Alyans koordinatoru Ramil Usubova müraciət edib

img

12-04-2012 [05:04]


Siyasi Azadlıqları Müdafiə Alyansının koordinatoru Samir Sabir oğlu Kazımlı Daxili İşlər Naziri Ramil Usubova müraciət edib. Mia-ya daxil olan müraciətdə deyilir: Cənab Nazir diqqətinizə çatdırmaq istəyirik ki, İctimai Palatanın (İP) 08.04.2012-ci il tarixdə Bakı şəhərində keçirilən və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırlımış mitinqi ərəfəsi və mitinqdən sonra Yevlax rayonunda Azərbaycan Xalıq Cəbhəsi Partiyasının (AXCP) bir neçə üzvü polis əməkdaşlarının təzyiq ilə üzləşiblər. Belə ki, qeyd olunan mitinqlə bağlı qərar veriləndən sonra AXCP Yevlax rayon şöbəsinin sədri, İP-nın üzvü Şəkər İsgəndərlinin evinə polis nəzarəti gücləndirildiyi, onun evə gəlib-gedən adamlar nəzarətə götürüldüyü haqda məlumatlar yayılıb. Ş.İsgəndərli Siyasi Azadlıqları Müdafiə Alyansına müraciət edərək bildirib ki, hətta polislər küçədə insanları saxlayıb, hansı qapıya girəcəyi ilə də maraqlanır, mülki geyimdə evin qarşısında oturub keşik çəkməkdən belə çəkinmirlər. Aprelin 7-də isə AXCP üzvü Gülnar Məmmədova və anası Lümunə Əbdurəhimova rayon polis şöbəsinə aparılıblar və orada üç saat saxlanıldıqdan sonra buraxılıblar. Həmin gün gecə saat 11:30-da isə polis əməkdaşları Ş.İsgəndərlinin evinə gələrək onun polis şöbəsinə getməli olduğu bildirilib. Ş.İsgəndərli həmin vaxt evdə olmadığından bacılarını polis şöbəsinə aparmağa cəhd edilib. Bundan bir gün sonra isə Ş.İsgəndərlinin bacılarının polis şöbəsinə getmədiyini görən sahə müvəkkili Qurban Qasımov bir neçə polislə onların evinə gəlib və Ş.İsgəndərlidən şikayət ərizəsinin olduğunu deyib. Baş verənlərin Yevlax Rayon Polis Şöbəsinin rəisi Natiq Məşədiyevin tapşırığı ilə edildiyini və bu şəxsin dəfələrlə polis göndərərək Ş.İsgəndərli narahat etdiyi bildirilir. Ş.İsgəndərova bu hadisələrdən sonra baş verənlərlə bağlı Yevlax Rayon Polis Şöbəsinə müraciət etmək istəsə də, onun qəbul edən olmayıb. Xatırlatmaq istəyirik ki, milli qanunvericiliyin və Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə görə, heç kəs siyasi mənsubiyyətinə və baxışlarına görə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təqib edilə bilməz. Bu məsələ ilə bağlı müvafiq araşdırma aparılması üçün tapşırıq verməyinizi və polisin bu hərəkətinin hansı məqsədlə həyata keçirildiyi haqda rəhbərlik etdiyiniz nazirliyin Siyasi Azadlıqları Müdafiə Alyansını məlumatlandırmasını xahiş edirik. Hörmətlə , S.Kazımlı

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA