Ziya Məmmədov iz adamının müəssisəsinə "əl qoyub"

img

27-04-2012 [05:12]


Goranboy Gips Kombinatının rəhbəri Fizuli Qasımov mətbuat konfransı keçirib. İş adamı uzun illər rəhbəri və sahibi olduğu ASC-nin zor gücünə əlindən alındığını bəyan edib. Məlumat üçün deyək ki, Goranboy Gips ASC Azərbaycan tikinti materialları bazarında xüsusi çəkisi olan müəssisə hesab edilir. Müəssisə 1992-ci ildən fəaliyyətə başlayıb və 2001-ci ildə II Özəlləşdirmə Proqramı zamanı Fizuli və Aydın Qasımov qardaşları tərəfindən özəlləşdirilib. Fizuli Qasımov ASC-nin səhimlərinin 58, 04, onun qardaşı Aydın Qasımov isə müəssisənin səhmlərinin 34 faizinin sahibidir. Mətbuat konfransında Fizuli Qasımov bəyan edib ki, ona məxsus olan səhmlərin 50 faizini zor, təzyiq və qanunsuz şəkildə əlindən alıblar: ?Hazırda mənim cəmi 8,04 faiz səhmlərim qalır. Əvvəlcə qardaşıma təzyiq etdilər. Qardaşımın sağlıq durumu və səhhəti ilə əlaqədar olaraq bu təzyiqlərin qarşısında geri çəkildi. Bundan sonra isə ?Zqan? Holdinq mənim üzərimə gəldi. Məni həbs edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. Orada məni nə döydülər, nə də pis rəftar etdilər. Sadəcə dedilər ki, belə bir ?problemin? var və onu yoluna qoymalısan. Bundan sonra şərt qoymaqla mən azad edildim. Azadlığa buraxılandan sonra isə aramızda alqı-satqı həyata keçirildi. Demək istəyirəm ki, Goranboy Gips ASC olanda ?Zqan? Holdinq adında biznes qurumu mövcud deyildi. Bizim müəssisəmiz cəbhə bölgəsində, erməni səngərindən 1000 metr aralıda yerləşir. Özüm müharibə veteranıyam, cəbhədə vuruşmuşam, bu torpağa canım qurbandır. Azərbaycan prezidentinin apardığı siyasəti dəstəkləyirəm və bu siyasətin bir uğuru da mənim kimi iş adamının Goranboyda müəssisə qurub 85 nəfərə iş yeri verməsidir. Ancaq ?Zqan? Holdinq gəlib bu müəssisəni bizim əlimizdən alıb. Mən bilirəm ki, bu hadisədən prezidentin xəbəri yoxdur. Düşünmürəm ki, nəqliyyat naziri Ziya Məmmədov belə bir iş tutsun. Ancaq bizə qarşı təzyiqlər, təhdidlər Ziya Məmmədovun adından edilir. Mən özümün və ailəmin həyatının təhlükə altında olması haqqında baş prokurora müraciət etmişəm. Ancaq bu günə qədər məni Goranboy rayonunun prokuroru dəvət edib izahat belə almayıb. Axı Ziya Məmmədov kimdir ki, hamı ondan qorxur??. İş adamı bildirib ki, bir müddət müəssisəni əlindən almaq üçün ona davamlı təzyiqlər olub və buna görə də, özü ölkəni tərk edib: ?Vaxt qazanmaq istəyirdim. Çünki mənə qarşı bütün inzibati resurslardan istifadə olunurdu. Hazırda müəssiənin səhmlərinin 8,04 faizi mənə məxsusdur. Ancaq indi bu səhmləri də əlimdən almaq istəyirlər. Bu məqsədlə mayın 1-nə səhmdar şurasının toplantısını təyin ediblər. Ancaq müəssisədə cüzi payı olan səhmdarlarda bu toplantıya qatılmayacaqlar. İndi real vəziyyət belədir. Azərbaycanda bəzi oliqarxlar iş adamlarını çökdürmək istəyirlər. Nədir, nədir ki, Bakıda oturan bir nazir deyəcək ki, Goranboyda onun müəssisəsi var?. Fizuli Qasımov bildirib ki, onun məqsədi haqq-ədalətin bərpa edilməsidir: ?Bu məqsədlə də, prezidentə iki dəfə teleqrama vurmuşam, hüquq-mühafizə orqanlarına müraciət etmişəm. İndi də ictimaiyyətə müraciət edirəm. Mən bir iş adamı olaraq dəstək istəyirəm. Prezidentin yürütdüyü siyasəti dəstəkləyirəm. Mənə heç kim müxalifətçi damğası da vura bilməz. İş görüb rayonun ayağa qalxmasına köməklik göstərmişəm. 2005-ci ildə Milli Məclis seçkilərinə namizədliyimi irəli sürmüşəm və seçkidə prezidentin siyasətini dəstəklədiyimi bəyan etmişəm. Ziya Məmmədov və oğlu Anar Məmmədov istəyirlər ki, bizim sonuncu çörək pulumuzu əlimizdən alsınlar. Mənə bildirilib ki, müəssisə ilə bağlı ?Zqan? Holdinqin yeni planı var və mən bu planda yoxam. Mən bəyan edirəm ki, bu məsələ pul məsələsi deyil. Bu vətən, torpaq, qeyrət, namus məsələsidir. Və biz bu məsələdə geriyə çəkilməyəcəyik. Goranboyun cəbhə bölgəsi olduğunu unutmaq lazım deyil. Azərbaycan ictimaiyyətini, dövlətimizi bu məsələyə biganə qalmamağa çağırıram?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA