?Qubada icra bazçısından bazqa günahkar yox idi?

img

01-05-2012 [11:34]


Bu ilin mart ayının 2-də Qubada icra başçısının özbaşınalıqlarına yönəlik üsyanla bağlı millət vəkili Vahid Əhmədov maraqlı açıqlamalarla çıxış edib. O, həm üsyan, həm sonrakı həbslər, həm də etirazların yatırılmasında oynadığı böyük rolla bağlı maraqlı, maraqlı olduğu qədər də müəmmalı danışıb. Millət vəkili Vahid Əhmədov ?Media forum?a müsahibəsini ixtisarla dərc edirik. - Quba hadisələrinin baş verməsindən iki ay ötür. Yəqin ki, məsələləri dəfələrlə təhlil etmisiniz. Əslində Qubada nə baş vermişdi? - Vaxt gələr, bəzi məsələlər açılar. Əgər prezident icra hakimiyyətinin başçısını təyin edirsə, icra başçısı həmin rayonda insanlarla münasibətini normal qurmalıdır. Camaatla normal münasibətlər qurmayanda çox ciddi problemlər yaranır. Hesab edirəm ki, Qubada insanların narazılığı həddən artıq böyük idi. Ona görə də qubalılar öz haqlarını tələb edirdilər və mən burada elə bir ciddi problem görmürəm. Narazılıq yalnız icra başçısından, onun Qubaya, qubalılara şəxsi münasibətindən qaynaqlanırdı və bu narazılıq pik həddə gəlib çatmışdı. - Qubada baş verənləri hakimiyyətdaxili qruplaşmaların qarşıdurmasının açıq müstəviyə keçməsi və daha güclünün zəifi sıradan çıxararaq hər şeyə nəzarəti ələ almaq cəhdi kimi qiymətləndirmək olarmı? Yoxsa bu, xalqın ən azı yarıtmaz idarəçiliyə görə ayağa qalxması, xalq üsyanı idi? - Sualın birinci hissəsinə cavab verə bilmərəm. Hüquq mühafizə orqanları var, onlar bunu müəyyən etməlidirlər. Bir daha deyirəm ki, xalqın narazılığı vardı, bu bilinirdi. Ona görə də gərək vaxtında müəyyən qərarlar veriləydi. Günahkar icra başçısı idi - Qubalıların narazılığının yatırılmasında böyük rol oynadınız. Bunun mətbuata çıxan və çıxmayan hissəsi var. Siyasi hakimiyyət əməyinizi necə qiymətləndirdi? Siz ?yaxşı iş gördünüz, sağ olun? dedilərmi? Bir məlumat da vardı ki, Quba hadisələrinə görə sizi ittiham edirlər, istintaqa çağırıblar. Bunlar doğrudurmu? - Istintaqla bağlı məlumatım yoxdur. Mən vətəndaş və deputat kimi borcumu yerinə yetirdim. Çünki ora mənim rayonumdur, insanlarla ünsiyyətdəyəm. Necə seçildiyimi, necə deputat olduğumu hamı bilir. Ona görə də borcumu yerinə yetirdim. Qalanları isə dövlətin, hökumətin işidir. - ?Sağ ol? dedilərmi? - Ona ehtiyac da görmürəm. Çünki mən öz borcumu yerinə yetirirəm. - Quba hadisələrinə görə həbs olunanların əksəriyyəti hakim Yeni Azərbaycan Partiyasının üzvüdür. Bu sizə qəribə görünmür ki? - Mən bu məsələlər haqda danışmaq istəmirəm. Buna istintaq cavab verməlidir. Bütün bu hadisələrin baş verməsində keçmiş icra başçısı günahkar idi. Ondan başqa günahkar yoxdur və heç kimi günahlandırmaq istəmirəm. - Hüquq mühafizə orqanları bəyan edib ki, Quba hadisələrinə görə 30 nəfərə iş qaldırılıb. Bu qədər insanın həbsdə olması yeni narazılıqların yaranmasına səbəb ola bilərmi? - Qubada hər hansı narazılıq yoxdur. Narazılıq keçmiş icra başçısı Rauf Həbibovdan idi. O da işdən azad olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA