20-05-2012 [05:37]
"Azərbaycanın müstəqillik qazanmasında kişilərlə yanaşı, qadınların da böyük rolu olub. Ekstremal situasiyalarda qadınlar həmişə öndə olub, azadlıq uğrunda mübarizədə fəal iştirak ediblər. Yaxın keçmişdə baş vermiş həmin hadisələrin canlı şahidləri bu gün də yaşadığı üçün bəzi dostlarımızın tarixə qısqanc münasibəti təəssüf doğurur".
Bu sözləri açıqlamasında Türkiyədə elmi-pedaqoji fəaliyyətlə məşğul olan azərbaycanlı professor Xanım Xəlilova deyib. X.Xəlilova bildirib ki, vaxtilə AXC rəhbərliyində təmsil olunan bəzi şəxslər istər 20 yanvar faciəsindən, istərsə də 1992-ci ilin 14-15 may hadisələrindən danışanda, qadınların həmin proseslərdə iştirakını inkar etməyə çalışırlar: "Mən, Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə ötən əsrin 70-ci illərində mərhum Əbülfəz Elçibəyin sayəsində qoşulmuşam. 1988-ci ildə Azərbaycanda Milli Azadlıq Hərəkatı başlayandan sonra mübarizənin ön sıralarında olmuşam. 1990-cı ilin 20 yanvar hadisələrini yaxşı xatırlayıram. Hələ yanvar ayının 19-da Bakıda Azərbaycan KP MK-nın binasında Kremlin nümayəndəsi Girenko mənə dedi ki, evinizə gedin, bu gecə tanklar Bakıya daxil olacaq. Dərhal bu barədə Əbülfəz bəyə və İsa Qəmbərə məlumat verdim. Tez-tələsik Əbülfəz Elçibəyin ailəsini etibarlı bir yerdə gizlətdik. Özümüz isə meydanlara qayıdıb, xalqla bir sırada dayandıq. Yanvarın 20-də yığışıb yürüş keçirmək qərarı verdik. 1990-cı il yanvar ayının 21-də 5 min qadının iştirakı ilə Bakıda izdihamlı yürüş təşkil etdik. Biz meydana çıxanda rəhmətlik Bəxtiyar Vahabzadə məni qucaqlayıb dedi ki, qızım, bunların gözünü qan örtüb, ehtiyatlı olun. Elə bilirəm ki, yanvar ayının 21-də qadınların iştirakı ilə təşkil etdiyimiz aksiya sayəsində qorxu hissini xalqın qəlbindən qovub çıxara bildik. Ertəsi gün bir milyon insan küçələrə axışıb, şəhidlərimizi son mənzilə yola saldılar. Həmin mərasimdə qadınlarımız də fəal iştirak edirdilər".
X.Xəlilova deyib ki, eks-prezident Ayaz Mütəllibov 1992-ci ilin martında onların müqavimətini görəndən sonra istefa vermək məcburiyyətində qalıb: "Xocalı faciəsi Azərbaycan xalqının mübarizə əzmini zəiflətmişdi. Həmin vaxt bizim qarşımızda dayanan əsas vəzifə Ayaz Mütəllibovu istefaya məcbur etmək idi. Mart ayının 6-da bir qrup qadın Milli Məclisə hücum edib, Mütəllibovu istefaya çağırdı. Novella Cəfəroğlunun rəhbərlik etdiyi qrup bayırda dayanıb, parlamentin şüşələrini döyəcləyir, mən və bir neçə qadın isə içəridə mübarizə aparırdıq. İsgəndər Həmidov dedi ki, Mütəllibov rus əsgərlərini gətirib, camaatı qırdırmaq istəyir. Bu sözləri eşidəndə bərk əsəbləşdim və tribunaya - Mütəllibovun üstünə yeridim. Əlimdə kiçik lezva parçası vardı. Dedim ki, Ayaz Mütəllibov, sən camaatı öldürməmişdən əvvəl mən özümü öldürəcəyəm. Mühafizəçilər üstümə şığıdılar. Amma baş prokuror silahını çıxarıb dedi ki, Xanım bacıya toxunan olsa, onu özüm güllələyəcəyəm.
Vəziyyət getdikcə daha dramatik şəkil alırdı. Bir müddət sonra Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə gəlib dedi ki, Ayaz Mütəllibov istefa verməyə hazırdır. Biz Şeyxlə birgə İsa Qəmbərin yanına gedib, Mütəllibovun qərarını ona bildirdik. Mütəllibov istefa verəndən sonra ruslar onu Moskvaya apardılar".
X.Xəlilova bildirib ki, 1992-ci il may ayının 14-də A.Mütəllibov Rusiyanın dəstəyilə yenidən hakimiyyətə qayıdanda, ona qarşı müqavimət göstərən adamların arasında qadınlar çoxluq təşkil edib: "Təəssüf ki, həmin hadisələrdən söz açılanda bəzi hərəkatçı dostlarımız qadınların xidmətini dilə gətirməyə həvəs göstərmirlər. Bu günlərdə mətbuatda Pənah Hüseynin 14-15 may hadisələrilə bağlı açıqlamalarını oxudum. Nədənsə, Pənah bəy rus tanklarının üstünə yeriyən cəsur qadınlarımızı xatırlamağa ehtiyac görməyib. Halbuki həmin hadisələr hamının, o cümlədən Pənah bəyin gözü qarşısında baş verib".
Müsahibimizin sözlərinə görə, A.Mütəllibovun Rusiyanın dəstəyilə hakimiyyətə yenidən gələcəyilə bağlı məlumat onlarda bir gün əvvəldən olub: "1992-ci il mart ayının 13-də Hacı Allahşükür Paşazadə mənə dedi ki, sabah Rusiya Ayaz Mütəllibovu hakimiyyətə gətirəcək. Yeri gəlmişkən, qeyd eləmək istəyirəm ki, mənim Şeyxə həmişə böyük hörmətim olub. 20 yanvar faciəsi baş verəndə o, xalqın yanında olduğu üçün bizim ona rəğbətimiz vardı. 6 mart hadisələrində camaat Şeyxə hücum etmək istəyəndə, bunun qarşısını mən almışdım. Buna görə də Şeyx məni yaxşı tanıyırdı. Xülasə, Hacı Allahşükür Paşazadə mənə Rusiyanın Ayaz Mütəllibovu hakimiyyətə gətirmək istədiyini deyəndə, dərhal Əbülfəz Elçibəy və İsa Qəmbərlə görüşüb, onları bu barədə məlumatlandırdım. Biz bu məsələni AXC-də müzakirə etdik. İsa Qəmbər, İsgəndər Həmidov, mən və başqa cəbhəçilər təklif etdik ki, Mütəllibova qarşı dirəniş göstərək. Mayın 14-də mitinq keçirilməsilə bağlı qərar qəbul etdik. Həqiqətən də bir gün sonra Mütəllibov geri qayıdıb, parlamentdə xalqa barmaq silkələdi. Biz isə AXC-nin qarşısında mitinq keçirdik. Əvvəlcə mən, sonra isə Aida Babayeva çıxış etdi. Qadınlara müraciət edib dedim ki, sabah parlamentə yürüş edəcəyik. Mayın 15-də "Sahil" bağından Milli Məclisə doğru yürüş etdik. Yürüşdə kişilərlə yanaşı, yüzlərlə fəal qadın da iştirak edirdi. Biz ön cərgədə yer almaq istəsək də, vəziyyətin təhlükəli olduğunu nəzərə alıb, bizi orta cərgələrdə yerləşdirdilər. Həmin gün izdihamlı bir yürüş təşkil etdik. Hamıdan öndə İsa Qəmbər, İsgəndər Həmidov, Rafiq Bəy İsmayıl və digər liderlər gedirdi. Fəxri Xiyabana çatanda ruslar bizə atəş açdılar. Atəş səsi eşidəndə izdiham dağıldı. Arxa cərgədəki adamların çoxu geri qayıtdı. Amma ön sıradan heç kim dağılışmadı. Bayrağımız yerə düşmüşdü. Mən onu qaldırıb, Məlahət Nəsibovaya verdim. Biz liderlərlə birldikdə "Azadlıq!", "Elçibəy!" şüarları səsləndirə-səsləndirə parlamentin binasına hücum etdik. Sonra isə sıralarımız daha da genişləndi. Ruslar vəziyyətin idarəolunmaz həddə çatdığını görəndən sonra Mütəllibovu geri apardılar. Amma obyektivlik naminə onu da demək istəyirəm ki, bizim qələbə çalmağımızda həm də Mütəllibovun qan tökmək istəməməsi mühüm rol oynadı. Mütəllibov vətəndaş qırğınına getmək istəmədiyi üçün biz qansız-qadasız hakimiyyətə gələ bildik".
Sonda X.Xəlilova deyib ki, bəzi tarixi faktları yada salmaqda bircə məqsədi var: "Ötən 20 ildə yeni gənclik formalaşıb. İstəyirəm ki, gənclərimiz Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin hansı mərhələlərdən keçdiyini öyrənsinlər. Onlar müstəqillik uğrunda mübarizədə ön cərgədə yer almış qadınlarımızla fəxr edə bilərlər".