuşdu, amma sonunda böyük bir çöküş prosesini yaşadılar. İndi Azərbaycan hökuməti də rəqəmləri elan edərək guya hər şeyin yaxşı olduğunu söyləyir, ancaq bütün beynəlxalq qiymətləndirmələrdə, hətta Ermənistan və Gürcüstandan sonrakı yerləri tutmağa məhkum edilmişik. Bu, təkcə xristian təəssübkeşliyi, Azərbaycana olan mənfi münasibətdən irəli gəlmir. Bütün bunlar Azərbaycanın hərəkətsizliyindən irəli gəlir. Avropada da siyasi məhbusu tuturlar, amma iki aydan sonra buraxırlar. İki il keçir, buraxmayacağam dediyin adamları təzədən buraxırsansa, bunu uyğunsuz şəraitdə edirsənsə, bunun özü ölkənin imicini aşağı salır. O baxımdan da hazırda hakimiyyətin islahat aparmaq niyyəti görünmür. Təzyiq də zəif olduğuna görə hakimiyyəti buna məcbur edə biləcək mühit də yoxdur. Amma azacıq idealist olan, cəmiyyətə azacıq sayğı göstərən hakimiyyət mütləq bu islahatlara getməlidir. Bununla həm özünü çətinlikdən çıxarar, həm də cəmiyyətiçi barış mühiti yaradar. [b]- Fazil bəy, deyirsiniz ki, hakimiyyət islahat aparmaq fürsətini itirib və bu əhval-ruhiyyədən də uzaqdır. Belə çıxır ki, ikinci varianatda hakimiyyətin çöküşü başlayır?[/b] - Bu, qəbul olunmuş bir təcrübədir. İslahat aparılmayacaqsa, hakimiyyətin çöküşü başlayacaq. Hər şey ola bilər. Xüsüsən də Azərbaycan kimi mürəkkəb coğrafiyada yerləşən bir ölkənin problemləri bəzən özündən asılı olmur, daha çox kənardan köçürmə yolu ilə daha böyük problemlərin yaşanması mümkün olur. Amma bütün hallarda bunun məsuliyyəti hakimiyyəti xalqdan alıb onu idarə edən siyasi qüvvə daşıyır. Bu mənada hakimiyyət hamıdan çox ölkədə islahatların aparılmasına maraqlı olmalıdır. Çünki ölkənin demokratikləşməsi birinci növbədə onları adı ilə bağlı olacaq. Amma hələ ki, fərqli yol tutulur. Binaların neçə mərtəbəli, fasadının yaraşıqlı olması o qədər də önəmli deyil. Həmin binada yaşayış insanın konkret visionu olmadığına görə, Azərbaycandakı indiki vəziyyət sonradan ağrılı problemə çevrilə bilər. [b]- Bəs belə bir şəraitdə prezident seçkilərinə gedən siyasi qüvvələri nə gözləyir?[/b] - Ümumiyyətdə, bizdə olan hadisələrin gəlişməsi daha çox daxildə alınan qərarlarla deyil, xarici amillərdən asılı olur. Azərbaycanda xarici amilin kifayət qədər təsir imkanlrı var. Mən Azərbaycanda siyasi partiyaların rolunun qaldırılmasının tərəfdarıyam. Siyasi partiyalar indiki imkanları ilə hər hansı bir prosesi irəlilətməkdə çətinlik çəkirlər. 2013-ə qədər də onların güclü qüvvə kimi ortada olacaqlarını gözləmək mümkün deyil. Bu mənada 2013- Azərbaycanda yeniləşmə sürəci vəd eləmir. Bu gün nə iqtidarın, nə müxalifətin təfəkkürcə yeniliyə marağı yoxdur və köhnə üslubda mübarizə davam elədiyinə görə hər iki tərəf məğlubiyyətə məhkumdur. Ortada Azərbaycanın demokratikləşməsinin ləngiməsi durur. Bu ləngimə istər-istəməz bizi Ermənistandan da, Gürcüstandan da geri salacaq. Neftə nə qədər arxayın olsaq da, əsas məsələ insanın öz dövlətinin həyatında istədiyi formada iştirak etməsidir ki, o da bizdə yoxdur. Bu da mütləq gələcəkdə öz fəsadlarını göstərməlidir. [b]- Siz özünüz qarşıdan gələn prezident seçkilərində iştirak etməklə bağlı qərar vermisinizmi?[/b] - Belə bir qərarın indidən deyilməsi doğru deyil. Bütün hallarda seçki prosesində iştirak nəzərdə tutulur. Birinci növbədə biz seçkiyə təbliğat vasitəsi kimi yanaşırıq və hesab edirik ki, bu prosesdə partiyaların rolunun artması istiqamətində müəyyən addımlar atmaq olar. Artıq tamam fərqli bir partiya modeli ilə cəmiyyət qarşısına çıxacağıq. O baxımdan da 2013-lə bağlı qərar verməyə tələsmirik, amma mövcud situasiyaya uyğun addımlar atacağıq. Zaur ƏHMƏD

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA