02-04-2012 [02:28]
6-7 aprel tarixləri arasında Heydər Əliyev adına İdman və Konsert Kompleksində 6-cı ?İNEPO-Avrasiya? Olimpiadası keçiriləcək. Ətraf mühit və ekologiya ilə bağlı layihə müəlliflərinin yarışdıqları olimpiadada 44 ölkənin nümayəndəsinin iştirak edəcəyi gözlənilir. Bütün bunlarla bağlı olimpiadanın Təşkilat Komitəsinin sədri, ?Çağ? Öyrətim Şirkəti Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz ilə söhbətləşdik.
[b]- Arif bəy, 6-cı ?İNEPO-Avrasiya? Olimpiadası ilə bağlı məlumat verməyinizi xahiş edirik.[/b]
- 2007-ci ildən keçirməyə başladığımız ?İNEPO-Avrasiya? Olimpiadasının bu il 6-cısını təşkil etməyə hazırlaşırıq. İlk dəfə bu olimpiadada dünyanın 17 ölkəsi iştirak etmişdi. Builki olimpiadada isə iştirakçı ölkələrin sayı 44-ə çatıb. Həm ölkə daxilində, həm də xaricdə ?İNEPO-Avrasiya?nın şöhrətinin getdikcə artması bunda əsas amil rolunu oynayıb. Məsələn, ilk vaxtlar yerli məktəblərdən olimpiadamıza 10-15 layihə təqdim olunurdusa, indi təqdim olunan layihələrin sayı 300-ü keçib. Bunların arasından da seçim etməklə bu layihələrdən 70-i final mərhələsinə buraxılıb.
Bir də maraqlıdır ki, əvvəllər ?İNEPO-Avrasiya?da iştirak edən xaricilər əsasən bizə yaxın regionlarda yerləşən ölkələrin təmsilçiləri olurdular. İndi Amerika qitəsindən tutmuş, ən ucqar Afrika ölkələrinə, həmçinin Uzaq Şərq ölkələrinə qədər geniş coğrafiya İNEPO-da təmsil olunur. Bizim üçün çox önəmlidir ki, bir amerikalı və bir afrikalı məhz Azərbaycanda yarışırlar.
Məlumdur ki, biz hər il olimpiada çərçivəsində iştirakçı ölkələrin stendlərini də qururuq. Bu stendlərdə ölkələr öz mədəniyyətlərini nümayiş etdirirlər. Builki olimpiadanın bir fərqi də ondan ibarətdir ki, builki stendlərin 10-unu ?Çağ? Öyrətim Şirkətinə daxil olan məktəblər deyil, Azərbaycanın digər orta məktəbləri təşkil edəcəklər. Bu o deməkdir ki, azərbaycanlı məktəblilər İNEPO-da yalnız öz layihələri ilə iştirak etmirlər, eyni zamanda təşkilati işlərə yaxından dəstək göstərməyə başlayırlar.
[b]- ?İNEPO-Avrasiya?nın beynəlxalq olimpiadalar sistemində yeri nədən ibarətdir?[/b]
- Məlumdur ki, istəyən hər kəs beynəlxalq olimpiada keçirə bilməz. Fransada 1970-ci ildən fəaliyyət göstərən MİLSET adlı bir mərkəz var. Əvvəla, bura müraciət etmək lazımdır. MİLSET bu müraciət əsasında sizin indiyə qədərki nailiyyətlərinizi və planlarınızı nəzərdən keçirir. Lazımi proseduranı keçdikdən sonra bizim müraciətimiz qəbul olundu və hazırda bizim beynəlxalq olimpiadanın təşkili ilə bağlı beynəlxalq icazəmiz var. Yəni bizim verdiyimiz sertifikat dünyanın hər yerində qəbul olunur.
Bir də, 2009-cu ildə qeyri-hökumət təşkilatı (QHT) kimi ?İNEPO-Avrasiya? İctimai Birliyini təsis etdik. İndi bütün işləri bu QHT vasitəsilə görürük. Əlbəttə, bu işin təşkilində başqa tərəfdaşlarımız da var. Təhsil və Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Neft Şirkəti (ARDNŞ), İctimai televiziya və ?Çağ? Öyrətim Şirkəti bu ictimai birliyin Təşkilat Komitəsinə daxildir.
[b]- Adını çəkdiyiniz qurumların bu olimpiadanın təşkilindəki öhdəlikləri nədən ibarətdir?[/b]
- ARDNŞ olimpiadanın xərclərinin çox böyük hissəsini öz üzərinə götürüb. Yəni olimpiadanın sponsorudur. Burada fürsətdən istifadə edib, ARDNŞ-in prezidenti Rövnəq müəllimə təşəkkür edirəm. Təhsil Nazirliyi Azərbaycan məktəblərinin bu olimpiadada iştirakını təmin edir. Eyni zamanda gələn qonaqlarımızın nazirliyin nəzdində olan məktəb və digər qurumları gəzmələrini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi əsasən olimpiada çərçivəsində ağacəkmə kampaniyasının keçirilməsini və ətraf mühitlə bağlı digər tədbirlərin təşkilini təmin edir. İctimai Televiziya isə adından da bəlli olduğu kimi, olimpiadaya informasiya dəstəyi verir və tədbirlərimizi operativ şəkildə işıqlandıraraq, ictimaiyyətin məlumatlandırılmasını təmin edir. Bütün təşkilati işlər isə ?Çağ? Öyrətim Şirkətinin öhdəsinə düşür. Yəni bu işdə hər kəs öz işini bilir və ən yüksək səviyyədə öhdəsindən gəlir.
Onu da vurğulayım ki, Dövlət Miqrasiya Xidməti və Xarici İşlər Nazirliyi də bu işin yüksək səviyyədə təşkili üçün bizə yaxından köməklik göstərirlər. İştirakçıların ölkəmizə gələrkən viza almaları və on gün ərzində burada qalmaları məsələləri bu iki qurum tərəfindən yüksək operativliklə həll olunur. Bildiyimiz kimi, Azərbaycanın viza rejimi olduqca sərtdir. Ancaq İNEPO-nun iştirakçılarının ölkəmizə gəlmələri və burada qalmaları üçün lazımi köməklik göstərilir.
Təşəkkür etməli olduğumuz digər qurum isə Azərbaycan Dövlət Hava Yolları Şirkətidir. Bu qurum iştirakçıların xoş bir təəssüratla ölkəmizə daxil olmalarını və eyni təəssüratla da yola salınmalarını təmin edir.
[b]- Azərbaycanda belə bir olimpiadanın keçirilməsinə necə oldu ki, qərar verdiniz?[/b]
- Məlumdur ki, Azərbaycan-Türkiyə Özəl Liseyləri uzun illər bilik sərgiləri təşkil edirdi. Biz bu sərgiləri, əvvəlcə, öz məktəblərimizin nəzdində keçirirdik. Məqsədimiz şagirdlərimizin bilik və bacarıqlarını şəhər və rayon ictimaiyyətinə, həmçinin onların öz valideynlərinə nümayiş etdirmək idi. Bir neçə il sonra bu sərgiləri respublika səviyyəsində keçirməyə qərar verdik. Daha sonra isə KABİTEF adı altında Türkiyənin təhsil sahəsində tanınmış holdinqlərdən olan ?Kaynak? ilə birlikdə beynəlxalqsəviyyəli sərgi keçirdik. Bu sərgi bizə stimul verdi. Qərara aldıq ki, beynəlxalq miqyaslı olimpiadaların keçirilməsini mütəmadiləşdirək.
Digər tərəfdən, ?Çağ? Öyrətim Şirkəti olaraq, 1994-cü ildən bəri beynəlxalq olimpiadalarda iştirak edir. İndiyə qədər 500-dək medal qazanmışıq ki, bunların 92-si qızıldır. Artıq bu sahədə böyük təcrübə əldə etmişik. Niyə bu təcrübədən Azərbaycanın nüfuzu naminə istifadə etməyək ki? Və beləcə, ?İNEPO-Avrasiya? fikri doğuldu.
[b]- ?İNEPO-Avrasiya? yalnız yarış deyil. Xarici qonaqlarımız həm də Azərbaycanla tanış olmaq imkanı əldə edirlər. Bir az da proqramınız barədə məlumat verərdiniz.[/b]
- Hər ölkənin Azərbaycana gəlməsi ayrı proseduradan asılıdır. Elə ölkə var ki, bura gəlmək üçün üç dəfə təyyarə dəyişir. Məsələn, myanmalı iştirakçılar Azərbaycana gəlmək üçün, əvvəlcə, Tailanda gedir, oradan Türkiyəyə yollanır və Türkiyədən də Bakıya gəlir. Ona görə də bizim rəsmi olimpiada proqramımıza aprelin 4-də start verilsə də, biz qonaqlarımızı aprelin 1-də qəbul etməyə başlayırıq. Ayın 10-da isə sonuncu qonağımızı Azərbaycandan yola salırıq. Proqramımız Fəxri xiyabandan başlayır. Bu on gün ərzində qonaqlarımızı Azərbaycanın gəzməli-görməli yerləri, muzeyləri, mədəni-tarixi abidələri ilə tanış edirik. Həmçinin rəsmi qurumlarda və Heydər Əliyev Fondunda görüşlər təşkil edirik. Aprelin 5-də isə ağacəkmə aksiyası olur. Bu, olimpiadanın profilinə uyğundur. Həmin gün axşamdan etibarən iştirakçılar olimpiada stendlərində öz yerlərini tutmağa başlayırlar. Ayın 6-dan isə nümayiş başlanır və ayın 7-də axşam mükafatlandırma mərasimi ilə olimpiada yekunlaşır. Ümumiyyətlə, çalışırıq ki, Azərbaycandan gedən iştirakçılar xoş təəssüratla qayıtsınlar və öz ölkələrində Azərbaycan sevgisi ilə həyatlarını davam etdirsinlər.
[b]- Təəssüratları, adətən, nədən ibarət olur?[/b]
- İştirakçılarımızın əksəriyyəti ilk dəfə Azərbaycana gələnlər olur. Hətta bəziləri, ümumiyyətlə, Azərbaycan haqqında məlumatsız olurlar. Gələndən sonra isə xoş bir sürprizlə qarşılaşdıqlarını söyləyirlər. Azərbaycandakı inkişaf və insanların qonaqpərvərliyi onları valeh edir. Biz sonradan onların təəssüratlarını müxtəlif media orqanları vasitəsilə yerli və xarici platformalarda yayırıq.
[b]- İNEPO Azərbaycana və Azərbaycan təhsilinə, sizcə, nə qazandırır?[/b]
- Əvvəla, heç bir təhsil sistemi içinə qapanaraq inkişaf edə bilməz. Təhsillə bağlı dünyada baş verən proseslərlə yalnız müəllimlər deyil, şagirdlər də tanış olmalıdırlar. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamları da göstərir ki, Azərbaycan təhsil sahəsində dünyaya inteqrasiya yolunu tutub. Bunun üçün dövlət xətti ilə xaricə təhsil dalınca göndərilənlərin sayı hər il artır. Bu tipli olimpiadalar da dövlətin bu siyasətinə stimul verir.
Digər tərəfdən, azərbaycanlı məktəblilər xarici həmyaşıdları ilə tanış olurlar, dostlaşırlar, onların təcrübələri və bilik səviyyələri ilə maraqlanırlar. Nəticədə Azərbaycan məktəblisində belə bir inam formalaşır ki, xaricdə təhsil almaq əlçatmaz deyil.
Eyni zamanda məktəblilər arasında biliklə bağlı rəqabət mühiti əmələ gəlir. Xüsusilə də, yerli məktəblərdə bilik səfərbərliyi olur. Çünki son illərdə minə yaxın müəllim və bir o qədər şagird layihə hazırlığı işinə cəlb olunur.
Bir də, onu vurğulamaq lazımdır ki, İNEPO məktəblilərin ekoloji tərbiyəsinin formalaşmasını təmin edir.
[b]- İNEPO-ya təqdim edilən layihələrin sonradan real həyatda tətbiq olunması ilə bağlı işlər görürsünüzmü?[/b]
- Biz ötən il Norveçin bir təşkilatı ilə müqavilə imzaladıq. Bu müqaviləyə əsasən, biz hər il olimpiadaya təqdim olunan layihələrdən hər nominasiya üzrə üçünü bu təşkilata təqdim edəcəyik. Onlar da bu layihələri müxtəlif platformalarda nümayiş etdirəcəklər. Bu layihələrdən münasib olanları isə həyata keçiriləcək.
[b]- Arif bəy, hər dəfə dəvətnamələriniz orijinal olur.[/b]
- Doğrudur. Məsələn, biz bir kağıza dəvət mətni yazaraq, insanlara göndərə bilərik. Ancaq biz başqa yol seçmişik. Dəvət etmək istədiyimiz hər kəsə bir fidan və müxtəlif çiçək toxumları göndəririk. Bunda məqsədimiz insanlarda ekoloji şüuru möhkəmləndirməkdir. Bu il 3 min fidan və saxsı qablarda 35 min gül toxumu paylamışıq.