isa Qəmbər Abutalıbova məktub yazıb

img

07-03-2012 [09:37]


Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyanın VIII qurultayını keçirmək üçün yer ayrılması ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova rəsmi müraciət edib. Müraciətdə bildirilir: ?Hörmətli cənab Abutalıbov! Müsavat Partiyasının növbəti qurultayının keçirilməsi üçün müvafiq yer ayrılması xahişi ilə Sizə ünvanladığımız 28.02.212-ci il tarixli müraciətdə göstərilib ki, Müsavat Partiyasının qurultayında 700 nəfərədək qurultay nümayəndəsinin və yüzlərlə qonağın, mətbuat nümayəndəsinin iştirakı gözlənilir. Ona görə qurultaya normal iş şəraiti yaradılması məqsədi ilə ən azından 800-1000 nəfəri tutan yer istəmişdik. Məktubda bir daha nəzərinizə çatdırılıb ki, dünya və xüsusən qardaş Türkiyə dövlətində partiya qurultayları bir qayda olaraq idman saraylarında keçirilir. Bu səbəbdən də Müsavat Partiyasının qurultayının keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı şəhər İdman Kombinatının (Əl Oyunları İdman Sarayının) ayrılması bizim tərəfimizdən məqsədəuyğun hesab edilir. Bakı şəhər İdman Kombinatının yarışların keçirilməsi qrafikinə uyğun olaraq qurultayın keçirilməsi üçün münasib gün müəyyənləşdirmək olar. Bakı şəhər İcra Hakimiyyəti Aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Z.Ramazanov tərəfindən imzalanan 02.03.2012-ci il tarixli 7-935/17 saylı cavab məktubunda əvvəlki cavabdan fərqli olaraq ?zalların Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olmadığı? fikrinə rast gəlinmir və bizə qurultay keçirmək üçün 4 yer təklif olunur. Bakı şəhər İcra Hakimiyyətinin bu cavabı məsələnin müsbət həlli istiqamətində razılaşmanın ola biləcəyinə inam yaradır və bizim tərəfdən irəliyə doğru atılan addım hesab edilir. Təklif olunan yerlərə baxış zamanı məlum oldu ki, M.Məmmədyarov adına Mədəniyyət evi (ünvan ? Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi 31) istisna olmaqla digər yerlərdə kütləvi tədbirlər keçirmək mümkündür. Lakin yuxarıda qeyd etdiyimiz kimi, bizim qurultayda 800-1000 nəfərin iştirak edəcəyini nəzərə alsaq, yerlər az olduğu üçün bu zallarda Müsavat Partiyasının VIII qurultayının keçirilməsi mümkün deyil. Cavab məktubunuzda yenə də ?Bakı Şəhər İdman Kombinatında (Əl Oyunları Sarayı) bu ilin sonunadək respublikada bir sıra daxili və beynəlxalq yarışların keçirilməsi planlaşdırıldığı, eyni zamanda, həmin yerin bu il Bakı şəhərində təşkil olunacaq ?EUROVİSİON? Beynəlxalq Mahnı Müsabiqəsinin koordinasiya şurası tərəfindən hazırlıq işlərinin aparılması üçün nəzərdə tutulduğu? bildirilir. Araşdırmalarımız göstərir ki, son günlərdə bu Kombinatda heç bir idman yarışı keçirilməyib. ?EUROVİSİON? Beynəlxalq Mahnı Müsabiqəsinin koordinasiya şurasının gündəlik fəaliyyəti üçün 2-3 otaq kifayətdir. Burada keçirilən yarışların koordinasiya şurasının gündəlik fəaliyyətinə heç bir maneçiliyi olmadığı kimi, partiya qurultayının keçirilməsi də əlavə problem yarada bilməz. Bu səbəbdən bir daha diqqətinizə çatdırmağı vacib hesab edirik ki, Bakı şəhər İdman Kombinatında yarışların keçirilməsi qrafikinə uyğun olaraq ?EUROVİSİON? Beynəlxalq Mahnı Müsabiqəsinədək qarşılıqlı razılaşma əsasında qurultayın baş tutması üçün münasib gün müəyyənləşdirmək olar. Vəziyyətə uyğun olaraq biz qurultayı bir gün ərzində başa vurmaq vairantını da nəzərə ala bilərik. Bundan əlavə, biz Opera və Balet Teatrının rəhbərliyi ilə də danışıqlar aparmışıq. Bizə bildiriblər ki, Bakı şəhəri İcra Hakimiyyətinin razılıq verəcəyi təqdirdə qurultayın bu teatrın binasında keçirilməsinə etiraz etmirlər. Qeyd etdiyimiz və başqa münasib yerlərin müəyyənləşdirilməsi istiqamətində birgə müzakirələrin aparılması məsələnin müsbət həllinə kömək edə bilər. Qurultayın keçirilməsi üçün 800-1000 nəfərin yerləşə biləcəyi müvafiq zal təklif etmək fikriniz olarsa, bu məsələ qarşılıqlı müzakirə yolu ilə həllini tapa bilər. Qeyd olunanları nəzərə alaraq, Müsavat Partiyasının növbəti VIII Qurultayının keçirilməsi üçün bizə Bakı şəhərindəki uyğun yerlərdən birinin ayrılmasına yardımçı olmanızı təkrarən xahiş edirəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA