Tanınmız professor iqtisad Universitetinin qarzısında özünə od vuracaq

img

01-05-2012 [11:59]


Müstəqil İnformasiya Agentliyinə Azərbaycanda yeni iqtisadi kibernetikanın yaradıcısı, 6 ay əvvələ qədər İqtisad Universitetində rektorun müşaviri və kafedra müdiri vəzifələrində işləmiş, Dövlət Mükafatı Laureatı, iqtisad elmləri doktoru, professor Bədirxan Musayev tərəfindən prezident İlham Əliyevə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə və ədliyyə naziri Fikrət Məmmədova ünvanlanmış şok məktub daxil olub. Professor rektor Şəmsəddin Hacıyevi təxribat kampaniyası aparmaqla bərabər, onu əsassız işdən azad etdiyini və bu gün də ona qarşı həm universitet rəhbərliyinin, həm də məhkəmələrin böyük haqsızlıq etdiyini bəyan edərək, özünə od vurub yandıracağını bildirib. Tanınmış professorun məktubunun aktuallığını nəzərə alıb, olduğu kimi dərc edirik ?Möhtərəm, cənab Prezident! Bir professor, bir vətəndaş olaraq, məni məhkəmə hakimlərinin son dərəcə haqsız hərəkət və əməllərindən, həmçinin, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyevin təqiblərindən qorumağınızı xahiş edirəm. Rektor Şəmsəddin Hacıyev və işə bərpa ilə bağlı müraciət etdiyim Səbail Raoyn Məhkəməsinin hakimi Fuad Hüseynov, həmçinin həmin məhkəmənin hakimləri Nurəddin Bağırov, Famil Nəsibov, eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin hakimi Xuraman Məhərrəmova ömrünün 60 ilini bir universitetdə keçirmiş professor olaraq, məni elə bir vəziyyətə gətiriblər ki, artıq ?Azadlıq? meydanında və ya universitetin, yaxud da məhkəmələrin qarşısında özümə od vurub, yandırmaq həddinə çatmışam. Möhtərəm cənab Prezident, Siz Ulu Öndərimiz Heydər Əliyevin oğlusunuz. Ulu Öndərin uzun illər rəhbərlik etdiyi Azərbaycanda heç vaxt bir professora, bir dövlət mükafatı laureatı sahibinə, ömrünün 60 ilini bir təhsil ocağında keçirmiş elmlər doktoruna qarşı belə təqib və haqsızlıq ola bilməzdi. O, elm adamına qarşı bəsit, dayaz düşüncəli hakimlərin və bir rektorun ədalətsizliklərini heç vaxt bağışlamazdı, dərhal həmin şəxslərin cəzalandırılması istiqamətində araşdırma apartdırar və günahkarlara layiq olduğu cəzaları verərdi. Ulu Öndəri çox yaxından tanıyan bir elm Adamı olaraq mən hər zaman ondan bu addımları görmüşəm. Əminəm ki, yazdığım çoxsaylı müraciətlər Sizə çatmır. Ümid edirəm ki, bu dəfə səsim sizə yetişəcək. Möhtərəm, cənab Prezident! Rektor Ş.Hacıyev rektorun müşaviri və yaradıcısı olduğum ?İqtisadi Kibernetika? kafedrasının müdirliyindən və ümumiyyətlə, qondarma bəhanələrlə 60 il işlədiyim universitetdən tamamilə xaric edib. Onlarla müstəqil və dövlət qurumlarının hüquqşünasları ilə məsləhətləşmişəm, hazırda Şəmsəddin Hacıyevin təqiblərindən qorunmaq və haqımı bərpa etmək üçün 4 vəkillə də təmsil olunuram. Onlar da məhkəmələrdəki özbaşınalıqlardan şoka düşüblər. Göstəriş verin, Səbail, Nəsimi Rayon Məhkəmələrində və Apellyasiya Məhkəmələrindəki işlərimi Ədliyyə Nazirliyi nəzarətə götürüb, araşdırsın. Həmin qurumun rəhbəri, cənab Fikrət Məmmədova bir neçə dəfə müraciət etmişəm. Lakin görünür, onlar da rektorun basıqları qarşısında aciz qalıblar. Möhtərəm cənab Prezident! Aprelin 26-da Apellyasiya Məhkəməsinin hakimi Xuraman Məhərrəmova saat 16.00-a nəzərdə tutulmuş prosesi (bu barədə bildirişə imza da etmişik) vaxtindan əvvəl gizli keçirməklə əleyhimə əsas olmadan qərar verib. Ş.Hacıyevin məni susdurmaq üçün tərtib etdiyi qondarma, saxta sənədlər əsasında keçirilən bu məhkəmə proseslərində nə yazıq ki, hakimlərimiz 3-5 manata görə alət olmaqdan usanmırlar. Hakim Xurman Məhərrəmovanın nəzərdə tutulduğu və yaxud ondan 30 dəqiqə əvvələ qədər məhkəmə zalına daxil olmasını mən və vəkillərim görməyiblər. Nə də prosesin vaxtının irəli çəkilməsi barədə bizə hər hansı bir məlumat verilməyib. Elə isə Xuraman məhkəməni harada, necə, kimin kabinetində keçirib? Rektorla ?anlaşmaq? olar, amma bura qədər həyasızlıq etmək bir hakimə, özü də bir qadına hansı başucalığı gətirə bilər? Göstəriş Verin araşdırsınlar, 30 dəqiqə əvvəl məhkəmədə, 7-ci zalın önündə gözləməyimizi kameralar təsdiqləyə bilər. Hakimi və köməkçisini tapa bilmədiyimizdən, qarşı tərəflə əlaqə saxlayan vəkillərim şoka düşdü. Aydın oldu ki, guya hakim bir saat əvvəl onları dəvət edib, birtərəfli prosesi yekunlaşdırılıb. Hansı ki, hakim o radələrində belə zalda olmayıb. Çünki məhkəməyə daxil olarkən polislərdən də soruşmuşam. Ona görə də rahat təyin olunmuş müddəti gözləyirdik. Təyin olunmuş vaxtdan 15 dəqiqə keçsə də, qarşı tərəfin və hakimin gəlmədiyini görüb, hakim Xuraman Abbasovanın köməkçisi ilə əlaqə saxladıq. O, bizimlə üz-üzə gəlməkdən yayınsa da, telefonda ?həm Sizin, həm də qarşı tərəfin şikayəti təmin olunub? dedi. Bunun necə olduğunu və hansı anlam daşıdığını isə köməkçi vəkilimə izah edə bilmədi. Hakimlə danışmağımızı məsləhət bildi. Hakim isə qaçıb gizlənmişdi. Onu tapa bilmədik. Sədrin qəbuluna getdik. Ancaq düşə bilmədik. Xahiş edirəm, araşdırsınlar, hakim qərarını niyə gizli elan edir? Bu, nə deməkdir? Bir professora qarşı repressiyanın və açıq qanunsuzluğun səbəbi nədir? Əgər mən bu ölkəyə lazım deyiləmsə, o zaman əməlləri kimi bunu da açıq desinlər, özüm-özümə qəsd edim. Bu, Şəmsəddin Hacıyevə, hakimlərə başucalığı, şərəf gətirəcəksə, bunu da edərəm. Möhtərəm, cənab Prezident! Sizdən çox səbirsizliklə cəsarətli addımlar gözləyirəm. Ümid edirəm ki, bu dəfə şikayətim nəzarətə götürüləcək və qanuni haqlarım bərpa olunacaq! Əks halda səsimi və haqqımı eşitdirmək və üzləşdiyim qanunsuzluqları bir daha görməmək üçün özümü 60 il ömür qoyduğum universitetin önündə yandıracam!? Dərin hörmət və ehtiramla, Prof. Bədirxan Musayev 27.04.2012

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA