Professor, mediya və partiya sədrləri Əli insanovun müdafiəsinə qalxdı

img

13-06-2012 [06:10]


Ölkənin bir qrup nüfuzlu şəxsi Avropa İnsan Haqları Məhkəməsinin sədri Nikolas Bratzaya müraciət edib. Müraciəti təqdim edirik. ?Hörmətli sədr, Azərbaycan Respublikası parlamentinin sabiq deputatı, sabiq səhiyyə naziri, tibb elmləri doktoru, professor Əli İnsanov Azərbaycanın siyasi hakimiyyətinə qarşı müxalif çıxışlar etdiyinə görə 2005-ci ilin 20 oktyabrında hakimiyyəti zorla ələ keçirmə bəhanəsi ilə həbs edilib. Bundan sonra ona vəzifə cinayətləri və iqtisadi cinayətlər ittihamları da irəli sürülüb. Azərbaycan məhkəmələri onun işinə siyasi hakimiyyətin sifarişi ilə ədalətsiz və qərəzli baxdığı üçün Avropa Şurası Parlament Asambleyasının 2007-ci il yaz sessiyasında qəbul olunmuş 19 aprel tarixli qətnaməsində Əli İnsanovun barəsində ədalətli məhkəmə keçirilməsi tövsiyə olunub. AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri cənab Andres Herkel və xanım Jivkovanın apardıqları monitorinqin nəticələrinə dair 2008-ci il mart ayında yayılmış hesabatda və AŞPA-nın 2008-ci il 24 iyul tarixli qətnaməsində belə fakt öz əksini tapıb ki, məhkəmə tribunalarında Azərbaycan siyasi hakimiyyətinə qarşı ittihamedici və ifşaedici çıxışlarına görə qisas alınması və işgəncə verilməsi məqsədilə Əli İnsanov ağır və dözülməz şəraitli 13 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilib. Orada 128 nəfərlik, insanın normal yaşayışı üçün heç bir şəraiti olmayan, döşəməsi və tavanı beton, rütubətli, havasız barakda qalmağa məcbur edilməklə ona işgəncə verilir. Həbsdə saxlanıldığı 5 ildən artıq müddət ərzində Əli İnsanovun məlumat azadlığı kobudcasına pozulur və ona müstəqil mətbuatla tanış olmaq qadağan edilib. Ə. İnsanova hakimiyyətin xüsusi qərəzinin nəticəsi olaraq Azərbaycan qanunvericiliyində akademikin ömürlük seçilməsi və akademiya sıralarından xaric edilə bilməməsi nəzərdə tutulsa da, İnsanov xüsusi siyasi sifarişlə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlüyündən çıxarılıb. Onun kəşf etdiyi, dünyanın 7 ölkəsində satışına xüsusi icazə verilmiş ?İnsanovin? dərmanı xüsusi sifarişlə Azərbaycanda apteklərdən və müalicə müəssisələrindən yığışdırılıb, onun satışına qanunsuz olaraq icazə verilmir. Əli İnsanovun müəllifi olduğu bütün Avropa və MDB məkanında dərslik kimi istifadə olunan rus dilində ?Vərəm? kitabı 3 ilə yaxındır Azərbaycana göndərilməsinə baxmayaraq xüsusi sifarişlə qanunsuz olaraq Azərbaycan gömrük orqanları tərəfindən saxlanıb, Azərbaycana buraxılmır. Əli İnsanov həbs edildikdən sonra ona, ailəsinə və qohumlarına məxsus daşınmaz əmlaklar müsadirə olunub və əllərindən alınıb. Onun qohumlarına və tələbələrinə də qarşı təzyiqlər edilir. Onun tələbəsi, professor Aleksandr Umnyaşkin 3 il, bacısı oğlu, elmlər namizədi Anar Namazov isə 7 il 6 ay müddətə qanunsuz, əsassız və qurama ittihamlarla azadlıqdan məhrum ediliblər. Əli İnsanovun qohumlarının Azərbaycan Respublikasının ərazisini tərk etmələrinə qanunsuz qadağa qoyulub, onlar faktiki olaraq girov saxlanılır, dövlət idarə müəssisə və təşkilatlarında işləyənlərin hamısı işdən çıxarılıb, biznes fəaliyyəti ilə məşğul olmalarına imkan verilmir. Əli İnsanovun pozulmuş hüquqlarının müdafiəsi üçün Azərbaycanın məhkəmə orqanlarına ünvanladığı şikayətlərinə baxılmır. Azərbaycanda məhkəmə hüquq sistemi bütünlüklə siyasi hakimiyyətin göstərişlərini icra edir, müstəqil məhkəmə hakimiyyəti mövcud deyil və bu səbəbdən də Azərbaycan məhkəmələrindən ədalət gözləmək mümkün deyil. Əli İnsanov pozulmuş hüquqlarının müdafiəsi üçün 2008-ci il 31 martda Avropa İnsan Haqları Məhkəməsinə şikayət verib, həmin şikayət 16133/08 sayla qeydə alınıb, 25 noyabr 2008-ci il tarixli qərarı ilə Məhkəmənin Reqlamentinin 41-ci maddəsinə uyğun olaraq şikayətə prioritet qaydada baxılması qərara alınıb. İş üzrə tərəflərin yazılı qeyd və şərhlərini təqdim etmələri üçün müddət 09 iyul 2010-cu il tarixdə yekunlaşsa da, bu günədək şikayətə mahiyyəti üzrə baxılmasına dair Avropa İnsan Haqları Məhkəməsinin qərarı qəbul olunmayıb. İşə nə vaxt baxılacağı barədə isə məlumat verilmir. Əli İnsanov hələ də 13 saylı Cəzaçəkmə Müəssisəsində insanın normal yaşayışı üçün heç bir şəraiti, daimi suyu, qazı olmayan, döşəməsi və tavanı beton olan barakda dözülməz şəraitdə saxlanılmaqla ona işgəncə verilməsi davam etdirilir. Xahiş edirik Əli İnsanovun pozulan hüquqlarının müdafiəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdiyi şikayətinə yubadılmadan baxılmasına köməyinizi əsirgəməyəsiniz. Hörmətlə: Eldar Namazov (politoloq) Köçəri Nağıbəyli (?İrəvan? qəzetinin baş redaktoru) Nurəddin Mustafayev (professor) Firudin Cəlilov (professor) Eldar Abbasov (Professor) Aqil Səmədbəyli, BAB Mərkəzi Şurasının sədri Vahid Əziz (Şair, publisist) Əli Ömərov (keçmiş baş prokuror) Alqayıt Xəlilov (şair, publisist) Babək Adıgözəlov (YAP üzvü) Ramiz Abbasov Rahim Bağırov (keçmiş icra başçısı) İsa Qəmbər (Müsavat başqanı) Əli Kərimli (AXCP sədri) Rauf Arifoğlu (?Yeni Müsavat? qəzetinin baş redaktoru) Pənah Hüseyn (keçmiş baş nazir) Mirmahmud Mirəlioğlu (KXCP sədri) Cəmil Həsənli (tarix elmləri doktoru) Hacı İlqar ibrahimoğlu (DEVAMM sədri) Zəminə Dünyamalıyeva (keçmiş millət vəkili) Rəhim Hacıyev (?Azadlıq? qəzetinin baş redaktor əvəzi) Vidadi Mirkamal (ədliyyə generalı) Zərdüşt Əlizadə (politoloq) Zəfər Quliyev (politoloq) Qiyas Sadıqov (AXP sədri) Svetlana Bayramova (jurnalist) Elşad Musayev (BAP sədri) Sülhəddin Əkbər (ACP sədri) Leyla Əliyeva (politoloq) Əli Abbasov (professor) Arzu Abdullayeva (hüquq müdafiəçisi) Novella Cəfəroğlu (hüquq müdafiəçisi) Rəhman Bədəlov (filosof-professor) Rəşid Hacılı (hüquq müdafiəçisi) Səidə Qocamanlı (hüquq müdafiəçisi) Səadət Bənənyarlı (hüquq müdafiəçisi) Mehriban Vəzir (yazıçı-publisist) Arzu Səmədbəyli (Müsavat Məclisiniun sədri) İbrahim İbrahimli (istiqlalçı millət vəkili) Qələndər Muxtarlı (MDP sədri) Rafiq Manaflı (VHP Ali Məcılisinin sədri) Samir Turan (MHP sədri)?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA