Mehriban Əliyeva Zirə idman Kompleksinin açılızını edib

img

09-05-2012 [10:56]


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyeva Zirə qəsəbəsində müasir idman kompleksinin açılışında iştirak edib. Mehriban Əliyeva kompleksin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş kompleksə xüsusi idman təyinatlı binalar, qurğular, yardımçı tikililər daxildir. Tikintisinə 2011-ci ilin oktyabrında başlanan binanın ətrafında abadlıq işləri görülüb, yollara asfalt örtüyü çəkilib. Tikinti işləri yerli və xarici mütəxəssislər tərəfindən AFFA-nın və FİFA-nın nəzarəti altında həyata keçirilib. Kompleksdə idman zalları, tədris otaqları, məşq avadanlığı, meydança FİFA-nın standartlarına uyğundur. Binanın foyesində ulu öndər Heydər Əliyevin barelyefi və ümummilli liderin idmanın inkişafına diqqət və qayğısını əks etdirən fotostend yaradılıb. İkimərtəbəli binanın birinci mərtəbəsində şahmat, dama, boks, güləş, trenajor zalları, həmçinin ingilis və fransız dillərinin tədrisi üçün linqofon kabinetləri, məşqçi, paltardəyişmə, həkim otaqları və sanitar qovşaqları var. Azərbaycanın birinci xanımı fransız və ingilis dillərinin tədrisi otaqları ilə tanış olub. Burada tədris xüsusi kompyuter proqramları əsasında aparılacaq. Məşqçi otaqlarına, trenajor və güləş zallarına baxan Mehriban Əliyevaya məlumat verilib ki, burada ən müasir avadanlıq quraşdırılıb. Kompyuter otağı ilə tanışlıq zamanı bildirilib ki, gənclər kompleksin bu bölməsində 3 min metr məsafədə fiber-optik kabellə internetə qoşulacaq, data şəbəkəsindən, ADSL modem sistemindən istifadə edəcəklər. Mehriban Əliyeva şahmat, dama otaqları ilə də tanış olub. Diqqətə çatdırılıb ki, otaqlarda məxsusi monitorlar quraşdırılıb, kompyuterlər xüsusi proqramlarla təchiz edilib. Boks zalına gələn Mehriban Əliyevaya məlumat verilib ki, burada idmanın bu növü ilə məşğul olmaq üçün yüksək şərait yaradılıb. Binanın ikinci mərtəbəsində isə VİP otaq, futbol oyunlarını izləmək üçün VİP tribuna, qış bağı ? vestibül, qonaqlar üçün xüsusi tərtib edilmiş iş otağı, eləcə də inzibati otaqlar var. Azərbaycanın birinci xanımı VİP otaqla tanış olub, tribunadan beynəlxalq standartlar səviyyəsində xüsusi ot örtüyü ilə döşənmiş futbol meydançasına baxıb. Stadionda elektron lövhə, səsgücləndiricilər və şərhçilər üçün kabinələr quraşdırılıb. 1500-dən çox oturacağı olan tamaşaçı salonunda meydançanı dirəyinin hündürlüyü 28 metr olan dörd projektor qurğusu işıqlandıracaq. Salonun üstü xüsusi membran çadırla örtülüb. Mehriban Əliyevaya məlumat verilib ki, kompleksdə dopinqə nəzarət, hakim, məşqçi, həkim, masaj, yuyunma otaqları və konfrans zalı yerləşən xüsusi bina da tikilib. Burada da işlər FİFA-nın və UEFA-nın beynəlxalq standartlarına uyğun surətdə görülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA