06-06-2012 [07:05]
[b]Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 6-da ABŞ-ın dövlət katibi Hillari Klintonu qəbul edib. Prezidentin mətbuat xidmətindəq verilən xəbərə görə, ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana növbəti səfərindən məmnunluğunu bildirən İlham Əliyev bunu ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin göstəricisi kimi dəyərləndirib. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında iqtisadi, enerji, regional təhlükəsizlik, siyasi islahatlar, münaqişənin nizama salınması və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunan prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin uğurla inkişaf etdiyini deyib.[/b]
ABŞ-ın dövlət katibi Hillari Klinton yenidən Bakıya səfərindən və ikitərəfli əlaqələrimizlə bağlı Azərbaycan prezidenti ilə məsləhətləşməkdən məmnun olduğunu dedi. Xanım Klinton Azərbaycan prezidenti İlham Əliyevin NATO-nun Çikaqo sammitində iştirakının önəmini qeyd etdi. Ölkələrimizin bir çox sahələrdə uğurlu əməkdaşlıq etməsinin əhəmiyyətini vurğulayan ABŞ-ın dövlət katibi ölkəsinin Azərbaycan ilə sıx və strateji tərəfdaşlıq əlaqələrinin olmasını məmnunluqla qeyd etdi. O, Azərbaycanın regionda mühüm rolunu vurğuladı. Xanım Klinton ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı müzakirə ediləcək məsələlərin geniş gündəliyə malik olduğunu bildirib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, ölkələrimizin enerji və digər sahələrdə əməkdaşlığının genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin adından ABŞ-ın dövlət katibi Hillari Klintonun şərəfinə ziyafət verildi.
Bu gün Klinton Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən son insidentləri pisləyib. Xarici işlər naziri Elmar Məmmədyarovla keçirdiyi birgə brifinqdə Elmar Məmmədyarov qeyd edib ki, ABŞ və Azərbaycan bu illər ərzində müxtəlif sahələrdə sıx əməkdaşlıq əlaqələri qura biliblər. Dövlət katibi Hillari Klintonun səfərinin səmərəli keçdiyini deyən XİN başçısı əsas müzakirə mövzularından birinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olduğunu vurğulayıb: ?Münaqişənin nizamlanması istiqamətində irəliləyişə nail olmaq üçün bəzi ideyalar səsləndi. Xatırladım ki, iyunun 18-də Parisdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların növbəti raundu keçiriləcək. Görüşdə Əfqanıstan məsələsi, regional məsələlər də müzakirə olundu. Azərbaycan ABŞ-ın dəstəyini hiss edir?.
Brifinqdə çıxış edən dövlət katibi Hillari Klinton bildirib ki, Azərbaycana yenidən səfər etməkdən məmnundur. O, Azərbaycan prezidenti ilə görüşdə təhlükəsizlik, energetika və demokratik islahatlar mövzusunda müzakirələrin aparıldığını bildirib. Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlara verdiyi töhfəni yüksək qiymətləndirən dövlət katibi Bakıda keçirdiyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr apardığını da deyib.
Hillari Klinton qoşunların təmas xəttində baş vermiş son insidentləri pisləyib: ?Bu zorakılığa son qoyulmalıdır. Mən Azərbaycan prezidentinə bəyan etdim ki, ABŞ münaqişənin nizamlanması prosesinə kömək etmək üçün əlindən gələn hər şeyi etməyə hazırdır?.
Bu gün, ABŞ-ın dövlət katibi Hillari Klinton vətəndaş cəmiyyətinin təmsilçiləri ilə də görüşüb.
Görüşdə iştirak edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun ?Yeni Müsavat?a verdiyi məlumata görə, görüşdə iqtisadi sahədəki nailiyyət və problemlər müzakirə olunub: ?İqtisadi sferada, xüsusən neft pullarının xərclənməsində şəffaflıq, büdcə gəlirlərinin xərclənməsində açıqlıq və şəffaflıq müzakirə edilib. Bu sahədə hökumətin nailiyyətləri, hansı problemlərinin olduğu müzakirə edildi. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsindən danışıldı. Dövlət Neft Fondunun Müşahidə Şurasında vətəndaş cəmiyyətinin təmsilçilərinin iştirakı, büdcə gəlirlərinin şəffaflığının artırılması sahəsində vətəndaş cəmiyyətinin rolu, bu istiqamətdə gördüyü işlər də müzakirə mövzusu oldu. Müzakirə olunan məsələlər daha çox açıqlıq və şəffaflıq istiqamətində oldu. O cümlədən büdcə gəlirləri ilə bağlı vətəndaş cəmiyyətinin durumu ilə bağlı son vəziyyət müzakirə olundu. Müzakirə olunan məsələlərdən biri də ?İnformasiya əldə etmək haqqında? qanun layihəsi oldu. Bütövlükdə xanım Klinton ölkədəki vətəndaş cəmiyyətinin roluna yüksək qiymət verdiyini dedi. O, Azərbaycanda güclü vətəndaş cəmiyyətinin olduğunu bildirdi, bundan məmnunluğunu ifadə etdi. Onun sözlərinə görə, bizdəki vətəndaş cəmiyyəti faktiki olaraq hökumətin siyasətinə təsir etmək imkanına malikdir. Xanım Klinton bildirdi ki, ABŞ Azərbaycandakı vətəndaş cəmiyyətinə dəstəyini davam etdirəcək?.
V.Bayramovun sözlərinə görə, görüşün 45 dəqiqə olması nəzərdə tutulsa da, 1 saatdan artıq davam edib. Görüşdə ölkənin ona yaxın vətəndaş cəmiyyəti təmsilçisi iştirak edib.