12-04-2012 [12:21]
Bakı Dövlət Universitetinin dosenti, fizika-riyaziyyat elmləri namizədi Useynova Səidə Mahmud qızı prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevaya Dövlət Neft Şirkətinin vitse-prezidentindən şikayətlənir.
Ailələrinin, ümumiyyətlə,nəsillərinin (akademiklər Mikayıl Useynov, Feyzulla və Fuad Qasımzadələr və başqaları) Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin yüksəlişinə xidmət göstərdiyini xüsusi vurğulayan[/b] Səidə xanım yazır ki, ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov tərəfindən Mərdəkan qəsəbəsində yerləşən bağ sahələri qanunsuz yolla illər əvvəl zəbt olunub və bu gün də ?neft bos?unun təzyiqləri səbəbindən qanuni haqları təmin edə bilmirlər: ?Diqqətinizə çatdırıram ki, 1954-cü ildə SSRİ dövləti qarşısında xidmətlərinə görə milis polkovniki M.M.Kislova dövlət qarşısında xidmətlərinə görə Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, keçmiş Vodnikov, indiki Z.Tağıyev küçəsi 1058 ünvanında ev tikdirmək üçün əvəzsiz və müddətsiz bağışlanmış 0,50 hektar torpaq sahəsinin yarısını onun varislərindən 1983-cü ildə qanuni yolla almışıq. Və bu alqı-satqı prosesi müvafiq dövlət sənədləri ilə təsdiqlənib. 2010-cu ildə isə 27 il əvvəl aldığımız mülkün sənədlərini qanunauyğun yeniləşdirmişəm. Belə ki, 21.08.2010-cu il tarixində Daşınmaz Əmlakın Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsindən Texniki Pasport (20.08.2010-cu il tarixli, 11/2245 nömrəli) və Çixarış (11.08.2011-ci il tarixli, MA 0111906 seriyalı) sənədini almışam. Yalnız bu zaman mənə məlum oldu ki, ümumi evin digər ½ paylı mülkiyyətçisi artıq rəsmi şəkildə mərhum polis M.M.Kislovun digər övladı V.Kislov deyil, ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirovun həyat yoldaşı Nərgiz Nəsurovadır. Həmin idarədən çıxaraq, bağa gəldikdə isə təkcə V.Kislovun (N.Nəsirovanın) ərazisində deyil, artıq mənə məxsus ərazidə qanunsuz tikinti- sökünt işlərinin aparldığına şahid oldum?.
Tərəfin razılığı olmadan alqı-satqı necə rəsmiləşib?
Elmlər namizədi xüsusi vurğulayır ki, ümumi evin digər hissəsinin Elşad Nəsirov tərəfindən alqı-satqı prosesi tam qanunsuz aparılıb: ?Qanuna görə, digər payın məndən gizli, mənim üstün və ilkin alıcılıq hüququm kobud şəkildə pozulmaqla, üstəlik notarial qaydada təsdiq olunmuş razılığım olmadan aparılması mümkün deyil. Lakin Elşad müəllim mövcüd imkanlarından yararlanaraq, qanunları ayaq altına atıb. Belə ki, mənə məxsus torpaq sahəsinin böyük bir hissəsini zəbt etməklə yanaşı, Kislovun varislərindən birinə məxsus ümumi evin və ərazinin böyük hissəsini 2002-ci ildə həyat yoldaşı Nəsirova Nərgiz Xudaverdi qızının adına sənədləşdirib. Deyim ki, bu alqı-satqı prosesini Bakının 41 saylı Dövlət Notariat Kontorunda həyata keçiriblər. Həm notariusun, həm də Elşad Nəsirovun bu qanunsuzluqları necə həyata keçirməsinə isə, təəssüf ki, rəsmi səviyyədə bu günə qədər aydınlıq gətirilməyib. Mən də dərhal bu qanunsuzluqları əsas götürüb, tərəfimdən bu alqı-satqı əməliyyatları zamanı N.Nəsirovanın satıcı Vladislav Artyomoviç Kislova ödədiyi tam məbləği, o cümlədən dövlət rüsumlarını qarşı tərəfə ödənilməsi şərti ilə alqı-satqı aktlarının ləğv edilməsini, həmçinin sadalanan fakt əsasında N.Nəsirovaya verilmiş və onun mülkiyyətçilik hüquqlarını təsdiq edən sənədlərin (07.11.2002-ci il tarixli, FM 017077 seriyalı Qeydiyyat Vəsiqəsi və 10.02.2003-cü il tarixli JN 5515H seriyalı Torpaq Şəhadətnaməsinin (0,25 ha torpaq sahəsi)) ləğv edilərək, mənim ilkin və üstün alıcılıq hüquqlarımın bərpa edilməsi üçün Xəzər Rayon Məhkəməsinə (XRM) müraciət etdim. Hakim Rəşad Həsənovanın icraatında olan məhkəmə araşdırmaları zamanı isə ortaya çox ilginc faktlar çıxıb?.
Elşad Nəsirov ruhi xəstədən ərazini necə alıb?
Səidə xanım bildirir ki, məhkəmə araşdırmaları zamanı aşağıdakı faktlar məlum olub: ?Ən əvvəl aydın oldu ki, satıcı V.A.Kislov hələ 2000-ci ildən ?şizoid psixopatiya psixotik epizodlarla dekompensasiya? diaqnozu ilə 1 nömrəli ruhi xəstəxanada daimi uçotda olmuşdur və bu səbəbdən 2006-cı ildə intihar edərkən, Nəsimi Rayon Prokurorluğunda V.KISLOVUN tibbi diaqnozuna əsaslanaraq, bu hadisə özünə cavabdeh olamyan anlaqsız ruhi xəstənin hərəkəti kimi qiymətləndirilərək, cinayət işi açılmayıb. Bundan əlavə, N.Nəsirovanın adına 07.11.2002-ci il tarixli Reyestr Çıxarışı verilərkən, bu sənəddə mənim adım ümumi evin bərabər pay mülkiyyətçısi kimi göstərilib. Ancaq bir-biri ilə yanaşı yerləşən 7 bağ sahəsini alan və uzun illər Kislovlar ailəsi ilə bağ-hasar qonşusu olan Elşad Nəsirov buna heç bir əhəmiyyət verməyib. Versəydi və yaxud qanunlara hörmət qoysaydı, ən azı vicdanlı alıcı kii davranardı?.
Elşad Nəsirov mərhum akademiklərin ailəsinə necə qabaqdangəlmişlik edir?
Səidə xanım uzun-uzadı Elşad Nəsirovun və məhkəmələrin qanunsuzluqlarından bəhs etməklə yanaşı, həm də ARDNŞ-in vitse-prezidentinin hazırda ona qabaqdangəlmişlik etdiyini də bildirir: ?Elşad Nəsirov nəinki şikayətlərimdən və işin məhkəmədə olmasına əhəmiyyət verir, üstəlik, mənə məxus ərazidə qanunsuz tikinti və söküntü işlərini dayandırmayıb. Bu qədər qanunsuzluqlar yetmirmiş kimi, mənə məxsus bağa giriş - dəmir darvazası və həmin darvazadan evimə gediş yolu da zəbt olunub. Artıq mənə məxsus sahə hündürlüyü 3-3,20 m, uzunluğu isə 40 m-dən artıq olan qapalı daş hasarla bir-birindən təcrid olunmuş vəziyyətə düşüb. Bu barədə məhkəmələrdə dəfələrlə rəsmi vəsatətlərim qaldırılıb, amma əhəmiyyəti olmayıb. Artıq iki ilə yaxındır ki, Nəsirovla hüquqi zəmində haqlı mübarizəmizi aparırıq. Lakin onların mülkiyyətimizə qəsd etməsinin qarşısını almaq mümkün olmayıb. İstər məhkəmələr, istərsə də dövlət qurumları açıq şəkildə ?Elşad Nəsirovun milyonları var. Ona nə edə bilərsiniz ki? Çalışın, pulunuzu alın, geri çəkilin? deyirlər. Lakin mən övladlarım üçün atalarından miras qalmış bağ sahəsni nə satmaq, nə də Elşad Nəsirova peşkəş etmək nyyətində deyiləm. Yəqin bu mesajımı ona çatdırıblar. O isə günahını anlayıb, akademiklər ailəsinə qarşı qəsdindən geri çəkilmək əvəzinə, əksinə, ?ağa nəzərəm, belə gəzərəm? prinsipini gücləndirib. Elşad Nəsirovun nümayəndəsi əsas iddianın verilməsindən 12 ay ötməsinə rəğmən, hakim R.Həsənova qarşılıqlı iddia ərizəsi təqdim edib. Bu ərizədə iddia olunur ki, N.Nəsirovanın şərikli mülkiyyət hissəsində söküntü-tikinti və digər işlərin aparılması şikayətimlə qadağan edildiyi üçün tərəfimdən ona 101.471 manat maddi ziyan və 50000 mənəvi zərər dəyib. Guya bunlar məndən tutulub, onlara ödənilməlidir?.
?Elşad Nəsirov nə qədər maaş alır ki, 101 minlik iş aparır??
Səidə xanımın sözlərinə görə, aşkar olunan faktlar onu göstərir ki, bu ərazidə ilboyu həm tikinti, həm də təsərrüfat işləri aparılıb, yəni iddia edildiyi kimi, tikinti dayandırılmayıb: ?Mən ali məktəb müəllimi və alim olsam da, belə gəlirlər mənim bir neçə illik məvacibimdən yüksəkdir. Dövlət məmuru E.Nəsirov hansı gəlirlərin hesabına Mərdəkan qəsəbəsində bir-biri ilə yanaşı 7 bağ alır, villalar tikdirir, bizdən qopartdığı 8-ci bağda isə bir il ərzində 101471 manatlıq tikinti materialları işlədərək, onların guya korlanması nəticəsində bu qədər ziyana düşüb? Sizə ərazidəki real şəraiti təsdiqləyən foto-şəkilləri də göstərə bilərəm. Təqdim etdiyim fotoşəkillərdən aydın görsənir ki, tikintinin yalnız binövrəsi və dirəkləri qoyulub, və qoyulmuş qadağaya baxmayaraq davam edən tikintiyə mən bu məbləğdə zərər vurmuşamsa, bu ilkin tikintinin dəyəri belə yüksəkdir? Sual yaranır, bütün bunlar hansı gəlirlərin hesabınadır? Bu gəlirlərdən E.Nəsirovun və N.Nəsirovanın dövlətə verdiyi vergilər nə məbləğdədir və verilirmi? Eyni zamanda, hakim R.Həsənovun nə marağı var ki, dövlətli, zəngın və sübüt olunmuş faktlar əsasında haqsız olan E.Nəsirovun maraqlarını belə ciddi-cəhdlə qoruyur, hüquqları pozulmuş adi ziyalı S.Useynovanın isə hüquqlarını belə asandlıqla heç kəsdən və heç nədən çəkinməyərək tapdalayırlar. Hakim R.Həsənovun məqsədi nəyin hesabina olursa-olsun, bizi E.Nəsirovla barışığa getməyə, ata-baba bağımızı E.Nəsirova satmağa məcbur etmək, ulu babalarım və uşaqlaırmın babası akademik Feyzulla Qasımzadənin, əmiləri Fuad Qasımzadənin uyuduqları Mərdəkan qəsəbəsindən bizi sürgün etməkdir. Ancaq bunu görməyəcəklər?
Sonda isə elmlər namizədi prezident İlham Əliyevdən və millət vəkili Mehriban Əliyevadan üzləşdiyi problemi nəzarətlərinə götürməyi xahiş edib: ?Cənab prezident, hörmətli Mehriban xanım, mənə hər yerdə Elşad Nəsirovun əlinin uzun olduğunu deyirlər. Amma mən inanıram ki, siz üzləşdiyim problemi nəzarətinizə götürsəniz, onun qanunları pozmağa yönəlik əli qısalacaq və haqq öz yerini tutacaq. Əminəm ki, siz akademiklər ailəsini düşdüyü bu sıxıntılı, əzablı günlərdən qurtaracaq və hallal mülkimizə sahiblənməmizə kömək edəcəksiniz?.