Misir Mərdanov Məleykə Abbaszadəyə "cavab atəzi" planlayıb

img

17-06-2012 [02:09]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 13-də keçirilmiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb. TQDK tərəfindən 2012-ci il iyunun 13-də Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuz şəhərlərində təhsil alan XI-IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri iyunun 16-da saat 10-30-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib. Ümumi və tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanlarında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar. 11 illik tam orta təhsil bazası üzrə buraxılış imtahanlarında iştirak etmiş 11107 şagirddən 1513 nəfər ?Ana dili? fənni üzrə, 1153 nəfər isə ?Riyaziyyat? fənni üzrə ?5? qiymət alıb. İmtahana qatılan məzunlardan 466 nəfər Azərbaycan dili, 1121 nəfər ?Riyaziyyat? fənni üzrə ən aşağı qiymət ? 2 alıb. Hər iki fənn üzrə ?3? qiymət alanların sayı 50 faizdən çoxdur. ?Ana dili? fənni üzrə 6367, ?Riyaziyyat? fənni üzrə isə 6378 nəfər ?3? qiymət alıb. Ümumi orta təhsil bazasında (9 illik) buraxılış imtahanlarında iştirak etmiş 15690 şagirddən 11003 nəfər ?Ana dili?, 10508 nəfər ?Riyaziyyat? fənni üzrə ?3? qiymət alıb. İmtahanlarda bilikləri ?kafi? qiymətləndirilən şagirdlərin sayı təxminən 70 faiz təşkil edib. Qeyd edək ki, artıq bu ildən buraxılış imtahanlarının keçirilməsi Təhsil Nazirliyindən alınaraq TQDK-ya verilib. Bu dəyişiklik uzun illərdir TQDK sədri Məleykə Abbaszadə ilə təhsil naziri Misir Mərdanov arasındakı mübarizədə birincinin qələbəsi kimi qiymətləndirilir. Artıq bu ildən buraxılış imtahanları TQDK tərəfindən keçirilməyə başlanılıb. Bu isə TQDK rəhbərliyinə müəyyən faktları ?birinci əl?dən almaq fürsəti verib. Görünən odur ki, əldə olunan nəticələri əsas götürən komissiya rəhbərliyi Təhsil Nazirliyini yenə də ?vurmaqda? davam edir. Elə bu günlərdə mətbuat konfransı keçirən TQDK sədri Məleykə Abbaszadənin yenə də Təhsil Nazirliyinin ünvanına tənqidi fikirlər səsləndirməsi də, deyilənlərə aydınlıq gətirir. Xüsusi qeyd etmək gərəkdir ki, TQDK sədri M.Abbaszadə orta məktəblərdə indiyədək keçirilmiş buraxılış imtahanlarının obyektivliyini şübhə altına alıb. ?Bu il də şagirdlər elə bilirdilər ki, buraxılış imtahanlarına girərək əvvəllər olduğu kimi, hansısa formada qiymət ala biləcəklər. Çünki bu vaxta kimi buraxılış imtahanları qeyri-real keçirilib?. M.Abbaszadənin sözlərinə görə, əvvəlki illərdə keçirilmiş imtahanlarda bəzi şagirdlər müəyyən suallara telefon vasitəsilə kimlərdənsə cavab öyrənib yazır və ya əhatəsindəki digər həmyaşıdlarından köçürüb qiymət alırdılar. Amma bu il imtahanlar tam şəffaf keçirildi, real kriteriyalara əsasən təşkil olundu. Komissiya onu da bildirib ki, TQDK Təhsil Nazirliyinin bu ilin fevralında keçirdiyi sınaq imtahanlarının nəticələrini də nəzərə almayacaq. Çünki həmin imthanlarının heç bir elmi əsası olmayıb və bu özünü TQDK tərəfindən keçirilən buraxılış imtahanlarında bir daha göstərib. Son buraxılış imtahanında 65 faizi qeyri-kafi və kafi qiymət alması ilə bağlı faktın elan olunması M.Abbaszadədən təhsil nazirinə növbəti zərbə oldu. Ancaq M.Mərdanov TQDK sədrinin bu hücumları qarşısında geri çəkilmək niyyətində deyil. Təhsil Nazirliyinin adının çəkilməsini istəməyən vəzifəli şəxslərindən birinin ?Reytinq?ə verdiyi məlumata görə, M.Mərdanov TQDK sədrinin son hücumlarını dəf etmək üçün yeni taktika hazırlayıb: ?Bildiyiniz kimi, TQDK sədri hər il Təhsil Nazirliyinin keçirdiyi buraxılış imtahanlarının nəticələri ilə qəbul imtahanlarının nəticələri arasında ciddi fərqlərin olduğunu elan edərək bizi zərbə altında qoyurdu. Artıq imtahanları özləri keçirirlər və prosesə tam nəzarət edə bilirlər. Elə bu vacib məqamı da nəzərə alan nazir Misir Mərdanov prosesə ciddi nəzarət etməyi tapşırıb. İmtahanlarda şagirdlərin yarıdan çoxunun qeyri-kafi və kafi qiymət alması TQDK-nın öz istəyidir. Onlar bununla məktəblərdə təhsilin aşağı səviyyədə olmasını göstərmək istəyirlər. Amma onu da nəzərə çatdırım ki, TQDK buraxılış imtahanlarının nəticələrinin aşağı olması üçün qəsdən daha ağır mövzulara çox yer ayırıb. Bəzi hallarda isə dərs vəsaitlərində olmayan, əksər hallarda isə daha nadir mövzulardan çox suallar salınıb. Bu səbəbdən də daha çox şagird qeyri-kafi və kafi qiymət alıb?. Bizi bilgiləndirən şəxs onu da bildirib ki, təhsil naziri M.Mərdanov M.Abbaszadənin bu ?taktiki gedişi?ni cavabsız qoymaq fikrində deyil. Onun sözlərinə görə, qəbul imtahanlarından sonra Təhsil Nazirliyi TQDK-nın ?zəif nöqtələri? ilə bağlı açıqlamalar verəcək: ?Hələlik isə proses başa çatmadığı üçün M.Mərdanov rəqibini izləyir, zamanı gələndə o da ?cavab atəşi?ni açacaq?. Z.MƏMMƏDLİ

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA