Rektorun öldürtmək istədiyi professor ölkə bazçısına müraciət etdi

img

30-03-2012 [12:53]


Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, deputat Şəmsəddin Hacıyevin keçmiş müşaviri, iqtisad elmləri doktoru, professor Bədirxan Musayev prezident İlham Əliyevə və ədliyyə naziri Fikrət Məmmədova müraciət ünvanlayıb. Müstəqil İnformasiya Agentliyinə də göndərilən müraciətdə professor yazır ki, İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev onu tabeliyindəki bir neçə rüşvətxor müəllimlərin ?əli? ilə öldürtdürməyə çalışır, bunu rəsmi çıxış və sənədlərdə də gizlətmirlər: ?Açıq şəkildə saxta yığıncaqlar və iclaslar keçirib, orada bəzi müəllimləri məni öldürməyə təhrik edirlər! Bunu təsdiqləyən, universitetin 01 noyabr 2011-ci il tarixli protokol sənədini də müraciətimə əlavə edirəm. Həmin sənəddə yer alan ifadələri oxuduqca, Azərbaycanın iqtisadiyyat üzrə kadrlarının yetişdirildiyi universitetdəki acınacaqlı duruma şəxsən şahid ola bilərsiniz. Məsələn, 01 noyabr 2011-ci il tarixli protokolda rektorun ətrafı elmi rəhbəri olduğum Əlixan Əliyevə yönəlik ?sən kişi deyilsən, kişi olsaydın, ya öz başına, ya da onun başına güllə çaxmalyıdın?, - ifadəsini işlədiblər. Belə və bundan da ağır ifadələr rəsmi sənədlərdə əks olunub. Təəssüf edirəm ki, bir elm məkanında elmə yaraşmayan küçə qaydaları özünü qabarıq göstərir?. Professor yazır: ?Düzdür, bu barədə Sizə müraciətimdən sonra Daxili İşlər Nazirliyində də məni yüksək səviyyədə qəbul edib, təhlükəsizliyimə zəmanət veriblər. Amma bu qəbuldan sonra Şəmsəddin Hacıyev, həm mənim, həm də mənə qarşı məhkəmə qaydasında verilmiş şikayətlərlə bağlı Bakının Səbail və Nəsimi Rayon məhkəmələrindəki proseslərin gedişinə Milli Məclisdəki səlahiyyətindən sui-istifadə edərək hakimlərə təzyiqlərini də gücləndirməyə başlayıb?. Ş.Hacıyevin məhkəmə hakimlərini qanunsuz yollarla ədalətdən yayındırdığını yazan professor ölkə başçısından xahiş edir ki, qanunların icrasına nəzarət gücləndirilsin və rektor-deputatın hakimlərə təsir etməsinin qarşısını alsın: ?Mənim yeganə istəyim məhkəmələrdə haqqın, qanunun qorunmasının təmin edilməsidir. O zaman rektorun bütün qanunsuz əməllərinin üstünün açılacağına tam təminat verirəm?. Professor daha sonra yazır ki, 2011-ci ilin noyabr ayının 4-ə qədər rektorun müşaviri, eyni zamanda, həmin ilin noyabr ayının 11-ə qədər universitetdə İqtisadi kibernetika kafedrasının müdiri vəzifələrində işləməklə, orada baş verən cinayət tərkibli bütün qanunsuzluqlardan dəqiqliyi ilə xəbər tuta bilib: ?Universitetdəki ciddi qanunsuz faktlara qarşı barışmaz mübarizə apardığım üçün Ş.Hacıyev ən çirkin üsullardan istifadə etməklə, məni susdurmağa çalışdı və bu gün də başda özü olmaqla, onun rüşvət mexanizmində böyük rol oynayan yaxın ətrafı tərəfindən yenə də susdurulmağım üçün bütün variantlara əl atılıb. Müxtəlif çirkin planlar qurub, kişiliyə, insanlığa, bir elm adamına və millət vəkilinə yaraşmayan şəkildə məni işdən uzaqlaşdırmaq, hətta bir qədər də irəli gedərək, mənimlə bağlı tamamilə yalan və əsassız fikirlər işlətməklə, ictimai rəyi və hakim dairələri də aldatmağa cəhd edən Şəmsəddin Hacıyev möhtərəm cənab prezidentimizə və Baş Prokurorluğa yazdığım ərizə və müraciətlərimin qarşısını ala biləcəyini düşünür. Amma o, yanılır. Müxtəlif saxta ittihamlarla məni məhkəmələrə verib, üstəlik, hakimləri rüşvətlə ələ almaqla, bir professoru susdura biləcəklərini hədəfləmələrinə şübhə etmirəm. Amma əminəm ki, haqq nazilsə də, məğlub ola bilməz. Məni Səbail Rayon Məhkəməsinin hakimləri Nurəddin Bağırov, Elnur Həsənov, Famil Nəsibov kimi qanunlara dırnaqarası baxıb, bir rektorun qarşısında aciz qalan hakimlərin vasitəsi ilə də susdura bilməyəcəklərini bəyan edirəm?. Professor B.Musayev müraciətində daha sonra yazır: ?Hörmətli cənab Prezident! Mən, universitetdə ağır ab-havanın hökm sürməməsi üçün dəfələrlə rektora müraciət edib, tədbir görülməsini istəmişəm. Amma o, bunun əvəzində məni təqib etdirdi. Nəhayət, ötən ilin noyabr ayında məni universitetdən uzaqlaşdırdı. Bununla kifayətlənməyib, ölkə rəhbərliyinə etdiyim müraciətlərimi iştirakımla araşdırmaq və ya mənimlə açıq söhbət aparmaq əvəzinə, mənə qarşı 1937-ci illərdə Azərbaycanın görkəmli ziyalılarına qarşı baş verən acı xatirələri təkrarlamağa çalışır. Görün, iş hansı səviyyəyə çatıb ki, 25 oktyabr 2011-ci il tarixində uzun illər rəhbərlik etdiyim kafedraya rəhbər seçkiləri zamanı 12 kafedra üzvündən 8-i elmi fəaliyyətimi, xidmətlərimi yüksəklərə qaldırıb, mənə səs versə də, rektorun basqıları səbəbindən bu tarixdən 6 gün sonra həmin şəxslərin iştirakı ilə yeni iclas çağırıb, orada məni təhqir etdirib. Rektor qanunu pozub, seçkini komissiyanın müzakirəsinə çıxartdırıb və beləliklə, qanunsuz yolla nəticələri ləğv etdirib. Halbuki, digər kafedralar üzrə belə bir addım da atılmayıb. Cənab Prezident! Xahiş edirəm, soruşun, görək, kafedra əməkdaşlarının 6 gün ərzində 180 dərəcə fikrini dəyişmələri necə baş verib? Bu kimin və hansı təxəyyülün məhsuludur? Bu faktların məntiqi təhlili onu göstərir ki, indi bəzilərinin meydana atılması, yığıncaqlarda əleyhimə odlu-alovlu saxta ifadələr səsləndirməsinin birbaşa sifarişçisi rektor Ş.Hacıyevdir. Görünür, bəzilərinin çörəkləri indiki halda belə çirkinliklərə baş əyməklə çıxır. Bunlar bir rektor üçün şərəf gətirəcək hallar deyil. Sizdən çox xahiş edirəm ki, rektor Şəmsəddin Hacıyevin mənə qarşı haqsız hərəkət və əməllərini, universitetdə yaratdığı acınacaqlı durumu və işdən qanunsuz azad edilməyim, tabeliyindəki adamlar vasitəsi ilə məni ölümlə təhdid etməsi və digər cinayət tərkibli faktları, həmçinin, bu gün mənə qarşı məhkəmələr vasitəsi ilə sözün əsl mənasında gerçəkləşdirilən repressiv üsulları ciddi nəzarətə götürəsiniz. Əminəm və ümid edirəm ki, Bakının Səbail və Nəsimi Rayon məhkəmələrində mövcud olan məhkəmə işlərini şəxsi nəzarətinizə götürəcəksiniz. Cənab Prezident! Şəmsəddin Hacıyevin əsas məqsədi mənim ? Dövlət Mükafatı Laureatı, professorun ölkədən çıxarılmağıma yönəlib. O, çox arzulayır ki, mən beynəlxalq təşkilatlara və xarici ölkə səfirliklərinə müraciət edib, onlardan sığınacaq istəyəm. Amma o, düşünmür ki, bir tanınmış elm adamını buna məcbur etmək və ya məhkəmə işini Avropa İnsan Haqları Məhkəməsinə çıxarmaq ölkəmiz üçün başucalığı gətirməz. Təəssüf ki, deputat olmasına rəğmən, o, bunları anlamaq və təhlil etmək qabiliyyətindən uzaqlaşıb. Amma mən, Sizin rəhbərliyiniz altında ölkəmizdə qanunlar çərçivəsində həll olunacaq məhkəmə işlərinin xaricə daşınmasının tərəfdarı deyiləm. Əminəm ki, tapşırıqlarınızdan sonra Şəmsəddin Hacıyev mənimlə mübarizəni qanunlar çərçivəsində aparacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA