Dövlət iqtisad Universitetində böyük qalmaqal

img

24-04-2012 [12:21]


Azərbaycanda yeni iqtisadi kibernetikanın yaradıcısı, ömrünün 60 ilini Dövlət İqtisad Universitetində elmi-pedaqoji fəaliyyətə həsr etmiş və 6 ay əvvələ qədər bu universitetdə rektorun müşaviri və kafedra müdiri vəzifələrində işləmiş, Dövlət Mükafatı Laureatı, iqtisad elmləri doktoru, professor Bədirxan Musayev rektor Şəmsəddin Hacıyev haqqında ağır ittihamlar səsləndirib. Professor, prezident İlham Əliyevə müraciətində rektorun gizli şəkildə ölkə rəhbərliyinə qarşı fəaliyyət göstərdiyini, həmçinin, məhkəmə hakimlərinin rüşvət bataqlığında üzdüyünü və sair məsələlərdən söz açıb, qəbul edilməsini xahiş edib. Müraciətdə yer alan faktların aktuallığını nəzərə alıb, onu kiçik ixtisarla dərc edirik: ?Möhtərəm, cənab Prezident! Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev tərəfindən haqsız olaraq işdən çıxarılmağım və rektor tərəfindən mənə qarşı aparılan təhdid xarakterli kampaniya haqqında bir neçə ay əvvəl etdiyim müraciətə operativ reaksiya verdiyiniz üçün Sizə öz dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun ki, mənim müraciətimi nəzarətə götürüb, təhlükəsizliyimin qorunması məqsədi ilə hüquq-mühafizə orqanlarına müvafiq tapşırıqlar verdiniz. Artıq Daxili İşlər Nazirliyində məni yüksək səviyyədə qəbul edib, lazımi addımlar atıblar. Möhtərəm, cənab Prezident! Ancaq hələ də işə bərpa olunmağım haqqında universitet rəhbərliyi hər hansı təşəbbüs göstərməyib. Tam əksinə, mənə qarşı kampaniya və təzyiqləri gücləndiriblər. Hətta iş o yerə çatıb ki, məni özlərinin tərtib etdikləri qondarma protokollar və tabeliyində olan şəxslərin yalançı şahidlikləri ilə məhkəmələrə verib, cəzalandırmağa çalışırlar. Üstəlik, işə bərpa olunmağım və mənə qarşı cinayət tərkibi yaradan təhqir dolu sənədlərlə bağlı məhkəmələrə müraciət etsəm də, çox təəssüf ki, rektor Şəmsəddin Hacıyev mandat və pulunun gücü ilə hakimləri də ədalətli qərar çıxarmaqdan yayındırır. Ölkənin əksər savadlı hüquqşünasları ilə məsləhətləşmişəm, məni nəinki müşavir, hətta kafedra müdiri vəzifələrindən, ümumiyyətlə, universitetdən tamamilə uzaqlaşdırmaq, həmçinin ömrünün 60 ilini bir təhsil ocağında keçirmiş professora qarşı təhqir dolu protokol (aktlar) sənədlərlə bağlı Şəmsəddin Hacıyev ən ağır cəzaya layiq görülə bilər. Hakimlər qeyri-rəsmi söhbətlərdə açıq etiraf edirlər ki, Şəmsəddin Hacıyev deputat və rektor olduğu üçün ona qarşı iddia qəbul edə bilməzlər. Ancaq maraqlı burasıdır ki, Şəmsəddin Hacıyev bir neçə rüşvətxor yaxın ətrafı ilə tərtib etdiyi saxta protokol və aktlar əsasında məni məhkəmələrə verir və hakimlər bu zaman tamam fərqli sifətlə hərəkət edirlər. Necə olur ki, bir akt əsasında məni 400 manat cərimələyən hakim, eyni akt və əlavə olunmuş bir neçə protokolda təhqir olunsam da, mənim iddia ərizəmi icraata qəbul etməkdən imtina edilir? Belə hakimlərə sadəcə, yazıq demək olar.... Möhtərəm, cənab Prezident! Mən uzun illər əvvəl mərhum Heydər Əliyevin cəsarətli addımlarının şahidi olmuşam. İkinci dəfə hakimiyyətə gələndə mən, İqtisad Universitetində dekan işləyirdim. Məhz Heydər Əliyevin göstərişi ilə universitetdə dərhal əlavə prorektor vəzifəsi təsis edilərək, o vəzifəyə təyin olundum. 7 il işlədikdən sonra universitetdə bütün rəhbərlik dəyişdi. Ulu Öndər Heydər Əliyevin yenə də göstərişi ilə heç bir təhsil müəssisəsində olmayan ?rektorun müşaviri? vəzifəsi təsis edildi və mən həmin vəzifəyə gətirildim. Tam məsuliyyətlə deyirəm ki, hər zaman onun mənə verdiyi yüksək dəyəri, etimadı doğrulmuşam. Bütün bunları ona görə xatırladıram ki, bu gün Şəmsəddin Hacıyevin Ulu Öndər və Sizin haqqınızda, o cümlədən mənim barəmdə açıq və gizli formadakı təxribat xarakterli kampaniyalarının detallarını bilirəm. Lakin bütün bunları ərizə və müraciətlərimlə deyil, şəxsən qəbulunuza olub, Sizə müfəssəl şəkildə çatdırmaq istəyirəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA