15-04-2012 [03:16]
[b]Sərdar Cəlaloğlu: "Xalq arasında narazılıq artacaq, siyasi və iqtisadi inkişaf baş verməyəcək, dinc yolla heç bir dəyişiklik olmayacaq" [/b]
Milli Məclis uzun müddətdən bəri siyasi dairələrin diqqət mərkəzində olan "Siyasi partiyalar haqqında" Qanunu müzakirəyə çıxarıb. Yaz sessiyasında qəbul olunacağı gözlənilən qanunda partiyaların maliyyələşdirilməsi də nəzərdə tutulub. Ancaq məlum olan maliyyələşmə şərtlərinə görə parlamentdən kənarda fəaliyyət göstərən müxalifət partiyalarına dövlət hesabına maliyyə ayrılmayacaq. Bu isə müxalifət qüvvələri tərəfindən narazılıqla qarşılanıb. Müsahibə verən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə hakimiyyətin bu addımının gözlənilən olduğunu bildirib:
- Mənə elə gəlir ki, "Siyasi partiyalar haqqında" Qanun ölkədə siyasi sistemin inkişafına xidmət etməlidir. Elə bir qanun qəbul olunmalıdır ki, ədalət prinsipi gözlənilsin və hər bir partiya qanun qarşısında eyni olsun. Amma çox təəssüf ki, Azərbaycan hakimiyyəti növbəti dəfə anti-demokratik addım atdı. ?əzərdə tutlan dəyişikliklərdə ədalət prinsipi gözlənilmədi. Sadəcə, özü və ətrafındakı siyasi sistemə sərf edən bir qanun layihəsi hazırlayan hakimiyyətdən müsbət nəsə gözləmək də yersizdir. Ona görə də, hazırda əlavə və dəyişikliklər ediləcək "Siyasi partiyalar haqqında" Qanunu yanlış mülahizələrlə qəbul ediləcək bir qanun kimi qəbul edirəm.
- Hazırda müzakirə olunan qanun layihəsində ancaq parlamentdə təmsil olunan partiyaların maliyyələşdirilməsi nəzərdə tutulub. Rəhbəri olduğunuz partiya da maliyyələşdirilməyəcək. Bu barədə nə düşünürsünüz?
- Partiyaların bu şərtlər əsasında maliyyələşdirilməsi ədalətsizlikdir. Amma bu hakimiyyətin demokratik dövlətlərdə olduğu kimi, müxalifət partiyalarının da maliyyələşdirilməsinə şərait yaradacağını gözləmirdim. Bu günə kimi onsuz da demokratik qüvvələr dövlət tərəfindən maliyyləşdirilmədən də ayaq üstə dayana bilirdi, bundan sonra da dayanacaq. Yəni, dövlət tərəfindən maliyyələşməyə indekslənmək lazım deyil. Bizim hökumətin verdiyi qəpik-quruşa ehtiyacımız yoxdur. Durub pula görə onlara yalvarası da deyilik. Təbii ki, dövlətin maliyyə yardımının əhəmiyyəti var idi. Ancaq hakimiyyət bu məsələdə də ədalətsizlik edib müxalifəti dövlətin maliyyələşdirilməsindən kənarda qoyursa, biz nə edə bilərik.
- Bu günə kimi hamı bilirdi ki, partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi mexanizmi yoxdur, amma indi bu məsələ gündəmə gəlib və ciddi əsas göstərilmədən əsas müxalifət qüvvələri maliyyələşmədən kənarda saxlanılır. Sizcə, müxalifət buna hansısa formada etirazını bildirməlidirmi?
- Düzü, mən bu məsələ ilə bağlı bir sıra partiya rəhbərləri ilə danışıq apardım. Ancaq əsas müxalifət partiyalarının maliyyələşmədən kənarda qalması ilə bağlı etirazların təşkil olunmasına sıcaq yanaşan olmadı. Ona görə də, baş verənləri qəbul etməkdən başqa yol qalmır. Bir də ki, guya etiraz eləsək, nə baş verəcək ki? Bu günə kimi hakimiyyət o qədər əadlətsizliklər edib ki, bu da onun davamıdır. Etiraz etməyin də elə bir ciddi təsiri olmayacaq.
- Milli Məclisdə bu sessiyada Seçki Məcəlləsinə də əlavə və dəyişikliklərin ediləcəyi bildirilir. Sizcə, müsbət nəsə gözləməyə dəyər?
- İnanmıram ki, Azərbaycan parlamentində hansısa müsbət qərar qəbul olunsun. Çünki bu parlament xalqın iradəsi ilə formalaşmayıb, bura gələn qanunlar milli və dövlət maraqlarına xidmət eləmir. Bu günə kimi qəbul olunan qanunlar da dar qrup maraqlarına hesablanan qanunlar olub. Bunun da millətə heç bir xeyri yoxdur.
Seçki Məcəlləsi ilə bağlı da nəsə müsbət bir şey gözləmirəm. Bu hakimiyyət ölkədə elə bir sistem qurub ki, burda qanunda nə yazılmasının əhəmiyyəti yoxdur. Seçki Məcəlləsində ediləcək dəyişikliklər də uzaqbaşı kosmetik xarakter daşıya bilər.
- Sərdar bəy, müxalifətdəki həmkarlarınız və bəzi politoloqlar 2012-ci ili aktivlik ili kimi dəyərləndirirlər. Siz nə düşünürsünüz, bu il Azərbaycanda hansısa dəyişikliklər gözlənilir?
- Mənə elə gəlir ki, getdikcə vəziyyət pisləşəcək. Hazırda atılan addımlar göstərir ki, yaxın gələcəkdə Azərbaycanda yaxşı heç nə gözlənilmir. İndiki situasiya onu göstərir ki, bu il Azərbaycanda iqtidarla müxalifətin münasibəti daha da pisləşəcək, xalq arasında narazılıq artacaq, dinc yolla heç bir dəyişiklik olmayacaq, siyasi və iqtisadi inkişaf baş verməyəcək. Bir sözlə, proseslər Şərqə doğru inkişaf edəcək. Yəni, hakimiyyətin bu idarəetmə sistemi ölkəni inqilabi dəyişikliklərə sürükləyir.
- Bəs Azərbaycan müxalifəti həmin prosesə hazırdırmı?
- Mənə elə gəlir ki, müxalifət baş verəcək hər hansı prosesə hazırdı. Düzdür, biz böyük hadisələrə tam nəzarət edə bilmərik. Amma, hər halda, müxalifət ayaq üstdədir, ekstermal situasiyada proseslərin önündə ola bilər.
- Amma Sizin hazırkı mövqeyiniz ondan ibarətdir ki, mitinqlərin zamanı deyil...
- (Sözümüzü kəsərək) Mən demirəm ki, mitinqlərin vaxtı deyil. Mənim mövqeyim ondan ibarətdir ki, indiki metodologiya ilə keçirilən mitinqlərin effekti yoxdur. Mən o mənada deyirəm ki, mitinqlərlə ölkədə siyasi dəyişikliklərə nail olmaq mümkün olmayacaq.
- Bəs təklifiniz nədir?
- Azərbaycan müxalifəti birləşməli və narazı elektoratın dəstəyini almalıdır. Eyni zamanda, beynəlxalq təşkilatlarla əlaqələri gücləndirib onların da dəstəyinin alınmasına çalışmalıdır. Eləcə də, ölkədəki real vəziyyəti analiz edərək, vəziyyətdən çıxmaq üçün ən real yollar axtarıb tapmalıdır. Düşünmədən hərəkət eləmək olmaz.
Biz bunları təklif edirik, amma heç kəs bu yolla getməyə razılıq vermir. İndi mən nə edim?
- Əvvəlki illərdə müxalifətin ümumi birliyi olmasa da, daha geniş spektri əhatə edən bloklar yaradılırdı. Amma indi iki-bir, üç-bir blok yaradırsınız. ?iyə belə pərakəndəsiniz?
- Cəmiyyətdə antidemokratiya inkişaf elədikcə birləşdirici meyllər də zəifləyir. Təbii ki, burada müxalifət nümayəndələrinin də məsuliyyəti var. Bəzən partiyalar arasındakı münasibət, bəzən liderlərin ambissiyaları, bəzən də real situasiya müxalifət qüvvələrinin bir arada olmasını əngəlləyir. Bu mənada müxalifətin vahid mövqedən çıxış edə bilməmisinin təqsirkarı elə müxalifətdəkilərdir.
- Rəsul Quliyev də deyir ki, köhnə liderlər bir iş görə bilmirlərsə, istefa verib getsinlər...
- Lider gedəndən sonra nə olacaq ki? Bəyəm hər şey liderdən asılıdır? Əsas məsələ xalqdan asılıdır. Bəzi adamlar elə hesab edir ki, lider gedib dünyanı dağıtmalıdır. Liderin məsələyə nə aidiyyatı var? Lider yalnız yol göstərə bilər. Əgər xalq ayağa qalxıb mübarizə aparmaq istəmirsə, lider nə etməlidir? Yaxşı, tutaq ki, biz bacarmırıq, kənara çəkilirik. Onda qoy, Rəsul Quliyev bacarırsa, buyurub gəlsin, ortaya iş qoysun, biz də görək. Deyirdi ki, apreldə yüzminlik mitinq keçirəcəm, heç yüz nəfərlik piket də keçirə bilmədi. Ona görə də, Rəsul Quliyevin kimlərinsə istefa verib getməsini deməyə haqqı çatmır.
- Son dövrlər vəziyyətdən çıxmaq üçün cəmiyyəti suçlayırsız...
- Bu müxalifəti də cəmiyyət yetişdirir də. Sən elə danışırsan ki, guya biz başqa yerdən gəlmişik. Mən bu cəmiyyətin üzvüyəm, məni bu cəmiyyət yetişdirib. Müxalifətlə xalqı bir-birindən ayırmaq lazım deyil. Biz xalqın önə çıxan, başbilən hissəsiyik. Əgər biz də, sən demiş, bu cür qabiliyyətsiziksə, burada xalq günahkardır. İndi gör, bu cəmiyyət nə gündədir ki, onun avanqardı bizim günümüzdədir.
- Belə çıxır ki, hakimiyyət təmsilçiləri düz deyirlər?
- Hakimiyyət nümayəndələri bizdən də betər vəziyyətdədir. Xalqın bu vəziyyətə düşməsinin də yeganə səbəbi hakimiyyətdir. Müstəqillikdən bəri xalqı 20 il apolotik vəziyyətdə saxlayan, ictimai-siyasi proseslərdən uzaqlaşdıran bu iqtidar olub. Odur ki, hakimiyyət nümayəndələri bizə qiymət verməzdən əvvəl özlərinə baxsınlar.
- Sərdar bəy, bir müddət öncə beş partiya lideri bir araya gəlib müxalifətin inteqrasiyası ilə bağlı müzakirə apardı. "Beşlər"in hər hansı bir perspektivi varmı?
- Həmin görüş birlik mahiyyəti daşımırdı. Sadəcə olaraq, beş partiya sədri görüşüb söhbət etdi. Hələlik bu istiqamətdə ciddi nəticə yoxdur. Mənə elə gəlir ki, tələsmək lazım deyil. Bəlkə də gələcəkdə bu formatda nəsə ola bilər.
- Müsahibələrinizin birində demişdiniz ki, İctimai Palatanın, daha doğrusu, Əli Kərimli ilə İsa Qəmbərin tutduğu mövqe müxalifətin ümumi birliyinin baş tutmasına mane olur...
- Mən yenə də öz fikrimdə qalıram. İctimai Palata əksər qüvvələrin bir arada olması üçün lazımi addımları atmır. Deyirlər ki, İctimai Palatada birləşək. Amma bunun üçün də şərt qoyurlar. Yəni, İsa Qəmbərlə Əli Kərimli daha geniş birliyin baş tutmasına mane olurlar. Bu isə müxalifətin ümumi işinə ziyandır. Əgər onlar mövqelərindən geri çəkilsələr, mənə elə gəlir ki, müxalifət bir araya gələr və proseslər fərqli müstəviyə keçər.
- Gələn il prezident seçkiləri keçiriləcək. Bu seçkidən nə gözləyirsiniz?
- Vallah, elə bir ciddi gözləntim yoxdur. Hazırkı situasiyaya nəzərən gələn il hansısa ciddi proseslərin baş verəcəyini söyləmək çətindir.
- Niyə belə bədbin əhval-ruhiyyədəsiniz?
- Bədbin deyiləm. İndi durum deyim ki, atom bombası atacağıq, dünyanı dağıdacağıq? Müxalifət birləşmir, xalq passivdir, beynəlxalq aləm Azərbaycanda demokratik dəyişikliklərə lazım olan dəstəyi vermir. Bu şərtlər olmayan şəraitdə hər hansı bir dəyişiklik gözləməyə dəyməz.
- "Qarabağ" blokunun hazırkı fəaliyyəti nə yerdədir?
- Siyasi qüvvə nə ilə məşğul olmalıdırsa, "Qarabağ" bloku da o işləri görür. Bəyanatlar veririk, baş verən hadisələrlə bağlı mövqeyimizi bildiririk. Ancaq hazırda ölkədə elə bir vəziyyət hökm sürür ki, siyasi partiyaların fəaliyyətinin ciddi əhəmiyyəti və nəticəsi yoxdur.
Z.MƏMMƏDLİ